Belə
bir rejissor vardı...
Rüfət
Şabanov - 90
Müdriklərdən biri demişdir: “Ən uzun həyat
zəngin yaşanmış həyatdır. Ömrü vaxt ilə
deyil, əməllərlə ölçmək
lazımdır”. Rüfət Şabanovun tərcümeyi-halı
ilə tanışlıq bizə deməyə əsas verir ki,
o, zəngin həyat yaşamışdır.
Rüfət İsmayıl oğlu
Şabanov 1922-ci il iyunun 22-də Bakıda
dünyaya göz açmışdır. Bu ailədə
kitaba, teatra və kinoya, ədəbiyyat və incəsənətə
böyük maraq var idi. Valideynlər bu
sevgini övladlarına da aşılamışdılar.
Rüfət mütaliəni çox sevirdi.
Elə yeni tamaşa olmazdı ki, ona gedib
baxmasın.
1941-ci ildə
Böyük Vətən müharibəsi başlananda Rüfətin
19 yaşı vardı. O da orduya
çağırılır. Lakin ağır xəstələndiyi
üçün ordudan tərxis edilir. 1942-ci
ildə Azərbaycan Dövlət Rus Dram Teatrında köməkçi
heyətdə işə düzəlir. 1944-cü
ildə “Bakı” kinostudiyasında işləməyə
başlayır. Kinostudiyada “Arşın mal alan” komediyasının çəkilişində
rejissor köməkçisi işləyərkən başa
düşür ki, mütləq ali savad almalıdır. Həmin
il Moskvada Ümumittifaq Dövlət
Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsinə daxil
olur. Rüfət sonralar məşhur rejissorlar
kimi tanınacaq Eldar Ryazanov, Stanislav Rostotski, Marlen Xutsiyev, həmyerlimiz
Lətif Səfərovla bir yerdə oxuyur. Günlərin
birində Rüfət anasından teleqram alır: “Atan
ağır vəziyyətdədir, tez özünü evə
çatdır...”
Atası vəfat edəndən
sonra Rüfət təhsilini davam etdirmək üçün
Moskvaya qayıtmadı. Amma sonralar
Kinematoqrafiya İnstitutunda təhsilini yarımçıq
qoyduğuna görə peşmançılıq çəkirdi.
O, oxumağı, ali təhsil almağı
qarşısına məqsəd qoymuşdu. Ona
görə də Bakıda Azərbaycan Dövlət Teatr
İnstitutunda təhsilini davam etdirməli olur. Burada görkəmli rejissor Mehdi Məmmədovun
sinfində oxuyur.
1952-ci ildə institutu fərqlənmə
diplomu ilə bitirdikdən sonra bir müddət Rus Dram
Teatrında truppa müdiri, sonra rejissor işləyir,
“Uşaqların anası”, “Qızıl qartal altında”,
“Gözəl qızlar”, “Bədbəxt hadisə” və s. pyeslərə
quruluş verir. 1957-ci ildə yenidən “Bakı”
kinostudiyasına qayıdaraq 1967-ci ilə kimi burada əvvəlcə
rejissor assistenti, sonradan “Uzaq sahillərdə”, “Əsl dost”,
“Matteo Falkone”, “Bizim küçə”, “Romeo mənim
qonşumdur” bədii filmlərində II rejissor işləyir.
Maraqlıdır ki, “Uzaq sahillərdə”
filminin bəzi çəkilişlərində “Mixaylo”nu ifa edən
aktyor Nodar Şaşıqoğlu özünü pis hiss edəndə
və ya xəstələnəndə R.Şabanov onu əvəz
edirdi. Əlbəttə, gözə
çarpmasın deyə, yalnız orta və uzaq planlarda.
Bədən quruluşlarına və
boylarına görə onlar bir-birinə oxşayırdı.
Hətta Veselin (Yuri Boqolyubov) öləndə
N.Şaşıqoğlu onu əlləri üstə
götürə bilmir. Rüfət aktyorun
yerinə Veselini qucağına alıb aparır. Bir gün Karranti rolunda çıxış edən
aktyor Lev Bordukov çəkilişə gələ bilmədiyi
üçün Karranti ilə Mehdinin
görüşdüyü səhnədə R.Şabanovu onun
rolunda arxadan və yan tərəfdən lentə alırlar.
Rüfət müəllimin
rejissor kimi ilk müstəqil işi 1966-cı ildə lentə
alınan “Liftçi qız” kinonovellası olur. Rejissor paytaxtın 8 nömrəli məktəbinin
şagirdi Xuraman Qasımovanı əsas rolda çəkməklə
düzgün seçim etmiş və maraqlı film yaratmışdır.
