İsmayıllıda Milli Qurtuluş Gününə həsr olunmuş "Kitab bayramı

 

   "Azərbaycan Respublikasında kitabxana - informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı"na müvafiq olaraq İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının 23 fevral 2012-ci il tarixli sərəncamı ilə 2012-ci il rayonda "Kitabxana ili" elan olunub. Layihə çərçivəsində 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş "Kitab bayramı" keçirilib.

  

   Mərasimi açan rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Azər Abbasov qeyd edib ki, ölkəmizin bütün bölgələri kimi, İsmayıllıda özünün inkişaf, yüksəliş dövrünü yaşayır, digər sahələrlə yanaşı, mədəniyyət və turizm sahəsi də inkişaf edir. Rayon İcra Hakimiyyətinin başçısı Nizami Ələkbərov İsmayıllıda həyata keçirilən yenidənqurma, tikinti və abadlıq işləri barədə danışıb. Qeyd edib ki, milli qurtuluşumuzun bizə bəxş etdiyi ən böyük uğurlardan biri də mədəniyyətimizin intibahı ilə bağlıdır.

   Mərkəzi Kitabxana Sisteminin direktoru Ələddin Ələkbərov rayonda kitabxanaların maddi bazasının möhkəmləndirilməsi, onların fəaliyyətinin müasir tələblər səviyyəsində qurulması barədə söz açıb. Qeyd olunub ki, qəza vəziyyətində olan, uyğunlaşdırılmış, şəraitsiz və özəl binalarda yerləşən, habelə oxucusu və kitab fondu az olan 11 kitabxana filialı digər kitabxana filiallarına birləşdirilərək İsmayıllı Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin nümunəvi strukturu və ştat vahidləri təsdiq edilib. Hazırda rayonda 1 mərkəzi kitabxana, 1 uşaq kitabxanası, 47 kənd kitabxana filialı fəaliyyət göstərir. Mərkəzləşdirilmiş Kitabxana Sistemində “Kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması" və "İnformasiya-resurs" şöbələri yaradılıb. Kürdmaşı, İvanovka, Qalagah, Talıstan və Soltankənd kənd kitabxana filiallarına kompyuter dəstləri, digər texniki vasitələr verilib. Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə MKS-yə müasir oxucu tələbatını ödəyən 450-dək elektron nəşr daxil olub və oxucuların istifadəsinə verilib.

 

 

   Mədəniyyət.- 2012.- 15 iyun.- S. 10.