“Sənətə
təsadüfi adamlar gərək deyil”
Tofiq İsmayılov: “Əsl sənətkar sənəti
sevməli və xalqına düzgün xidmət etməlidir”
Sənət
istedadla yaranır. Lakin bu istedad dərin savada söykəndikdə
davamlı bəhrəsini verə bilir, o zaman söhbət əsl
sənətkardan gedir. Xalq artisti, professor, bir neçə bədii
və bir çox sənədli filmlərin rejissoru Tofiq
İsmayılov da belə sənətkarlardandır.
O, İncəsənət
İnstitutunda (indiki Mədəniyyət və İncəsənət
Universiteti) aktyorluq və rejissorluq ixtisasları üzrə təhsil
aldıqdan sonra Respublika Teleradio Verilişləri Komitəsində
rejissor köməkçisi (1960-1961) və rejissor (1962-1967),
"Azərbaycanfilm" kinostudiyasında rejissor köməkçisi
kimi çalışıb. Sonra ixtisasını artırmaq məqsədilə
Moskvaya gedir, orada kinorejissor və ssenaristlik üzrə ikiillik
kurslarda (1968-1969) təhsil alır. Bakıya qayıdaraq “Azərbaycanfilm"
kinostudiyasında quruluşçu rejissor kimi
çalışır.
1971-ci ildən Azərbaycan Dövlət
İncəsənət İnstitutunun rejissorluq kafedrasında dərs
deyir, 1988-1994-cü illərdə kafedranın müdiri olur.
1994-2006-cı illərdə dəvətlə Türkiyənin
Memar Sinan adına Gözəl Sənətlər Universitetində
professor kimi fəaliyyət göstərir. İstanbul
Böyükşəhər Bələdiyyəsində mədəniyyət
işləri üzrə müşavir işləyir. 2007-ci
ildən Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universitetində dərs deyir.
100-ə yaxın elmi-publisistik məqalənin,
“Qonşular”, “Sevinc yuxusu”, “Şəkil teatrı”, “Diş
ağrısı”, “Türk cümhuriyyətlərinin kino
tarixi” (türkcə, üç cilddə), “Türk
dünyası kino sənəti”, “Kinoya gedən pişik” (hekayə
və pyeslər) və s. kitabların müəllifidir. “Şəhərimizin
daşları”, “İntizar”, “Gilas ağacı”, “Bizim
küçənin oğlanları”, “Mən mahnı
qoşuram”, “Əzablı yollar” və s. filmlərin
rejissorudur.
Tofiq İsmayılov bu yaxınlarda
yeni filmin çəkilişlərinə başlayıb. Ona
söhbətimizdə ilk sualımız da bu barədə oldu:
- Hansı film üzərində
işləyirsiniz?
- Hələ 40 il əvvəl dahi
sənətkar Müslüm Maqomayev haqqında film çəkmişdim.
“Oxuyur Müslüm Maqomayev” filmi tamaşaçılar tərəfindən
geniş rəğbətlə qarşılandı,
böyük ekran həyatı yaşadı. Müslüm
Maqomayev dünya şöhrətli musiqiçi, estrada
müğənnisi, opera ariyalarının mahir
ifaçısı olmaqla yanaşı, həm də gözəl
aktyorluq, rəssamlıq qabiliyyəti olan çoxşaxəli
sənətkar idi. Həmin filmə çəkiləndə
öz rolundan başqa, ayrı-ayrı operalardan, səhnə əsərlərindən
11 müxtəlif rolu da məharətlə ifa etdi. Film Azərbaycan
kinosuna da uğur gətirən ekran əsərlərindən
oldu. Filmin ekranlara çıxmasından 10 il sonra
Müslümə həsr olunmuş daha bir film çəkmək
istədim, alınmadı, 20 il sonra isə artıq ssenari də
hazır idi, maliyyə məsələsi də həll
olunmuşdu, lakin bu dəfə Müslüm Maqomayevin səhhətində
yaranan problemlərə görə filmin çəkilişi
baş tutmadı. Bu gün həmin filmin ekranlara
çıxmasından 40 il ötüb və dahi müğənni
haqqında növbəti tammetrajlı sənədli filmin
üzərində işləyirəm.
- Yeni ekran əsərində
Müslüm Maqomayevin həyat və
yaradıcılığının hansı cəhətlərinə
xüsusi diqqət verəcəksiniz?
- Film üç novelladan
ibarət olacaq. Bu novellalarda sənətkar
üç tərəfdən
xarakterizə olunacaq.
Birinci novellada həyat yoldaşı, SSRİ Xalq
artisti Tamara Sinyavskayanın
gözü ilə Müslüm Maqomayevin xüsusiyyətləri təqdim
ediləcək. 35 il birgə yaşayan və hər ikisi böyük sənətkar
olan bu insanların
birgə həyatı
necə olub, həyatlarında nələr
baş verib, onların sənətə
münasibəti, dostluqları,
məhəbbəti hansı
formada olub? - bu məsələlər
önə çəkiləcək.
İkinci novellada sənətkarın yaxın
dostu Araz Ağalarovun dilindən Müslüm Maqomayev bir dost kimi təqdim
ediləcək. Üçüncü novellada isə Müslüm Maqomayev müəllim kimi xarakterizə olunacaq.
