İki dost, qoşa küçə

 

   Mirzə Fətəli Axundzadə - 200

  

   Prezident İlham Əliyevin sərəncamı ilə mütəfəkkir yazıçı, milli dramaturgiyamızın banisi Mirzə Fətəli Axundzadənin 200 illik yubileyi dövlət səviyyəsində qeyd edilir.

  

   Fərəhli haldır ki, Mədəniyyət və Turizm Nazirliyi Mirzə Fətəli Axundzadənin yubileyinin TÜRKSOY təşkilatı çərçivəsində qeyd edilməsi təklifi ilə çıxış etmiş və təklif qurum tərəfindən müsbət dəyərləndirilmiş, 2012-ci il TÜRKSOY miqyasında “Mirzə Fətəli Axundzadə ilielan edilmişdir.

   Uzun illərdir ki, böyük ədibin həyat və fəaliyyəti öyrənilir, tədqiq və təbliğ edilir, bu sahədə yeni-yeni maraqlı faktlar üzə çıxır.

   Mirzə Fətəli Axundzadənin (1812-1878) müasiri, tanınmış yazıçı, maarifçi İsmayıl bəy Qutqaşınlı (1806-1869) ilə dostluq münasibətləri də ədəbiyyat və mədəniyyət tariximizin maraqlı səhifələrindəndir. XIX əsrdə Azərbaycan xalqının inkişafında xidmətləri olmuş bu iki şəxsin dostluğu barədə məlumatlara böyük ədəbiyyatşünas alim mərhum Əziz Mirəhmədovun 1967-ci ildə çap etdirdiyi “İsmayıl bəy Qutqaşınlı. Əsərləri” kitabında rast gəlirik. Qutqaşınlı Polşada hərbi qulluqda olarkən 1835-ci ildə Varşavada fransız dilində “Rəşid bəy və Səadət xanım” əsərini yazaraq, elə orada da çap etdirmişbununla realist Azərbaycan nəsrinin bünövrəsini qoymuşdur. İndi yeganə nüsxəsi Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda (surəti Qəbələ Rayon Tarix-Diyarşünaslıq Muzeyində) qorunan bu kitabın sonunda M.F.Axundzadənin avtoqrafı var. O, kitabı oxuduqdan sonra öz təəssüratını rusca yazmışdır: “Mənim qəlbim elə alovlu qəlblərdəndir ki, oöz sevincini, nə də öz kədərini gizlədə bilər. Buna görə də mən bugünkü sevincimi sizə xəbər verməyə bilmərəm. Mənim şadlığımın səbəbi odur ki, başladığımız işin axıra çatması haqqında məndə zərrə qədər şübhə qalmamışdır. Bu gün sizi tamamilə inandıra bilərəm ki, arzularımızın həyata keçirilməsi günü yaxınlaşmışdır. İzahatını gələcək münasib bir təsadüfə saxlayıram. 15 mart 1846. Mirzə Fətəli”.

   Bu qeydlərdən düz 100 il sonra anadan olan bir şəxs kimi neçə illərdir ki, düşünürəm, görəsən, M.F.Axundzadə “...başladığımız işin axıra çatması”, “arzularımızın həyata keçməsi günü yaxınlaşmışdır” dedikdə nələri nəzərdə tuturdu?

   Əziz Mirəhmədov yazır: “İ.Qutqaşınlının Rusiya Coğrafiya Cəmiyyətinin Qafqaz Şöbəsinin həqiqi üzvü olduğu məlumdur. Həmin cəmiyyətin üzvləri sırasında M.F.Axundzadə də olmuşiki başqa coğrafiyaşünasla birlikdə Qafqazın xəritəsini tərtib etmişlər. Xəritə cəmiyyətin yığıncağında müzakirə olmuş və bəyənilmişdir. Təəssüf ki, tədqiqatçılar böyük yazıçının elmi fəaliyyətinin bu orijinal, naməlum cəhətini hələ öyrənməmişlər. Güman etmək olar ki, İ.Qutqaşınlı ilə M.F.Axundzadənin coğrafiya cəmiyyətindəki işi layiqincə tədqiq edilərsə, elm üçün çox maraqlı nəticələr alınar”.

   Yeri gəlmişkən, qeyd etməliyəm ki, mən 1985-ci ildə muzey işi ilə əlaqədar olaraq Leninqradda elmi ezamiyyətdə olarkən Rusiya Coğrafiya Cəmiyyətinin arxivi ilə tanış oldum. Xalqımızın tərəqqisində misilsiz xidmətləri olmuş bu iki şəxsin sağlığında adları yazılmış kitabı vərəqlədim. Hər iki ədib 29 dekabr 1851-ci ildə həmin cəmiyyətin həqiqi üzvləri seçilmişdir. 82-ci sırada M.F.Axundzadə, 117-ci sırada İ.Qutqaşınlıdır. Kitabın müvafiq səhifələrinin foto-surətlərini çıxartdım. İndi onlar muzeyimizdə və İ.Qutqaşınlının adını daşıyan filialımızda nümayiş etdirilir.

   Məlumdur ki, M.F.Axundzadənin əsərləri dünyanın müxtəlif dillərinə tərcümə edilmişdir. Muzeyimizdə 1898-ci ildə Almaniyada çap olunmuş bir kitabdan ədibin “Sərgüzəşti-vəziri-xani-Lənkəran” komediyasından bir pərdənin almanca mətni nümayiş etdirilir.

   Yazıçının anadan olmasının 150 illik yubileyi 1962-ci ildə keçmiş SSRİ miqyasında təntənə ilə qeyd edilmiş, rayonumuzun inzibati mərkəzində onun əqidə dostu İ.Qutqaşınlının adına olan küçə ilə paralel küçəyə M.F.Axundzadənin adı verilmişdir.

  

 

   Xalis Məmmədov,

   Qəbələ Rayon Tarix-Diyarşünaslıq

   Muzeyinin direktoru,

   Əməkdar mədəniyyət işçisi

 

   Mədəniyyət.- 2012.- 15 iyun.- S. 15.