Şəki
teatrının klassika
çağırışı
Hikmət Nəbili: “Şəki teatrının öz məktəbi
var və onun əsasında klassika dayanır”
Sabit Rəhman
adına Şəki Dövlət Dram
Teatrının fəaliyyəti, sənət uğurları, yeni teatr mühitində yeri və rolu barədə
teatrın direktoru Hikmət Nəbili ilə
söhbət etdik. Şəkinin Azərbaycana
və dünyaya bəxş etdiyi böyük dramaturq M.F.Axundzadənin 200 illiyi ilə əlaqədar olaraq
Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi
milli teatr festivalı
günlərində baş tutan müsahibəyə də bu
sənət bayramı və onun ölkədəki
teatr mühitinə təsiri ilə
başladıq.
- Hər bir festival, yaradıcı görüş və tamaşaçı ilə ünsiyyət teatr ictimaiyyəti üçün bayramdır. Bu festival da həmçinin. Sənət bayramı paytaxt və regionlarda Azərbaycan mədəniyyətinə, milli teatrımıza xidmət edən yaradıcı kollektivləri, teatr mütəxəssisləri və tamaşaçıları bir araya gətirdi, onları yenidən maarif, ürfan məkanı olan teatrın ətrafında birləşdirdi. Bu, bizim gələcək fəaliyyətimiz, təcrübə mübadiləsi və ən əsası yaradıcı əlaqələrin daha da genişlənməsi üçün vacibdir.
- Binası əsaslı təmirə dayanan Şəki teatrı tamaşaçıları üçün darıxmır ki? Yəqin bu vəziyyətdə əsasən səyyar tamaşalara və qastrol səfərlərinə üstünlük verirsiniz?
- Möhtərəm Prezidentimiz İlham Əliyev ötən ilin noyabrında Şəkiyə səfəri çərçivəsində teatrımıza da baş çəkdi və binanın əsaslı təmir-bərpası üçün sərəncam verdi. Hazırda binada təmir işləri gedir. Tamaşaçılarımız kimi biz də onlar üçün darıxmışıq. Düzdür, ilin əvvəlində tamaşalarımız olurdu. Amma artıq 2 aya yaxındır ki, sadəcə məşqlər edirik. Şəkidə teatr tamaşalarının nümayişi üçün başqa müvafiq bina yoxdur. Hazırda şəhərdəki kinoteatrın binasında yerləşmişik. Amma orada tamaşa oynamaq imkanları məhduddur. Son iki ayda festivala ciddi hazırlaşırdıq və şükürlər olsun ki, yubileylə əlaqədar dövlət sifarişi ilə hazırladığımız «Hacı Qara» əsərini uğurla təqdim edə bildik. Teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Mirbala Səlimlinin quruluş verdiyi tamaşa alqışlarla qarşılandı. Bundan sonra Şəkinin kəndlərinə və qonşu rayonlara səfərlər edərək səyyar tamaşalar göstərəcəyik. Onu da deyim ki, bu yaxınlarda Türkiyənin Konya şəhərindən qayıtmışıq. Truppamız bu şəhərdə keçirilən türkdilli xalqların beynəlxalq teatr festivalında Jan Batist Molyerin “Jorj Danden və ya aldadılmış ər» əsəri ilə çıxış etdi. İstər festival təşkilatçıları, istərsə də tamaşaçılar tərəfindən alqışlarla qarşılandıq.
- Hikmət müəllim, Azərbaycan teatrı hazırda yeni inkişaf yolundaddır. Və bu prosesdə teatrdan tələblər, belə deyək, teatrın məqsəd və məramı, ondan gözləntilər də bir qədər dəyişib. Bu barədə sizin də düşüncələrinizi bilmək maraqlı olardı.
- Bu islahat Azərbaycan teatrı üçün çox vacib idi və onun sabahın teatrına vədləri çox böyükdür. Bilirsiniz, əslində, dünya teatrları heç vaxt problemlərdən uzaq olmayıb. Bütün zamanlarda teatrlar istər yaradıcı, istərsə də iqtisadi cəhətdən müəyyən problemlər yaşayıblar. Ən inkişaf etmiş ölkələrin məşhur teatrları belə zaman-zaman bu çətinliklərlə üz-üzə qalırlar. Amma Azərbaycan teatrının, xüsusən də bölgədə yerləşən sənət ocaqlarının ən böyük problemi kadr, yəni gənc aktyor nəsli ilə bağlıdır. Bax, islahatlar sayəsində bu problemin həlli istiqamətində düşünülmüş addım atıldı. Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi ilə teatrlarda studiyalar fəaliyyətə başladı. Artıq hər sənət ocağı özünün aktyor potensialını bu studiyalara cəlb olunan gənclər sayəsində müəyyən mənada təmin edə biləcək. Bundan başqa, proqrama uyğun olaraq irimiqyaslı teatr tədbirləri həyata keçirilir, təmirə ehtiyacı olan binalar əsaslı şəkildə yenidən qurularaq kollektivlərin ixtiyarına verilir. Ən əsası, bütün bunların fonunda Azərbaycan teatrı dünyaya inteqrasiya edir, artıq ətrafda baş verən yaradıcılıq proseslərinə nüfuz etmək imkanını qazanır. Bu məsələdə bir məqamı da deyim ki, əslində, teatrların problemi özlərindən asılıdır. İnkişaf üçün istər nazirlik, istərsə də digər qurumlar nə qədər dəstək olsalar da, teatrın özündə o təpər olmalı, onların özündə sağlam yaradıcı atmosfer möhkəmlənməlidir. O teatrın ki, aktyor potensialı zəifdir, onun sabahından danışmağa dəyməz. Bu inkişaf mərhələsindən istifadə edərək teatrlar ilk olaraq öz bazalarını qurmalıdırlar.
