Türkiyədə
Azərbaycan Mədəniyyəti Günləri
“Qardaş xalqlarımızın mədəniyyətlərinin
mübadiləsi olduqca vacibdir. Bizim bir millət olduğumuzu
nümayiş etdirməyimiz lazımdır”
İyunun 18-də Türkiyədə Azərbaycan Mədəniyyəti
Günləri başlayıb. İki dost, qardaş ölkə
arasında mədəni əlaqələrin daha da
inkişafına xidmət edən tədbirlərdə mədəniyyət
və turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə
ziyalılar və incəsənət ustalarından ibarət
70 nəfərlik nümayəndə heyəti iştirak edir.
Mədəniyyət günlərinin
açılış mərasimi iyunun 18-də Ankaranın
“CerModern” incəsənət mərkəzində
keçirilib. Türkiyə və Azərbaycanın mədəniyyət
və turizm nazirləri Ərtoğrul Günay və Əbülfəs
Qarayev tədbir çərçivəsində təşkil
olunmuş xalq sənəti sərgisinin
açılışını bildirən qırmızı
lenti kəsiblər.
Mərasimdə
çıxış edən nazir Ərtoğrul Günay qeyd
edib ki, Türkiyədə Azərbaycan Mədəniyyəti
Günlərinin keçirilməsi əslində bir xalqın
musiqi, mədəniyyət inciləri və mədəni
irsinin nümayişidir. Çünki Azərbaycan və
Türkiyə xalqları bir milləti təmsil edirlər.
Türkiyədə qardaş Azərbaycanın zəngin mədəniyyəti
çox yaxşı tanınır və sevilir.
Mədəniyyət və turizm
naziri Əbülfəs Qarayev çıxışında
vurğulayıb ki, bu tədbir iki qardaş ölkənin mədəni
əlaqələrinin tarixində yeni bir səhifə
açır: “Biz bütün sahələrdə, o cümlədən
mədəni əməkdaşlığın gücləndirilməsində
göstərdikləri səylərinə görə, ilk
növbədə, ölkələrimizin rəhbərlərinə
təşəkkürümüzü bildirmək istəyirik.
Eyni zamanda, Türkiyə tərəfinə də yüksək
təşkilatçılıq və qonaqpərvərlik
üçün minnətdarlığımızı bildirir,
bu gündən etibarən Azərbaycanda da Türkiyə Mədəniyyəti
Günlərinin keçirilməsi üçün
hazırlıq işlərinə
başlanıldığını bəyan edirik”.
Açılış mərasimindən
sonra Ankaranın Ulus rayonundakı teatrda Azərbaycan incəsənət
ustalarının iştirakı ilə geniş konsert
proqramı təqdim olunub. Qara Qarayev adına Azərbaycan
Dövlət Kamera Orkestri (bədii rəhbər və baş
dirijor Xalq artisti Teymur Göyçayev), Dövlət Rəqs
Ansamblı (bədii rəhbər Xalq artisti Afaq Məlikova),
solistlər - vokalçı, Xalq artisti Samir Cəfərov, gənc
vokalçı Aygün Zeynalova, eləcə də muğam
ifaçıları, respublika müsabiqələri
laureatları Babək Niftəliyev və Arzu Əliyeva, Sahib
Paşazadənin rəhbərliyi ilə instrumental ansambl,
balaban ifaçısı Şirzad Fətəliyev, müğənni
Azərin və beynəlxalq müsabiqələr laureatı
Elvin Xoca Qəniyev konsertdə çıxış ediblər.
Türkiyənin milli müdafiə
naziri İsmət Yılmaz, ölkəmizin Türkiyədəki
səfiri Faiq Bağırov və digər rəsmi şəxslər
mərasimdə iştirak ediblər.
Mədəniyyət
tədbirləri davam edəcək
Həmin gün Azərbaycanın mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev “TRT-Avaz”
telekanalının canlı efirinin qonağı olub. Türkiyədə
Azərbaycan Mədəniyyəti Günlərinin keçirilməsinin
böyük əhəmiyyətini vurğulayan nazir qeyd edib ki,
Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən
ötən 20 il ərzində iki qardaş ölkə
arasında çoxlu sayda mədəniyyət tədbirləri
keçirilib. Bu illərdə yüzlərlə Azərbaycan
sənətçisi Türkiyədə müxtəlif tədbirlərdə,
konsert proqramlarında çıxış edib. Eyni zamanda,
türkiyəli sənət adamları Azərbaycanda müxtəlif
tədbirlərə qatılıblar. Lakin ilk dəfədir ki,
qardaş ölkədə Azərbaycan Mədəniyyəti
Günləri belə geniş formatda keçirilir: “Türkiyə
tərəfi Azərbaycan Mədəniyyəti Günlərinin
yüksək səviyyədə keçirilməsi
üçün hər cür şərait yaradıb. Buna
görə mən əlaqədar şəxslərə və
qurumlara təşəkkür edirəm. Ulu öndər Heydər
Əliyevin «Bir millət, iki dövlət» sözlərini
xatırlamaq çox yerinə düşər. Doğrudan da
qardaş xalqlarımızın mədəniyyətlərinin
mübadiləsi olduqca vacibdir. Bizim bir millət olduğumuzu
nümayiş etdirməyimiz lazımdır.
Düşünürəm ki, həm Ankarada, həm İzmirdə
keçirilən tədbirlərin əks-sədası
çox müsbət olacaq”.
Nazir mədəniyyət günləri
çərçivəsində Ankarada və İzmirdə nəzərdə
tutulan tədbirlərdən də danışıb. Qeyd edib
ki, Ankarada açılan sərgidə UNESCO-nun Qeyri-maddi-mədəni
irs siyahısına daxil olmuş Azərbaycan
xalçaçılıq məktəbinin nümunələri
ilə yanaşı, Azərbaycan rəssamlarının əsərləri,
milli geyim və xalq tətbiqi sənət nümunələrimiz
də nümayiş olunur. Nazir sərginin İzmirdə də
sənətsevərlərə təqdim olunacağını
deyib. Nazir mədəniyyət günləri çərçivəsində
dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illiyi
münasibətilə elmi konfransın keçirilməsinin əhəmiyyətini
də vurğulayıb.
Əbülfəs Qarayev
vurğulayıb ki, mədəniyyət günlərinin rəsmi
proqramı iyunun 21-də İzmir şəhərində
keçirilən mərasimlə başa çatacaq, lakin
Türkiyədə Azərbaycan mədəniyyəti və incəsənətini
təbliğ edən tədbirlər qarşıdakı
günlərdə və həftələrdə də davam edəcək.
Nazir bu sırada Türkiyənin bir neçə şəhərində
böyük Azərbaycan dramaturqu Mirzə Fətəli Axundzadənin
200 illiyinə həsr olunmuş tədbirlərin keçiriləcəyini,
teatr tamaşalarının nümayiş olunacağını
da deyib. Tamaşalar iki ay müddətində Türkiyənin
müxtəlif teatrlarında göstəriləcək.
Bundan əlavə, iyunun 26-da mədəniyyət
tədbirlərinin məntiqi davamı olaraq «Aspendus»
teatrında Xalq artisti, görkəmli bəstəkar Polad
Bülbüloğlunun “Eşq və ölüm” baleti təqdim
olunacaq. “Bu da Azərbaycan mədəniyyətinin bir
payıdır. Çoxsaylı tamaşaçılara yeni bir
formada Azərbaycan musiqisinin gözəlliyi təqdim olunacaq”,
- deyə nazir vurğulayıb.
Mədəniyyət.-
2012.- 20 iyun.- S. 8.