10-cu sinfi yenicə bitirmiş və böyük
həyata qədəm qoymağa başlamış Lalə yol
ayrıcındadır. Onun
ağıllı məsləhətlərə ehtiyacı
vardır. Uşaqlıq illəri
ağır keçmiş bu qız bəzən adamlara
inanmır, onlara şübhə ilə yanaşır. Buna görə də işə girdiyi mehmanxanada ilk
günlər heç kimə qaynayıb-qarışmır.
Bir gün Lalə bir rəssamla
qarşılaşır. Rəssam onun
portretini çəkir. Rəssam
qızın xarici görünüşündən daha
çox onun qəlbinin təmizliyini, zəngin mənəviyyatını,
insani keyfiyyətlərini məhəbbətlə təsvir
edir, Lalədə özünə qarşı inam hissini
yaradır.
Rejissor müsahibələrindən
birində bu barədə belə demişdi: “Film gözəl
insan qəlbi haqqındadır. Burada deyilir ki, hər
bir insanda gözəl başlanğıc vardır. İnsanlar üçün xeyirxah işlər
görmək, onlara sevinc bəxş etmək lazımdır.
Onda bu həyatda yaşamağına da dəyər.
Bizim filmimiz bu barədədir”.
Rüfət
Şabanov bu lirik filmi çəkəndən sonra 1968-1981-ci
illərdə Azərbaycan Dövlət Teleradio Verilişləri
Komitəsində televiziya-kino çəkilişləri
redaksiyasında baş rejissor vəzifəsində
çalışır. Əvvəlcə
“Ekran”, daha sonra “Azərbaycantelefilm” Yaradıcılıq
Birliyinin təşkilatçılarından biri və baş
rejissoru olur. R.Şabanova “Qurultaydan qurultaya”, “Qurultay
nümayəndəsi”, “Bakı”, “Şuşa”, “Dostluq və
qardaşlıq bayramı”, “Talış meşələri”,
“Dənizkənarı bulvar”, “Şüvəlan buketi” kimi
tammetrajlı və qısametrajlı filmlərin çəkilişi
tapşırılmışdı. Rejissorun
bütün filmləri o vaxtkı Mərkəzi Televiziya tərəfindən
yalnız I kateqoriya ilə qəbul olunurdu. O, bir sıra
telefilmlərin bədii rəhbəri olmuşdur. Bunların arasında “Sovet Azərbaycanı”
dövri tammetrajlı filmi xüsusilə fərqlənir.
1982-ci ildə
rejissoru yenidən “Azərbaycanfilm” kinostudiyasına dəvət
edirlər. Bir il sonra “Gəmi
saatının sirri” bədii və 1986-cı ildə “On yeddi
yaşlı oğlan” bədii televiziya filmlərinin
quruluşçu rejissoru olur.
Rüfət müəllimin həyat
yoldaşı, Xalq artisti Elmira Şabanovanın xatirələrindən:
“Rüfət işində çox ciddi və tələbkar
idi. Mən İncəsənət İnstitutunda
dərs deyirdim. Vaxtımın çoxu
burada keçirdi. Buna baxmayaraq Rüfət
film üçün aktyorları seçəndə həmişə
mənimlə məsləhətləşirdi. Filmin çəkiliş vaxtı üzü heç
vaxt gülmürdü. Filmi çəkib
qurtaran kimi onu ilk dəfə mənə və dostu Tofiq
Tağızadəyə göstərirdi. Bizim
fikrimizi bilmək istəyirdi.” “Gəmi saatının
sirri” filmi Azərbaycan və Ukrayna (A.Dovjenko adına
kinostudiya) kinematoqrafçılarının ilk birgə
yaradıcılıq işidir. Ekran əsərində
“Mosfilm” kinostudiyasından Nikolay Volkov və Yuri Sarantsev kimi məşhur
aktyorlar da çəkiliblər. Elmira
xanım filmdə balaca qəhrəman Alikin anası rolunda
çıxış edib.
Filmin maraqlı
süjet xətti var. Alikin valideynləri bir-birilə yola
getmir, tez-tez mübahisə edirdilər. İş
o yerə gəlib çatmışdı ki, hətta onlar
ayrılmaq istəyirdilər. Bununla
heç cürə razılaşmaq istəməyən uşaq
evdən getməyi qərara alır. “Qoy
başları məni axtarıb tapmağa qarışsın.
Ayrılmaq heç yadlarına belə
düşməsin”, - deyə öz-özünə
düşünür. Digər tərəfdən,
on yaşlı Alik səyyah olmağı arzulayırdı.
