Şabranda bayram tədbirləri

 

   Xaqani Poeziya Evinin açılışı rayonun söz, sənət, ədəbiyyat həvəskarlarına böyük hədiyyə oldu

  

   İyunun 14-də Şabran şəhərində ümummilli lider Heydər Əliyevə həsr olunmuş pannonun, klassik Azərbaycan şairi Xaqani Şirvaninin abidəsinin və şairin adını daşıyan Poeziya Evinin açılış mərasimi keçirildi.

  

   Əvvəlcə rayon ictimaiyyətinin nümayəndələri, paytaxtdan gəlmiş qonaqlar ümummilli lider Heydər Əliyevin adını daşıyan parkın girişində möhtəşəm pannonun açılışında iştirak etdilər. Sonra Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzüldü. Daha sonra iştirakçılar Xaqani Şirvaninin abidəsinin və Xaqani Poeziya Evinin açılışına toplaşdılar.

   Mərasimdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov Milli Qurtuluş Günü ərəfəsində keçirilən tədbirləri rayon üçün əlamətdar hadisə kimi dəyərləndirdi: Bu günlərdə xalqımız 15 İyun - Milli Qurtuluş Gününü qeyd edir. Şabran rayonunda Xaqaninin abidəsinin və Xaqani Poeziya Evinin açılışının bu bayramla eyni zamana təsadüf etməsində bir qanunauyğunluq var. Çünki ümummilli lider Heydər Əliyev də ədəbiyyata, mədəniyyətə xüsusi önəm verib, görkəmli ədəbiyyat nümayəndələrinin adlarının əbədiləşdirilməsinə diqqətlə yanaşıb. Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin dünya miqyasında tanıdılmasında onun müstəsna xidmətləri var. Bu gün bu ənənə möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

   Böyük şair Xaqani Azərbaycanda poema janrının ilk müəllifidir. Mütəfəkkir ədibin abidəsinin rayonumuzda ucaldılması, onun adını daşıyan Poeziya Evinin fəaliyyətə başlaması ilə fəxr edirik. İnanırıq ki, bu məkan ədəbiyyatsevərləri, sənətsevərləri tez-tez bir araya gətirəcək”.

   Mədəniyyət və Turizm Nazirliyinin Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin müdiri Vaqif Bəhmənli əlamətdar hadisə münasibətilə iştirakçıları təbrik etdi: “Bu gün Şabran rayonunda yeni mədəniyyət müəssisəsi fəaliyyətə başlayır. Bu məkan dünya poeziyasının ən böyük ulduzlarından biri olan Xaqaninin adını daşıyır. Azərbaycan xalqı xoşbəxtdir ki, onun belə böyük şairləri var”.

   V.Bəhmənli bildirdi ki, 2012-ci ili Azərbaycanda “ədəbiyyat ili” də adlandırmaq olar: “Bu il Azərbaycanın 11 böyük ədibinin yubiley ilidir. Sevindirici haldır ki, yerlərdə ədəbiyyatla, mədəniyyətlə bağlı təşəbbüslər yaranır, xalqın özü mədəniyyət hadisəsinə qoşulur, yeni mədəniyyət müəssisələri fəaliyyətə başlayır”.

   Millət vəkili Aqil Abbas, Yazıçılar Birliyinin katibi Rəşad Məcid, yazıçı Seyran Səxavət, yazıçı-publisist Aydın Tağıyev, Şabran rayon 2 saylı texniki fənlər təmayüllü tam orta məktəbin dil-ədəbiyyat müəllimi Kəmalə Şeydayeva, Yazıçılar Birliyinin Quba Filialının sədri şair Ramiz Qusarçaylı və başqaları şairin yaradıcılığı haqqında geniş danışdılar.

   Qeyd olundu ki, Xaqani təkcə şair yox, həm də filosof olub. O, bir sıra əsərlərini Şabranda yazıb. Bugünkü tədbirlər təkcə Xaqani yaradıcılığına yox, həm də Azərbaycan ədəbiyyatına göstərilən diqqətdir. Şabranda ədəbiyyatımıza, görkəmli ədiblərə, söz adamlarına xüsusi diqqət göstərilir. Son illərdə rayonda kitab evi yaradılıb, gənc yazarların imza günləri keçirilir. Xaqani Poeziya Evinin fəaliyyətə başlaması ədəbiyyat tədbirlərinin keçirilməsinə yeni imkanlar açacaq.

   Mərasimdə rayonun abadlıq və quruculuq işlərində fərqlənən bir neçə nəfərə hədiyyə və fəxri fərmanlar təqdim olundu.

  

   * * *

 

   Xaqani Poeziya Evində davam edən tədbirdə iştirakçıları bir daha salamlayan rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov Şabranda əlamətdar bir gün yaşadığını vurğuladı. Qeyd olundu ki, Şabranda fəal ədəbi, yaradıcı mühit var. Rüblük “Çıraqqala” ədəbi, elmi-publisistik toplu və həftəlik “Şabran” qəzeti işıq üzü görür ki, yerli yazarlar bu nəşrlərdə çıxış edə bilirlər. Poeziya evinin fəaliyyətə başlamasını yüksək dəyərləndirən Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Vaqif Bəhmənli nazirliyin dəstəyi ilə çap olunan yeni nəşrləri bu mədəniyyət məkanına təqdim etdi.

    Şabran” ədəbi məclisinin sədri Qafar Süleyman, məclisin üzvləri - gənc şairlər Aybəniz Əliyar və Qurban Məmmədov təbriklərini şeirlə çatdırdılar. Xanəndələrdən Elza Qaybəliyeva və Novruz Abdullayevin ifasında dinlənilən muğamxalq mahnıları, həmçinin xor kapellasının çıxışı tədbirə xüsusi rəng qatdı.

  

 

   C.Zərbəliyev

 

  Mədəniyyət.- 2012.- 15 iyun.- S. 9.