- Onda belə çıxır ki, hər şeyi sıfırdan başlamalıyıq. Yəni bu günədək teatrlarda siz deyən o baza yox idi?
- Konkret olaraq bizim teatrımızda gənc kadr problemi 1987-ci ildən sonra yaranmağa başlayıb. Bax, bu gün teatrlar qarşısında ciddiliyi ilə dayanan məsələnin həlli yolunu o zaman tapdıq. Allah rəhmət eləsin, bizim böyük rejissorlarımız Hüseynağa Atakişiyev və Vaqif Abasova. Onlar sanki bu günü görürmüş kimi hələ o vaxtdan studiyalara böyük diqqət ayırmağa başladılar. Mən özüm də o studiyaların yetirməsiyəm. Şəki teatrında o ənənə indi də qorunur və öz bəhrəsini verir.
- Bu islahatlar sayəsində rejissorların teatrlara təhkimçiliyi də aradan qalxdı. Teatr rəhbərlərinə, rejissorlara sərbəst fəaliyyət imkanı yaradıldı. İndi bir çox teatrlar kənardan rejissor dəvət edirlər. Siz niyə bu üsuldan istifadə etmirsiniz?
- Biz heç vaxt kənardan rejissor dəvət etmirik. Çünki teatrın öz
rejissoru olmalıdır
və o həmin teatrın əsas sütunudur. Mən o zaman
dəvətli rejissora
müraciət edərəm
ki, teatrım imkansız, əlacsız qalsın. Bizim isə elə
bir çətinliyimiz
yoxdur.
- Siz fərqli rejissor yozumunu qəbul etmirsiniz?
- Məsələ
bunda deyil. Sadəcə,
hər bir teatrın özünün
məktəbi olmalıdır.
Onun tamaşasına baxan insan təqdimatdan əvvəl bilməlidir ki, hə, bax,
bu, Şəki teatrı və ya başqasıdır.
Yəni teatrın özünün
məktəbi olmalıdır.
Məsələn, Rusiyada elə
teatrlar var ki, təqdimatsız, sadəcə tamaşasının
nümayişi ilə
tamaşaçı o anda
bilir ki, o hansı teatrdır.
- Bizdə necə, siz deyən kimi, ilk tamaşasından hansı
teatr olduğunu bəlli edən teatr, kollektiv var?
- Var, Şəki teatrı. Biz mərhum Hüseynağa
Atakişiyevin meydan teatrı modelini indi də yaşadırıq.
Bax, elə ona görə
də tamaşaçılar
bizim teatrı ilk andan tanıyırlar.
Onu da deyim ki,
bu forma Şəki teatrını hələ
o zamanlar çox məşhur etdi. Bu üslublu tamaşalarla
dünyanın əksər
ölkələrini gəzərək
böyük uğurlara
imza atdıq.
- Deyirsiniz ki, hər teatrın
öz siması, yəni, belə deyək, öz məktəbi, həm də öz tamaşaçısı olmalıdır.
Şəki tamaşaçısı sizin teatr məktəbinə
adekvat cavab verirmi?
- Bəli, Şəki tamaşaçısı
bizim teatra siz deyən adekvat cavabı verir. Məncə, Azərbaycanın ən teatral şəhəri Şəki,
ən teatral tamaşaçıları şəkililərdir.
Çünki Şəki teatrı
əvvəlki şöhrətində,
əvvəlki sənətkarlığındadır.
Amma bir məqamı da xatırladım ki, bütün tamaşaçılar da eyni deyil. Artıq zövqlərin korlandığını
görürük. Təbii ki,
teatrı yaşadan sadiq tamaşaçılardır,
amma həm də teatr bəşəri
ideyaların təlqin
məkanıdır. Ona görə
də hər kəs oradan nə isə əxz etməli, heç olmasa, zövqünü, ruhunu təzələməlidir.
- Bayaq ən teatral tamaşaçıların Şəkidə
olduğunu dediniz. İndi isə zövqlərdən
gileylənirsiniz. Müəyyən təzad yarandı.
