Nabran ölkənin mühüm
turizm mərkəzinə çevrilib
Yay
turizm mövsümünün açılmasından sonra
bölgəyə ilk infotur gerçəkləşdi
«Azərbaycanda
fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli
obyektlərlə turizm şirkətlərinin əlaqələrinin
yaranması, onların bir-biri ilə əməkdaşlığı
zəminində daxili turizm bazarının inkişafı
gündəmdə duran əsas məsələlərdən
biridir. Bu məqsədlə Mədəniyyət və Turizm
Nazirliyi tərəfindən lazımi işlər
görülür. Belə tədbirlərdən biri də
regionlarda yerləşən turizm xidməti obyektlərinə
jurnalistlərin və turizm şirkətləri nümayəndələrinin
iştirakı ilə mütəmadi infoturların təşkilidir”.
Bu sözləri iyunun 16-17-də
Xaçmaz rayonunun Nabran bölgəsindəki (Seyidli qəsəbəsi)
«Malibu» istirahət mərkəzinə infotur zamanı Mədəniyyət
və Turizm Nazirliyinin Turizm şöbəsinin Daxili turizmin
inkişafı sektorunun məsləhətçisi Cəfər
Qarayev söylədi. Nazirliyin dəstəyi, «Malibu» istirahət
mərkəzinin təşkilatçılığı ilə
gerçəkləşən infoturda turizm şirkəti əməkdaşları
və kütləvi informasiya vasitələri nümayəndələrindən
ibarət 40 nəfərlik heyət iştirak edirdi.
Nazirlik rəsmisi bildirdi ki, «Azərbaycan
Respublikasında 2010-2014-cü illərdə turizmin
inkişafına dair Dövlət Proqramı»nın icrası
çərçivəsində reallaşdırılan tədbir,
eyni zamanda, Azərbaycanın turizm baxımından ən
potensiallı rayonlarından olan Xaçmazla
tanışlıq məqsədi daşıyır: «Ötən
il Nabrandakı «Palma» istirahət mərkəzinə infotur təşkil
edilmişdi. Təcrübə göstərir ki, belə səfərlərin
təşkili bölgəyə və konkret olaraq istirahət
mərkəzinə gələnlərin sayına müsbət
təsir göstərir. Gələcəkdə də belə
səfərlərin davamlı olaraq təşkili nəzərdə
tutulur”.
Şabrandan Nabranadək...
Bakıdan Nabrana səfərimizin
ilk dayanacağı Şabran rayonu ərazisində oldu.
İnfotur iştirakçıları qədim Şabran şəhərinin
qalıqları ilə tanış oldular. Şahnəzərli
kəndi yaxınlığında yerləşən qədim
şəhər qalıqları barədə məlumatı isə
tarixçi Əsədulla Hüseynovdan aldıq. Onun sözlərinə
görə, 2500 il tarixi olan qədim Şabran şəhəri
V-VI əsrlərdə bölgənin mühüm
yaşayış məntəqəsi olub. 6,5 min hektar ərazisi
olan qədim Şabran tarixi İpək Yolunun üzərində
yerləşdiyindən bura, eyni zamanda ticarət mərkəzi
kimi tanınıb. Şəhər zaman-zaman müxtəlif
yadelli orduların işğalçılıq müharibələri
gedişində üç dəfə güclü dağıntıya
məruz qalıb. XVIII əsrə Şabranın yalnız
xarabalıqları gəlib çıxıb. Qədim şəhərin
varlığı barədə sübutlar isə 1979-cu ildən
toplanmağa başlayıb. Həmin vaxtda Şahnəzərli
kəndi yaxınlığında 0,9 hektar sahədə
qazıntı işləri başlanıb. Hazırda Şabran
Şəhər Tarix-Diyarşünaslıq Muzeyində qədim
Şabran şəhərinə aid 4 mindən artıq eksponat
toplanıb.
Tarixi abidə ilə
tanışlığımızı bitirib yenidən
Xaçmaz istiqamətində yolumuza davam edirik. Yolboyu
qarşılaşdığımız yaşıllıqlar,
bir tərəfdə ucu-bucağı görünməyən əkin
sahələri, meşələr, digər tərəfdə
isə mavi dəniz buranın, doğrudan da, cəlbedici turizm
məkanı olmasından xəbər verirdi. Rayon əhalisinin
əsas gəlir mənbəyi əkinçilik və turizmdir.
Nabran-Yalama-Xudat yolu boyunca ilin bütün fəsillərində
təzə meyvə-tərəvəzə rast gəlmək
olur. Xaçmaz rayonu ev şəraitində
hazırlanmış müalicəvi əhəmiyyətli meyvə
şirələri və içkiləri ilə də məşhurdur.
Rayonun təbii-coğrafi mövqeyi
onu Azərbaycanın mühüm turizm bölgələrindən
birinə çevirib. Burada ən çox çimərlik
turizmi inkişaf edib. Rayon mərkəzindən çox da
uzaqda olmayan Nabranın adını eşidəndə
adamın gözləri önünə ilk olaraq dəniz və
çimərliklər gəlir. 1960-cı illərdən
müxtəlif dövlət idarələrinin həmkarlar
ittifaqları burada öz işçiləri üçün
istirahət evləri tikməyə başlayıblar.
