Sözlə
naxışlanan portret
Yeni nəşrlər
Adətən, portreti ya fotoqraflar,
ya da rəssamlar yaradırlar. Fotoqraf elə məqamı
tutmağa çalışır ki, mənalı
görünsün. Portret sahibi əzəmətli, xoş təsir
bağışlasın, bir sözlə, hər şey mükəmməl
alınsın. Fotoqrafdan fərqli olaraq rəssam rənglərin
əlvanlığından istifadə edərək qəhrəmanının
obrazını daha parlaq yaratmağa can atır. Əlbəttə,
bunlar zahiri görüntülərdir. Təbii ki, nə
fotoqraf, nə rəssam söz sahibləri qədər
insanın daxili aləmini, arzu və istəklərini,
düşüncələrini olduğu kimi canlandıra bilməzlər.
Sözün qüdrəti elə böyükdür ki, ona
sığınaraq qəlb açarını tapa bilsən, hər
kəlmən bir aləm olar.
Bu
günlərdə «Qanun nəşriyyatı»nda işıq
üzü görmüş yeni nəşr - «Zaman xəbərsiz
ötdü...» adlı kitab məni tanış portretlə
üz-üzə gətirdi. Maraqlı bir müsahiblə həmsöhbət
oldum. Əslində yeni nəşr filologiya üzrə fəlsəfə
doktoru, şair Sona Vəliyevanın oxucularla növbəti
görüşü, daha doğrusu, yaradıcılıq
hesabatıdır. Beş bölmədən ibarət nəfis
tərtibatlı kitaba gözəl ürək və qələm
sahibi, jurnalist həmkarım Natiq Məmmədlinin
yazdığı ön sözdə məni ovsunlayan portretin
ilk cizgisinin dəqiq naxışlandığını duydum:
«Dəyərli oxucu, əlində tutduğun bu kitab tək bir
insanın öz qarşısındakı hesabatı deyil, bir
düşüncə adamının keçdiyi ömür
yolunun yalnız mühüm məqamlarını əks elətdirən,
amma özündə əsl Azərbaycan xanımının
xarakterini, alim yazısını ümumiləşdirən bir
əsərdir. Bu kitab səni düşündürən və
ömrün boyu da düşündürəcək
mövzular haqqındadır».
Söz həmişə
sahibinin kimliyini bəyan edir. İlk dəfə Sona
xanımın aşağıdakı misraları həm mənim
ürəyimi tərpətdi, həm də aramızda bir
körpü oldu:
Sökülən köhnə evimiz,
Əl
çəkmir məndən yuxumda.
Anam
oturub səkidə
Əli
qoynunda...
Bu misralar könlümü tar-mar etdi. Riqqətə gəlmiş duyğularım ürəyimi
dağıdırdı. Ata yurdumun
xarabalığı sinəmi göynədirdi. İllərdir gözlərimdən çəkilməyən
bu müdhişlik rahatlığımı əlimdən
alıb. Birdən-birə sanki öz
könlümdən çəkilən bu misraları Sona Vəliyevanın
şeirlərinin sarı simində tapmaq - məni ən
hündür bir dağa qaldırdı. Könlündə
söz adlı qibləgahı olanlar həmişə adiliklərdən
çox uzaqda dayanırlar. Bu
doğmalıq sonralar Sona xanımın neçə məziyyətini
mənə tanıtdı. Mübahisəsiz,
mübaliğəsiz və qətiyyətlə bir fikri
söyləməyi bu gün açıq ürəklə
vacib sayıram. Hazırda yazıb-yaradan
şair xanımlar arasında Sona Vəliyeva ən dəyərlisi
və fərqli poetik düşüncəyə malik
olanıdır. Əgər insanın
bütün varlığı, arzuları, ümidləri, istəkləri,
ətrafa münasibəti, işi-gücü - küll
halında bütün fəaliyyəti fəzilətdən
ibarətdirsə və bu fəzilət də hər bir
nizamın meyarıdırsa, Sona xanımın kimliyi bəllidir.
Elə bu topluda da müxtəlif ürəklərdən
su içmiş fikirlərin ünsiyyətində biz bu
xanımın fəzilətinin ilahidəngəlmə
olduğuna bir daha əmin oluruq. Şəxsiyyətlə
yaradıcılıq bir-birini tamamlayanda hər şey mükəmməl
və gözəl olur. Nə isə... Mətləbdən
uzaq düşməyək. Kitabdakı
müsahibələrdə, rəylərdə,
düşüncələrdə, elə müəllifin
öz məqalələrində fikirlər, sözlər
bir-birinə mehrlə bağlanaraq cilvələndikcə bir
tamlığın, bütövlüyün
yaranışında portret tamamlanıb.