- Kim deyir ki, problem yoxdur. Görün,
bizdə belədirsə,
başqa yerlərdə
vəziyyət hansı
həddədir. Sadəcə, unutmaq olmaz ki,
hər tamaşaçıdan
da teatrallıq, böyük zövq, sənət sevgisi gözləmək olmaz.
- Ən
teatral tamaşaçıların
teatrı olaraq necə düşünürsünüz,
günün tamaşaçısının
teatrdan istəkləri
nədir? Bəlkə tamaşaçını
teatrdan uzaqlaşdıran
düyün nöqtəsi
elə oradadır?
- Böyük rejissorumuz, Azərbaycan teatrının inkişafına
öz töhfələrini
vermiş mərhum Vaqif Abasov həmişə
deyirdi ki, çətin də olsa biz çalışmalıyıq
ki, tamaşaçı
teatrın səviyyəsinə
qalxsın. Biz onlara tərəf ensək, teatr məhv olar. Bu mütləqdir və indi də
belə olmalıdır.
- Bütün bu deyilənlərin əsasında düzgün
repertuar siyasəti dayanır. Təzadlı tamaşaçı rəyinizdən sonra bilmək istərdim, repertuar seçərkən
də belə təbəddülatlar yaşayırsız?
- Repertuar seçimini biz ən çox teatrın ümumi yaradıcılıq
yoluna uyğun qururuq. Əsasən dünya və
milli klassikamıza müraciət edirik.
Məsələn, J.B.Molyerin
«Xəsis» və «Aldadılmış ər»,
Ə.Haqverdiyevin «Pəri
cadu», M.F.Axundzadənin
«Hacı Qara», N.Vəzirovun «Yağışdan
çıxdıq, yağmura
düşdük» və
s. Şəki teatrının
özünün məktəbi
var və onun əsasında klassika dayanır. Aktyor nə qədər klassik əsər oynasa, yaxşıdır.
Belə olduqda müasir dramaturqların yaratdığı
obrazları canlandırmaq
onun üçün çox asan olar.
- Aktyor klassikada yetişir, amma tamaşaçını
da daim klassikaya
dəvət etmək olmaz. Tamaşaçı özünü, ətrafını, yaşadığı
müasir dövrün
elementlərini də arabir səhnədə görməlidir.
- Göstərək,
problem yoxdur. Amma hanı mənbə,
yüksək dramaturji
nümunə, əsər?
- Siz də müasir dramaturgiyamızdan gileylisiniz?
-Bir-iki dramaturqu çıxmaq şərtilə, sanki müasir dramaturgiyamız sükut içindədir.
- Sırf o səbəbdən daha çox klassikaya meyil edirsiniz, yoxsa məktəb, ənənələr, keçmiş
sizi ora çəkir?
- Yox, xatirələr xətrinə
tamaşa qoymaq olmaz. Həm də bizim teatrın rejissor sarıdan həmişə
bəxti gətirib.
İndi Şəki teatrının elə bir rejissoru var
ki, o, 10 il
bundan öncə düşündüyü, beynində
ən incə detalınadək həll etdiyi əsəri səhnəyə qoyur. Daha bu gün çağırıb
bu əsəri qoy və o da
heç əsərə
baxmadan razılıq verib birtəhər bir tamaşa hazırlayıb ortaya qoymur. O, 5-10 il bir əsər
ətrafında düşünür
və ilin sonunda deyir ki,
hə, bax, filan əsəri qoymağa hazıram. Məhz elə tamaşa mütləq uğurlu olur.
- Belə çıxır ki, sizin teatrda hər
şey tam fərqlidir.
- Fərqli deyəndə ki, hər rejissorun, hər aktyorun özünün yaradıcılıq
üslubu var. Bir də bu gün
aktyora səhnədə
sərbəstlik vermək,
ona özünü realizə imkanı yaratmaq lazımdır. Məsələn, bizdə mizanla
tamaşa qurulmur.
Rejissor aktyora sərbəstlik verir.
- Son olaraq repertuarınızdakı digər
əsərlər barədə
də məlumat vermənizi xahiş edirəm.
- Adlarını
sadaladığım klassik
nümunələrlə yanaşı,
Mustay Kərimin
"Ay tutulan gecə",
Slomir Mrojekin "Xoşbəxt hadisə",
Novruz Cəfərovun
"Buna da şükür",
Georgi Xuqayevin «Çiy yumurtada bişmiş məhəbbət»
əsərləridir. Bu il binamız təmirdə olduğu üçün iki əsər - M.F.Axundzadənin
«Hacı Qara» və Ə.Əmirlinin «Onun iki qabırğası»
tamaşasını təqdim
etdik.
Söhbətləşdi: Həmidə Nizamiqızı
Mədəniyyət.-
2012.- 15 iyun.- S. 7.