Hazırda isə Nabran gözəl təbiəti, qonaqpərvər
insanları ilə bərabər, yüksək standartlara cavab
verən turizm obyektləri ilə də tanınır.
Bu il Xaçmaza 80 min nəfər
turistin gəlməsi gözlənilir
Nəhayət, avtobusumuz mənzil
başına yetişdi.
Artıq
günorta saat 13:30 idi. Bizim üçün əvvəlcədən ayrılmış
kotteclərə yerləşib,
yarım saatdan sonra nahara qatıldıq.
Günortadan sonra isə
səfərin proqramına
uyğun olaraq, «Malibu»
istirahət mərkəzinin
konfrans zalında təşkil edilmiş təqdimat mərasimi keçirildi. İstirahət
mərkəzinin təsisçisi
Abdulla Muradov qonaqları
salamladıqdan sonra
«Malibu» barədə qısa
məlumat verdi.
Onun sözlərinə
görə, istirahət
mərkəzi artıq
10 ildir ki, fəaliyyət göstərir:
«Gördüyünüz bu
mərkəzin ərazisi
vaxtilə sovxoz qarajı idi. Xaçmazın füsunkar təbiətini
və ərazinin dənizə yaxınlığını
nəzərə alıb
burada gözəl bir istirahət mərkəzi yarada biləcəyimizi fikirləşdik.
Elə də oldu. 10 il əvvəl
bir neçə kotteclə işə başlayan «Malibu» artıq
380 nəfər qonağı
eyni vaxtda qarşılayıb yola salmaq imkanındadır».
A.Muradov ötən illərə nisbətən
bu il
qiymətlərdə bəzi
yeniliklər etdiklərini
də iştirakçıların
diqqətinə çatdırdı.
Belə ki, müştərilərə
təklif edilən qiymətlərə (40 manatdan
başlayaraq) gündəlik
üç dəfə
yemək də daxildir.
Xaçmaz Rayon Mədəniyyət
və Turizm Şöbəsinin müdiri
Nazim Ağayev infoturların həm rayonun turizm potensialının tanıdılmasında,
həm də turizm xidmət müəssisələri ilə
turizm şirkətləri
arasında sıx işgüzar münasibətlərin
yaradılmasında xüsusi
əhəmiyyət daşıdığını
bildirdi. Onun sözlərinə görə, Xaçmaz rayonu ərazisində ümumilikdə 70-ə yaxın
turizm obyekti fəaliyyət göstərir.
Onlardan 34-ü Mədəniyyət
və Turizm Nazirliyinin lisenziyasını
alıb: «Rayonumuza gələn turistlərin sayı on minlərlə ölçülür. Hər
il də
bu say artır. Ötən il
Xaçmaza 50 mindən
artıq turist gəlib. Bu il
isə bu rəqəmin 80 min nəfər
olacağını gözləyirik.
Bir faktı nəzərinizə
çatdırım ki,
mövsümün təzəcə
başlamasına baxmayaraq,
artıq 2 mindən çox turist dincəlmək üçün
rayonumuza təşrif
buyurub. Təbii ki, buna may ayında
Bakıda keçirilən
«Eurovision-2012» musiqi yarışmasının
da təsiri var. Hazırda Xaçmazda yerləşən turizm obyektlərində xarici qonaqların sayı daha da artıb.
Xüsusilə həftəsonu burada
boş yer tapmaq çətindir».
Şöbə
müdiri bu günlərdə Mədəniyyət
və Turizm və İqtisadi İnkişaf nazirliklərinin
nümayəndələrindən ibarət monitorinq qrupunun rayondakı turizm obyektlərində xidmətin səviyyəsi,
onların standartlara cavab verməsi və s. məsələləri
yoxlayacağını da
qeyd etdi.
Sonra infotur iştirakçılarına
«Malibu» istirahət mərkəzinin
10 illik yubiley tədbirində iştirak
etdiklərinə görə
hədiyyələr və
sertifikat verildi. Tədbir axşam saatlarında şou-proqramla davam etdirildi.
* * *
Sonda bir neçə
məqamı vurğulamaq
istərdik. İkigünlük səfər müddətində
apardığımız müşahidələr
əsasında deyə
bilərik ki, Azərbaycanın turizm sektorunda mütəxəssislər
tərəfindən qeyd
edilən xidmətin səviyyəsi ilə bağlı problemlərə
«Malibu» istirahət mərkəzində
rast gəlmək mümkündür. Buraya yemək
zamanı xidməti personalın peşəkarlığının
arzuolunan səviyyədə
olmamasından kotteclərdə
və ərazidə təmizliyədək bir sıra məsələlər
daxildir. Lakin onları
qısa zamanda aradan qaldırmaq mümkündür. Onu da qeyd edək ki, istirahət mərkəzinin rəhbərliyi
və işçiləri
bizim bu dostyana iradlarımızı
səmimi qəbul edərək gələcəkdə
nəzərə alacaqlarını
bildirdilər. Biz də onlara fəaliyyətlərində uğurlar
və bu yay mövsümündə
çoxlu turist qəbul etməyi arzuladıq.
Fəxriyyə Abdullayeva
Mədəniyyət.-
2012.- 20 iyun.- S. 7.