Telejurnalistin («Xəzər» TV-nin) sualına cavabında
Sona xanımın bir fikri diqqətimi çəkdi: «İnsan
dolanda ağlayaraq özünü boşaldır. Mən dolanda ağlaya bilmirəmsə, bu zaman
şeir yaranır». Unudulmaz Bəxtiyar
Vahabzadəni xatırladım. O deyərdi: «Əsl
şeir qışqırıq deyil, ürəyin
pıçıltısı,
hıçqırtısıdır». Ürəyində
ağlayan şeirlərini kağıza
naxışladığı üçün də şairdir
Sona xanım.
«Mən mətbəxə sevə-sevə daxil oluram.
Bişirdiklərimi məni sevənlər
üçün hazırlayıram və çox səbirsizliklə
gözləyirəm ki, dadını, tamını mənə
desinlər». Bu, ailəsini,
övladlarını sevən, onlar üçün yaşayan
bir qadının, ananın missiyasını etiraf etməsidir.
Portretin də ən yaddaqalan cizgilərindən
biridir.
Müsahibələrinin
birində Sona xanım söyləyir: «İnsanın çox
yaxın olan birisi ölərsə, gözündən bir
damcı yaş çıxmaz, amma bəzən insan bir
şeirin önündə hönkür-hönkür ağlaya
bilər». Bu fikri doğuran da məhz onun
ovqatıdır. Sona Vəliyeva içində
çəhrayı rəng olan söz adamıdır. Bu səbəbdən də onun bütün
yaradıcılığında saflığın, təmizliyin
rəmzi olan çəhrayı rəngin əfsunu var.
Ona
ünvanlanan sualların birində rəhbərlik etdiyi «Kaspi»nin fəaliyyətinə toxunulur. Ədəbiyyata,
yaradıcılığa olan sevgisi Sona xanımın
cavabında bir həqiqətə işıq salır: «...Həftəsonu
«Kaspi» on iki səhifəlik ədəbiyyat əlavəsi ilə
ədəbiyyatsevərləri sevindirir». Bu gün ölkəmizdə
çox az qəzet tapılar ki, həftəsonu
ədəbiyyata geniş yer ayırsın. «Kaspi»nin bu missiyanı müntəzəm yerinə
yetirməsi həqiqətən də ədəbiyyata xidmətdir.
Ona görə də bu nəcib işə «ədəbiyyat
əlavəsi» deməyə adamın dili gəlmir. Çünki hər şənbə «Kaspi» əsl ədəbiyyat
qəzeti kimi əlimizdən düşmür. Bu uğurlu işin də qurucusu məhz peşəkar
qəzetçi və ədəbiyyatsevər Sona Vəliyevadır.
«İctimai»
televiziyanın qonağı olarkən müsahibə zamanı
o, belə bir cümlə işlədib: «Mən
özümü şair hesab etmirəm. Böyük
şairlərimiz var. Biz sadəcə olaraq öz daxili təlatümlərimizi
kağız üzərinə köçürən
adamlarıq». Bu cavab əslində
böyük poetik dünyaya malik olan, çox istedadlı,
ancaq sadə bir xanımın təvazökarlığıdır.
Elə inkar var ki, onun bütün ahəngində
təsdiq duyulur.
Sən
bildin, mən bildim,
bir də dörd divar,
Başqası duymasın dərdimiz nədir.
Yarıya
böldüyün papirosların
Kül
yeri, köz yeri ürəyimdədir, -
deyən Sona xanım, siz necə şair olmaya
bilərsiniz? Elə bu kitabda araşdıraq
görək Azərbaycanın görkəmli şair və ədəbiyyatşünas
alimləri yaradıcılığınızla bağlı
hansı fikirdədirlər?
Fikrət
Sadıq:
«Aman Allah,
içimizdə
Bu
torpağı sevməyə
Bu
çiçək təpəri,
Bu çiçək sevdası bitir.
...Əgər Sona xanım təkcə bu şeiri
yazsaydı, bəs idi. Tanrı ən
uğurlu, ən nurlu bir gündə ona kövrək və sərt
bir ürək bəxş etmişdir. Buna
buta deyirlər, vergi deyirlər».
Qeyd edək ki, şuşalı Ağabəyim
Ağa Azərbaycan ədəbiyyatına bir bayatı ilə
daxil olaraq əbədiyaşarlıq qazandı.
Sabir
Rüstəmxanlı: «Onun şeirlərinin ədəbiyyatımızda
müstəqilliyimizə özül hazırlayan Bəxtiyar
Vahabzadə, Məmməd Araz, Xəlil Rza Ulutürk,
qadınlardan Mədinə Gülgün, Hökümə
Bülluri və başqalarının vətəndaşlıq
xəttinə bağlılığı göz
qabağındadır... Bu baxımdan «Arazbarı» şeirindən
bir-iki nümunəyə baxmaq yetərlidir:
...Göyçə, Şuşa. Təbriz
dərdi
Köhnəldikcə təzələndi.