Ona görə də valideynlərindən xəbərsiz,
təkbaşına Kiyevə, əmisinin yanına gedir. Yeniyetmə istəyirdi ki, əmisi boşanmağa
hazırlaşan valideynlərini barışdırsın.
O, buna nail olana qədər Ukraynada bir sıra qəribə
hadisələrlə üz-üzə gəlir.
Bu filmin çəkilişi
zamanı da qeyri-adi hadisə baş vermişdi. Filmin qəhrəmanı (160 nömrəli məktəbin
şagirdi Anar Tağıyev) epizodların birində
ağlamalı idi, özü də təbii şəkildə.
Rejissor danışırdı ki, Anarın anası ilə əvvəlcədən
razılaşdıraraq mən özümə yaraşmayan bir
iş gördüm. 9 yaşlı uşağı
günahlandırıb dedim: “Heç sən utanmırsan, sən
yeniyetmə oğlan, pis iş görmüsən. Aktyorlardan
birinin qələmini oğurlamısan!..
Heç utanıb qızarmırsan!..”
Əlbəttə,
uşaq bütün bunları inkar etdi və ağlamağa
başladı. Bu zaman operator hazır vəziyyətdə
durmuşdu. O, vaxtı itirmədən kinokameranı
işə salıb Anarın necə ağlamağını
lentə aldı. Çəkilişdən sonra
mən min dəfə uşaqdan üzr istəməli oldum.
Hesab edirəm ki, bu, mən tərəfdən yaxşı
iş deyildi. Amma incəsənət məhz bunu
tələb edirdi”.
Rejissor R.Şabanovun
növbəti – “On yeddi yaşlı oğlan” bədii televiziya
filmi Böyük Vətən müharibəsində sovet
xalqının faşist Almaniyası üzərində qələbəsinin
40 illiyinə həsr olunub. Film
Çeçen-İnquşetiyanın cəsur oğlu, Sovet
İttifaqı Qəhrəmanı Xanpaşa Nuradilovun həyatından
bəhs edir.
Rüfət
Şabanovun ailəsini kinematoqrafçılar ailəsi
adlandırırlar. Həyat yoldaşı
Elmira Şabanova bir çox filmlərə çəkilib.
İndi də fəaliyyətini davam etdirir.
Oğlu Fuad ÜDKİ-nin rejissorluq fakültəsini
bitirib. Hazırda Moskvada yaşayır,
filmlər çəkir. Qızı Leyla
xanım sənətşünasdır. Azərbaycan
Dövlət Film Fondunda baş redaktor vəzifəsində
çalışır. Nəvəsi
Kamilla ADMİU-nun rejissorluq fakültəsinin məzunudur.
Artıq bir neçə filmə çəkilib.
Rüfət
Şabanov boş dayanmağı sevməzdi. Film çəkmədiyi
dövrdə də özünə bir iş axtarıb
tapırdı. O, dəfələrlə ümumittifaq televiziya
filmləri festivallarının münsiflər heyətinə,
Azərbaycan Kinematoqrafçılar İttifaqı İdarə
Heyətinə üzv seçilmişdi. Yaradıcı gənclərlə
böyük iş aparırdı. Özünün
yetirmələri vardı.
76 illik
ömrünün 56 ilini Azərbaycan incəsənətinə,
onun inkişafına həsr etmiş R.Şabanov
başını aşağı salıb gecə-gündüz
işlədi. Azərbaycan kinosunun və
televiziyasının gələcəyi naminə ən mürəkkəb
məsələlərin həlli ilə bağlı əsəblərini
korladı. Gözlərinin nurunu itirdi.
Amma buna təəssüf etmədi, peşmançılıq
çəkmədi. Çünki
ömürlərini incəsənətə həsr edənlər
onları şan-şöhrət pərdəsi arxasında nə
kimi çətinliklər, məhrumiyyətlər və əzablar
gözlədiyini yaxşı bilirlər.
Elə Rüfət
müəllimin özü də bütün həyatını
beləcə, təmtəraqsız, sadə yaşadı.
Amma hamının yanında başı uca gəzdi.
Rüfət müəllim artıq aramızda
olmasa da onun çəkdiyi istər bədii, istərsə də
sənədli filmlərdə, mavi ekranda quruluş verdiyi
tamaşalarda qaldırdığı məsələlər,
problemlər bu gün də tamaşaçıları narahat
edir, düşündürür. Bu narahatçılıq,
bu düşüncələr bütün
yaradıcılığını doğma xalqına həsr
etmiş tanınmış sənətkar-kinorejissor Rüfət
Şabanov haqqında ən yaxşı xatirədir.
Aydın Kazımzadə,
əməkdar incəsənət xadimi
Mədəniyyət.-
2012.- 15 iyun.- S. 12.