103
yaşlı “Ölülər”
1909-cu ilin iyununda iti qələmi, kəskin
publisistikası, həyati pyesləri ilə dövrünün
işıqlı simalarından biri olan Cəlil Məmmədquluzadə
“Ölülər” əsərini yazıb başa
çatdırır. Qısa vaxtda “Ölülər” əl-əl
gəzib dolaşır...
“Açıq söz” qəzetinin
73-cü sayında Sultan Məcid Qənizadə, Hüseyn
Cavid, Üzeyir Hacıbəyli, Nəriman Nərimanov
“Ölülər” haqqında müsbət rəy yazırlar:
“Artıq dərəcədə məharətlə
yazılmış, məzmunu eynən həyatımızdan
götürülmüş, ideyası inqilabi olan bu drama
müsəlmanların həyatında böyük rollar
oynayacaq, paslanmış beyinləri pasdan təmizləyib,
ölmüş ruhlara can verəcəkdir”.
Ancaq beyinləri pasdan təmizləyib,
ruhlara can vermək üçün “Ölülər” səhnədə
dirilməli idi. Bu məqsədlə Cəlil Məmmədquluzadənin
Qafqaz Mətbuat Komitəsinə yazdığı müraciət
cavabsız qalmır. Senzura 1909-cu il 27 avqust tarixli qərarı
ilə əsərin tamaşaya qoyulmasına icazə verir. Amma
1911-ci il 7 iyun tarixli “Kaspi”, 9 iyun tarixli “Baku” qəzetlərinin
yazdığına görə, “Ölülər”in həmin
il Tiflisdə oynanılması üçün iki dəfə
cəhd göstərilsə də, bu təşəbbüs nəticəsiz
qalır. Bütün bunlara baxmayaraq Mirzə Cəlil
“Ölülər”in səhnəyə yol tapacağına
inanırdı...
“Ölülər” səhnədə
Əsər səhnəyə
yalnız 7 ildən sonra - 1916-cı il aprelin 29-da yol tapdı.
İlk dəfə Bakıda - Tağıyev teatrında
tamaşaya qoyulan “Ölülər” ilin böyük teatr hadisəsinə
çevrildi. Tamaşanın ilk rejissoru Hüseynqulu Sarabski
olur. Şeyx Nəsrullah rolunu Əliqulu Qəmküsar, İsgəndər
rolunu Mirzəağa Əliyev oynayırdı. Onların
qeyri-adi oyunu uzun illər tamaşaçıların
yaddaşından silinmir.
İlk tamaşa barədə
“Açıq söz”, “Baku”, “Kaspi”, “İqbal”, “Bəsirət”,
“Tuti”, “Babayi-Əmir” kimi qəzet və jurnalların səhifələrində
ətraflı və mübahisəli məqalələr
çap olunur.
Hüseyn Cavid “Ölülər”i
yüksək qiymətləndirərək yazırdı:
“Ölülər” son komediyalarımız içində parlaq
mövqe tutur. “Ölülər”də sənətkaranə bir
dirilik, mahir bir incəlik var. “Ölülər”in hər təbəssümündən
acı bir fəryad qopar... “Ölülər” qüsursuz deyil.
Fəqət bu qüsur bir rəsmin ətrafında gözə
çarpan ləkələr qədər təbii görünə
bilər”.
O illərdə “Ölülər”
Orta Asiyada, Volqaboyu və Qafqazın bir sıra şəhərlərində
də nümayiş olunur.
“Ölülər” dirilir
Sonrakı illərdə
“Ölülər” Abbas Mirzə Şərifzadənin, Aleksandr
Tuqanovun quruluşunda tamaşaya qoyulur. 1938-1939-cu il teatr
mövsümündə Şəmsi Bədəlbəyli məşhur
əsəri yeni quruluşda tamaşaya hazırlayır. Bu
quruluş “Ölülər”in ən yaddaqalan
tamaşalarından biri olur.
1948-1949-cu il teatr
mövsümündən 1966-cı ilədək “Ölülər”
Dövlət Akademik Dram Teatrının səhnəsində
oynanılmır. Yalnız 1966-cı il noyabrın 12-də
milli teatr sənətimizin parlaq simalarından olan Tofiq
Kazımov “Ölülər”i yenidən səhnəyə
qaytarır. Tofiq Kazımovun quruluşunda Qara Qarayevin təsirli
musiqisi, rəssam Elçinin maraqlı dekorları, Kefli
İsgəndər rolunda Həsənağa Turabovun, Şeyx Nəsrullah
rolunda Məlik Dadaşovun, Hacı Həsənağa rolunda Məmmədrza
Şeyxzamanovun ifası ilə “Ölülər” səhnədə
yenidən dirilir.
1992-ci ildə Cəlil Məmmədquluzadənin
“Ölülər” əsərinin motivləri əsasında
görkəmli rejissor Tofiq Tağızadə “Ölülər”
əsərini “O dünyadan salam” adı ilə
ekranlaşdırdı.
Bu gün də “Ölülər”
səhnədədir, sabah da belə olacaq, “Ölülər”
ölməyəcək...
Təranə
Vahid
Mədəniyyət.-
2012.- 15 iyun.- S. 13.