Sönüb külümdən közərdim,
Odum boyumdan yuxarı.
...Sona
xanımın şeirləri ürəyimizdə vətən
havasını, uşaqlıq dünyamızın xiffətini əsdirir.
Yenidən tərk edilmiş ocaqlara qayıdırıq,
payızın sarılığından, narın
yağışların kədərindən, ot
basmış qəbiristanlıqlarda məzar daşlarına
dönmüş atalarımızın, analarımızın
şirin xatirələrindən keçirik. Nəfəsimiz
genişlənir, ruhumuz təzələnir...».
Böyük Məmməd Araz söyləyirdi ki, indi
şeir yazmaq siqaret çəkməkdən asan olub. Ütülənmiş fikirlərin, məlum qafiyələrin
baş alıb getdiyi bir zamanda ruhu tərpədə bilmək,
onu təzələmək hər kəsə nəsib deyil.
Bu xoşbəxtlik yalnız şair
doğulanların qismətinə yazılıb. Bəlkə
də ona görə Rüstəm Behrudi qətiyyətlə
söyləyib: «Birnəfəsə oxudum Sona xanımın
kitabını. Hay-küydən, pafosdan, qulaq
cırmaqlayan ifadələrdən uzaq bir şeir kitabı
ruhumu oxşadı». Şair olmağın
başqa yolu varmı ki, Sona xanım? Sizin
sözlərinizdən nəğmə libası geymiş nəğmələriniz
xalq mahnılarımız kimi qədim görünür.
Bu köhnə təzəliyin içindəki fikirlər isə
bizi düşündürür, düşündürür və
çox uzaqlara aparır:
Gözündən alışan kədərə neynim,
Mən hicran danışan qədərə neynim.
Puç
olan ömrə, hədərə neynim,
Eşqin dastan oldu, ay Qaragilə.
İstər-istəməz
unudulmaz Rübabə Muradovanın yanıqlı səsi
varlığıma doldu: «Gəlmişəm o taydan oyadam səni
(otağına yox, o taydan - F.X.), Qaragilə». Ürəyimizə
dolan xiffətdən bir genişlik tapdıq. «Qaragilə»nin yeni mərhələsini
mahnılarımızda siz başladınız Sona xanım. Özü də çox uğurlu və həzin.
Fərəhlə deyə bilərik ki, Sona Vəliyevanı
vətəndaş şair kimi təqdim edən şeirləri
çoxdur. Ritorikadan, pafosdan, sünilikdən çox
uzaq olan şairin vətən, torpaq sevgisi içindəki
çəhrayı rəngdən doğur: təbii, səmimi,
təsirli və düşündürücü. Əgər
bu zərif xanımın sinəsindən gələn qətiyyətdə
deyilirsə: «Uğrunda ölməyi bacarmadıqca, torpaq
unudacaq vətən olmağı». Bu, sadəcə
bir şeirin uğurlu misrası deyil. Bu bir
ananın ismarıcıdır,
çağırışıdır. Bəlkə də
div yuxusuna getmişlərin qolundan tutub silkələməsidir:
Oyan, ey Vətən oğlu!
Jurnalist Təranə
Vahidin bir fikri məni yaman tutdu: «Onun şeirləri yol kimidir.
Oxuduqca oxuyursan... Onun şeirləri bulud kimidir.
Nə vaxt hisslərinə, duyğularına, ruhuna
yağacağını bilmirsən... Onun şeirləri
sarı çiçək kimidir, bir az qəmli, bir az kədərli
və sevimli...» Həqiqətən belədir.
Sona Vəliyevanın şeirlərini mənə
sevdirən onun mayasındakı kədərdir. Kədərdən, kövrəklikdən isə
qorxmaq gərək deyil. Məmməd Araz deyirdi: «Kövrəklik
olmayan yerdə heyrət, heyrət olmayan yerdə isə kəşf
yoxdur». Bax, bu kəşflərin nəticəsində günlərin
birində «Arazbarı»nı köz kimi sinəmə
sıxdım. Dərdlərim dil açıb
danışdı. Yadıma Habilin
kamanı, Ramiz Quliyevin tarı, daha nələr
düşdü. Siz məni
danışdırdınız, dilləndirdiniz və sübut
etdiniz ki, dünya heç də başdan-başa biganə və
laqeydlərlə dolu deyil. Bu min rəngli, min üzlü
dünyada sözə sığınan, onun gücünə
misra-misra belə böyük bir poetik dünya quranlar da var.
