Kulturoloqların
II Beynəlxalq Bakı Forumu başa çatdı
Mədəniyyət
və Turizm Nazirliyinin təşkil etdiyi “Dövlətin
inkişafında mədəniyyət siyasətinin rolu”
mövzusunda kulturoloqların II Beynəlxalq Bakı Forumu iyunun
13-də işini başa vurdu.
Tədbirin ikinci iş günü
Azərbaycan Turizm İnstitutunda gerçəkləşdi.
Qonaqları salamlayan institutun rektoru, professor Cəfər Cəfərov
ali məktəbin əldə etdiyi uğurlardan, beynəlxalq əlaqələrdən,
yeni açılmış fakültələrdən
danışdı. Bildirdi ki, fəaliyyət göstərdiyi altı
ildə təhsil müəssisəsi bir sıra uğurlara
imza atıb: «İnstitutda bir sıra fakültələr fəaliyyət
göstərir. Bu, Azərbaycanda ikili diplom təhsili verən
ilk ali məktəbdir. İddialarımız
böyükdür. İnstitutumuz Dünya Turizm Təşkilatının
assosiativ üzvüdür. Tələbələrimiz təcrübə
qazanmaq üçün müxtəlif ölkələrə
gedirlər. Məsələn, bu il tələbələrimizin
5 ölkəyə göndərilməsini
planlaşdırırıq. Onlar Azərbaycanda keçirilən
beynəlxalq tədbirlərdə, konfranslarda işə cəlb
olunurlar. Məsələn, “Eurovision-2012” mahnı müsabiqəsində
500 tələbəmiz tərcüməçi-volontyor qismində
fəaliyyət göstərdi».
Mədəniyyət və Turizm
Nazirliyinin Elm və təhsil şöbəsinin müdiri
Yaşar Əliyev çıxışında
kulturoloqların II Beynəlxalq Bakı Forumunun işini
yüksək qiymətləndirdi: «Forum müddətində
maraqlı məruzələr oldu. Ümidvaram ki, II Beynəlxalq
Bakı Forumu yaddaşlarda uğurlu tədbir kimi qalacaq və
tədbirin iştirakçıları ilə, xarici ölkələrdən
gəlmiş nümayəndələrlə əlaqələrimiz
bundan sonra da davam edəcək”.
Sonra söz məruzəçilərə
verildi. Rusiya Kulturologiya İnstitutunun əməkdaşı
Natalya Kryukova «Kulturoloji ekspertiza mədəniyyət siyasətinin
aləti kimi» mövzusunda məruzə etdi. Müasir dövrdə
mədəniyyət siyasəti və onun əhəmiyyətinə
toxunan məruzəçi bu amilin böyük rol
oynadığını bildirdi.
Ukrayna Kulturologiya İnstitutunun əməkdaşı
Viktor Şerbina isə «Çoxşaxəli cəmiyyətdə
mədəniyyət siyasətinin formalaşması»
mövzusunda çıxış etdi. Bu mövzu ətrafında
tədqiqat aparılmasının vacibliyini bildirdi.
«Müasir Gürcüstanın mədəniyyət
siyasəti: mədəni turizmin inkişafı» məruzəsi
ilə çıxış edən Gürcüstan Siyasi Tədqiqatlar
İnstitutunun əməkdaşı Malxas Matsabiridze ölkəsindəki
mədəniyyət turizmindən və onun istiqamətlərindən
bəhs etdi. Sonra Türkiyənin Erciyes universitetindən
Gülay Karsıcı, Macarıstanın Eötvöş
Lorand Üniversitetindən Belik Marton, İngiltərənin
Lids Universitetindən Monika Kravçuk və digər məruzəçilər
maraqlı mövzularla çıxış etdilər.
Tədbirin ikinci hissəsi məruzələrlə
davam etdirildi. Yığıncağın gedişində maraq
kəsb edən məqamlardan biri də elmi-publisistik
jurnalın təsis edilməsi ilə bağlı oldu. Qərara
alındı ki, beynəlxalq redaksiyalı «Mədəniyyət
siyasəti» adlı elmi-publisistik jurnal çap edilsin. Bununla
bağlı Mədəniyyət və Turizm Nazirliyi adından
forumda təmsil olunan qurumların rəhbərliyinə
müraciət ünvanlandı.