Əslində o, müəllim kimi
fəaliyyət göstərməyib,
amma gənc müğənni Emin Ağalarov onu öz müəllimi hesab edir. Üçüncü novellada onun
xatirələrilə dahi
sənətkarın xüsusiyyətləri
açılacaq.
- Çəkilişlər
nə yerdədir?
- Tamara Sinyavskaya Bakıya gələndə burada bizə lazım olan səhnələri çəkmişik. Bildiyiniz
kimi, onlar Bakıda tanış
olublar və məhəbbətləri bu
şəhərdə başlayıb.
Bakı ilə bağlı bəzi səhnələr
çəkilib. Təbii ki,
Moskvada da çəkilişlər olacaq.
Hazırda bununla bağlı
məkanları seçirik.
Oktyabrın əvvəlində Moskvada çəkilişlər
planlaşdırılır. Onu da deyim ki,
filmdə bədiiliyə
yol verilməyəcək.
Sırf sənədli-musiqili film olacaq.
- "Sənətkarlığımızın portreti" silsiləsindən
Tofiq Quliyev, Əminə Dilbazi, Gülxar Həsənova, Xəyyam Mirzəzadə haqqında bədii-sənədli
filmlərin müəllifisiniz.
Bu siyahıya daha kimlər əlavə olunacaq?
- “Sənətkarlığımızın
portreti” silsiləsi “Oxuyur Müslüm Maqomayev” filmindən sonra başladı. Mənim əsas məqsədim sənətkarları yaddaşlarda
yaşatmaqdır. Bu janrda film çəkmək
də çətindir.
Təbii
ki, siyahını davam etdirmək istərdim. Bəstəkar
Fərəc Qarayev,
opera müğənniləri Fidan və Xuraman
Qasımova bacıları,
Azər Zeynalov haqqında film çəkmək
niyyətindəyəm. Allah
ömür versə, siyahını zənginləşdirəcəyəm.
- Yazıçılıqla
necə, yenə məşğul olursunuzmu?
- Bu, mənim ən sevimli hobbimdir. Yazılarımda çox rahatam.
Hekayə və pyeslər
kitabım var. Arada yazıram.
- Pedaqoji fəaliyyətinizdən danışaq.
Tələbələr gələcəyə ümid verirmi?
- Gələcəyə
ümid həmişə
var. Bütün tələbələr
istedadlı olmasa da, aralarında kifayət qədər uğur qazananlar var. Sadəcə, onlara düzgün istiqamət verilməlidir.
- Xeyli müddət Türkiyədə
çalışmısınız. Türkiyə və Azərbaycanın
yaradıcı mühitləri
arasında fərqlər
nədən ibarətdir?
- Türkiyədəki
tələbələrlə bizim tələbələr
arasındakı fərqdən
xüsusən danışmaq
istərdim. Türkiyədə
incəsənət sahəsinə
ən yüksək bal toplayan tələbələr
sənəd verir. İncəsənət tələbənin şəxsi seçiminə
əsaslanır. Bizdə isə
sənətə bir qədər laqeyd münasibət var. Bu işdə
valideynlər bizə kömək olmalıdırlar.
Bu sahəyə təsadüfi adamlar gərək deyil. Əsl sənətkar sənəti
sevməli və xalqına düzgün xidmət etməlidir.
Bu zaman incəsənətimiz
də düzgün inkişaf edəcək.
- Sənətin
inkişafı üçün
ilk növbədə nə
önəmlidir?
- Bu sahədə
savad önəmlidir. Sənətə yaxşı bələd
olmaq lazımdır.
Təbii
ki, istedad öz yerində. Digər məsələ isə ixtisaslaşmadır. Kino rejissoru kino, teatr rejissoru teatrla məşğul olmalıdır. İxtisaslaşma əsasdır və işə qəbul da bunun əsasında
aparılmalıdır. İngilis dili müəllimi rus dilindən dərs deyə bilərmi? Sənət də bu prinsip əsasında qurulmalıdır.
- Sənət fəaliyyətinə televiziyadan
başlamısınız. Bu
sahədə vəziyyəti
necə qiymətləndirirsiniz?
- Təəssüf
ki, bu gün
telekanallarda dedi-qoduçuluq
daha çox təbliğ olunur. Əvvəllər kitabdan danışılırdı, hər
hansı yeni kitab, əsər və ya film müzakirə edilirdi. İndi isə kimin kiminlə ailə qurması, boşanması
gündəmə gəlib.
Bunlara qarşı mübarizə
aparmaq lazımdır.
Əsl sənət naminə çalışmaq və
təbliğat aparmaq önəmlidir.
- Rejissor kimi arzularınızı eşitmək istərdik...
- Təbii ki, arzular var. Yuxarıda dediyim kimi, Allah ömür versə, "Sənətkarlığımızın
portreti" silsiləsindən
filmlərin çəkilişini
davam etdirmək istərdim. Həmçinin Müslüm Maqomayev
haqqında tammetrajlı
bədii film də çəkmək istərdim.
Sənətkar istəyi bitib-tükənməzdir.
Yaşamağa nə qədər
zamanımız olsa, istəklərimiz də bir o qədər çox olacaq.
Söhbətləşdi: Reyhan
İsayeva
Mədəniyyət.-
2012.- 20 iyun.- S. 11.