İnandırdınız ki, təkcə mən yuxularda viranə
olmuş yurd yerlərini görmürəm... Əslində,
sizin vətən ünvanlı şeirləriniz əsl dərslik
materialıdır. Uşaqlar oxusun, öyrənsin,
onun hər ahəngindən qəlblərə məhəbbət
süzülsün.
Kitabın üçüncü bölməsində
Sona Vəliyevanın publisistik etüdləri toplanıb.
Burada Bəhruz Kəngərlinin yurd aşiqliyindən, Əzim
Əzimzadə yaradıcılığından, «Molla Nəsrəddin»
jurnalının əxlaqi dəyərlərindən,
Müşfiq şeirinin qayəsindən, ilk peşəkar
rejissor Soltan Dadaşovun fəaliyyətindən, Azərbaycan
heyranı İrfan Ülkünün işıqlı qələmindən
söz açılır. Elə bu bölümdə
“Üç əsrin qəzeti - «Kaspi»dən «Kaspi»yə”
adlı məqaləsində Azərbaycan mətbuatında məfkurə
məktəbi olan «Kaspi» qəzetindən başlayaraq
bugünkü «Kaspi»nin ənənələri necə davam
etdirməsindən danışan müəllif yazır: «Kaspi»
qəzeti media aləminə öz gəlişi ilə əsas
məqsəd kimi klassik sələfinin ənənələrinə
sadiq qalaraq milli bir qəzet olmağı, digər tərəfdən
Qərb mətbuatının inkişaf prinsiplərindən bəhrələnərək
daim yenilik və müasirləri öz fəaliyyətində əks
etdirməyi qarşısına məqsəd qoydu. Söz, mətbuat azadlığının gətirdiyi
azadfikirliyin ölçü-biçisini düzgün dərk
etdi». 1999-cu ilin yanvarından üzübəri
mətbuatımızda öz həqiqi yerini tapan «Kaspi»
adını daşıdığı qəzetin layiqli
davamçısı olduğunu təsdiqlədi. Bu uğuru da şərtləndirən bir sıra məqamlar
var. Ən başlıcası, Sona Vəliyevanın
«Kaspi»çiləri düzgün seçərək
onların fəaliyyətinə əsl şərait yarada bilməsi
oldu. Bu təşkilatçılıq
işi də, bu peşəkarlıq da haqqında
danışdığımız portretin mühüm cizgilərindəndir.
AMEA-nın
müxbir üzvü Nizami Cəfərov Sona xanımın azərbaycançılıq
ideologiyasının tədqiqatçısı və təbliğatçısı
kimi mühüm fəaliyyətini dəyərləndirərək
yazıb: «Sona Vəliyeva azərbaycançılıq
ideologiyasının köklərini, təkamül mərhələlərini
kifayət qədər sistemli bir şəkildə nəzərdən
keçirərək belə bir düzgün nəticəyə
gəlir ki, azərbaycançılıq ideologiyası XIX əsrin
sonu, XX əsrin əvvəllərində ideologiyaya
çevrilsə də, XX əsr boyu mürəkkəb bir təkamül
yolu keçmişdir. Azərbaycan mütəfəkkirləri
həmin ideologiyanın təkmilləşməsi, Azərbaycan
cəmiyyətinin şüurunda yer tutması
üçün sadəcə çalışmamış, zəngin
tarixi olan bir mücadilə vermişdir».
Fərəhlə deyə bilərik ki, Sona Vəliyeva
məhz bu mücadilə tarixinin əsaslarını öz əsərində
ilk dəfə aydın və mükəmməl şəkildə
təhlil edərək hər bir mərhələnin
özünəməxsus səciyyəsini verə bildi.
Bu toplunu
başa vurduqca sözdən naxışlanan portretin cizgiləri
bir-bir gözlərimiz önündə açıldı:
gözəl xanım, ailəsinə bağlı qadın,
mehriban ana, sədaqətli övlad, həssas dost, vətən
aşiqi, istedadlı şair, məntiqli müsahib, dərinliklərə
varan publisist, idarə etməyi bacaran peşəkar, zəhmətkeş
alim, ictimai xadim və nəhayət, əsl İnsan! Bu xüsusiyyətlərin hər biri zəngin daxili
aləmin göstəricisidir. Onların
hamısının bir yerdə cəmləşməsi isə
xoşbəxtlikdir. Müəllif söyləyir: «Zaman xəbərsiz
ötdü...». Bu xəbərsiz ötən zamanın
hesabatını oxuduqca bir məsələni çox sevdiyim
Sona xanıma çatdırmaq istərdim: «Biz ki sizdən xəbərdarıq...»
Flora Xəlilzadə,
yazıçı-publisist
Mədəniyyət.- 2012.- 20 iyun.-
S. 10.