Tədbirdən sonra qonaqların
iştirakı ilə Qobustan Milli Tarix-Bədii Qoruğuna
infotur təşkil olundu.
Mehparə
* * *
Rəylər,
təəssüratlar...
Kulturoloqların II Beynəlxalq
Bakı Forumu 10 ölkənin - Böyük Britaniya, Türkiyə,
Rusiya, Gürcüstan, Macarıstan, Ukrayna, Qazaxıstan,
Belarus, Qırğızıstan və Özbəkistanı təmsil
edən mütəxəssislərin maraqlı məruzələri
ilə yadda qaldı. Qonaqlardan bir neçəsi konfrans barədə
təəssüratlarını qəzetimizlə bölüşdü.
Türkiyənin Erciyes Universitetinin müəllimi Rauf Kərimov:
- Mən Üzeyir Hacıbəyli
adına Azərbaycan Dövlət Konservatoriyasının məzunuyam.
12 ildir Türkiyə Cümhuriyyətinin Kayseri şəhərində
Erciyes Universitetində çalışıram. Bu konfransa məsləkdaşım,
universitetimizin dekan köməkçisi Gülay Karsıcı
ilə gəlmişik. Gülay xanım həm də mənim
elmi rəhbərimdir, inşallah yaxın müddətdə
müdafiəm olacaq. “Cümhuriyyət dövründə
Türkiyənin mədəniyyət siyasətində musiqinin
rolu” mövzusunda çıxış etdi. Mən də
forumda “Estetik zövqün siyasi mədəniyyətdə rolu”
mövzusunda məruzə etdim.
Biz çox konfranslarda, forumlarda,
simpoziumlarda iştirak etmişik və açığı,
belə yüksək səviyyəli bir forumun keçirilməsini
gözləmirdik. Bu bizim üçün böyük bir
sürpriz oldu.
Forumun iştirakçıları
çox gözəl mövzulara toxundular, məruzələr
arasında xüsusilə Bişkek İqtisad
Akademiyasının nümayəndəsi Keneşbek
Almakuçukovun “Qırğızıstanın insan
resursları: gündəlik mədəniyyət və zaman
büdcəsi” mövzusunda məruzəsini çox bəyəndim.
Bütövlükdə, konfransda hər kəsin mövzusu
olduqca önəmli və aktual idi. Buna görə də ilk
növbədə Mədəniyyət və Turizm Nazirliyinə,
konfransın təşkilatçılarına öz təşəkkürümüzü
bildiririk.
Erciyes Universitetinin
professoru Gülay Karsıcı:
- Mən İzmirdə musiqi təhsili almışam, 4 ildir ki, Erciyes Universitetinin
İncəsənət fakültəsinin
musiqi bölümündə
çalışıram. Həm də
dekan yardımçısıyam.
Əvvəlcə Bakı haqqında
təəssüratlarımı bölüşüm. Bakı, onun
tarixi abidələri,
insanları çox gözəldir. Bu şəhərdə möhtəşəm
heykəllər gördüm,
çox bəyəndim.
Xoşbəxtəm ki,
Mədəniyyət və
Turizm Nazirliyi bizi bu konfransa
dəvət etdi, yüksək qayğı və diqqət göstərdi, çox sağ olsunlar. “Cümhuriyyət dövründə Türkiyənin
mədəniyyət siyasətində
musiqinin rolu” mövzusunda məruzəm
maraqla qarşılandı.
Cümhuriyyətimizin qurulduğu illərdə
Mustafa Kamal Atatürk bütün sahələrə
xüsusi diqqət göstərirdi, onu düşündürən sahələrdən
biri də mədəniyyət siyasəti
idi. Mədəniyyət siyasətinin içində
musiqinin öz yeri var. Çünki milli musiqinin inkişafı əslində
xalqın ruhunun, zövqünün inkişafında
önəmli yer tutur. Bakı forumu sayəsində
bu mövzunu hər kəslə bölüşə bildim.
Təranə Vahid
Mədəniyyət.-
2012.- 15 iyun.- S. 6.