“Sərgüzəşti-Mirzə Fətəli Axundzadə”

 

   Gənc Tamaşaçılar Teatrı böyük ədibin yubileyinə həsr olunmuş festivalda dörd tamaşa təqdim edib

  

   Prezident İlham Əliyevin “Mirzə Fətəli Axundzadənin 200 illik yubileyinin keçirilməsi haqqında” 2010-cu il 13 aprel tarixli sərəncamına uyğun olaraq Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Sərgüzəşti-Mirzə Fətəli Axundzadə” Milli Teatr Festivalı yekunlaşmaq üzrədir.

  

   21 dövlət teatrının 24 tamaşa ilə qatıldığı festival çərçivəsində daha bir premyera iyunun 14-də Dövlət Gənc Tamaşaçılar Teatrında gerçəkləşdi. Teatr Xalq artisti Cənnət Səlimovanın quruluşunda böyük dramaturqun “Müsyö Jordan və dərviş Məstəli şah” əsərinin tamaşasını təqdim etdi.

   Tamaşadan öncə festivalın tənqidçilər qrupunun üzvləri - sənətşünaslıq namizədi, teatrşünas Aydın Talıbzadə və dramaturq Əli Əmirli çıxış edərək festivalın əhəmiyyəti haqqında fikirlərini tamaşaçılarla bölüşdülər. Qeyd edildi ki, Gənc Tamaşaçılar Teatrı festivala Axundzadənin dörd əsəri ilə qatılıb. Sonra Milli Teatr Festivalında iştirakına görə teatra və premyerası nəzərdə tutulan tamaşanın rejissoru Xalq artisti Cənnət Səlimovaya diplom və mükafatlar təqdim edildi.

   Böyük ədibin komediyası əsasında hazırlanan “Müsyö Jordan və dərviş Məstəli şah” tamaşasının quruluşçu rəssamı Əməkdar rəssam Tahir Tahirov, rəqslərin quruluşçusu isə Sənan Hüseynlidir.

   Səhnə əsərində əməkdar artistlər Leyli Vəliyeva (Şəhrəbanu), Gülər Nəbiyeva (Xanpəri), Elşən Rüstəmov (Müsyö Jordan), Şövqi Hüseynov (Məstəli şah), aktyorlar Kərəm Hadızadə (Hətəmxan ağa), Asya Atakişiyeva (Şərəfnisə), Elnur Hüseynov (Şahbaz) və başqaları rol alıblar.

   Dəfələrlə səhnəyə qoyulmuş, həmçinin 1976-cı ildə “Azərbaycanfilm”də ekranlaşdırılmış əsərin mövzusu hər kəsə bəlli olsa da, tamaşa böyük maraqla izlənildi. Səhnə əsərinin müasir dövrlə ayaqlaşan mövzusu həmişəki kimi insanları düşündürürdü. Aktyorların maraqlı oyun tərzləri, səhnə geyimləri və s. tamaşaçını özünə cəlb edə bildi. Digər maraqlı cəhət isə aktyor Elnur Hüseynovun canlı olaraq səhnədə muğam ifa etməsi oldu. Müsyö Jordan rolunun ifaçısı Elşən Rüstəmovun aktyor oyunu da yaddaqalan idi. Şəhrəbanu obrazını canlandıran Leyli Vəliyeva da fərqli ampluada görünürdü. Hiss olunurdu ki, aktrisa obrazın uğurlu alınması üçün bütün qüvvəsini sərf edib və səhnəyə obrazını böyük bir məhəbbətlə sevərək çıxıb. Bir sözlə, premyera uğurla başa çatdı.

  

   * * *

 

   İyunun 15-də Gənc Tamaşaçılar Teatrında böyük ədibin daha bir əsəri - “Lənkəran xanının vəziri” komediyası nümayiş olundu.

   İyunun 16-da isə teatr sənətsevərlərə “Hacı Qara” tamaşasını təqdim etdi. Xəsislik, tamahkarlıq, ikiüzlülük, yaltaqlıq, qorxaqlıq kimi mənfi sifətlərin tənqid olunduğu tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Bəhram Osmanov, quruluşçu rəssamı Əməkdar rəssam Altay Seyidov, rejissoru Sərvər Əliyev, musiqi tərtibatçısı İradə Muradovadır.

   Əsas qəhrəmanlar - Hacı Qara və Heydər bəy xətti üzrə inkişaf edən səhnə əsəri hər iki obrazın zəmanədən gileyi, pulsuzluqdan şikayəti ilə başlayır. Bu iki obrazı birləşdirən cəhət qısa zamanda pul qazanmaq istəyidir. Onların hər birinin ayrı-ayrılıqda bunun üçün əhəmiyyətli səbəbləri vardır. Biri tamahkarlığı və xəsisliyi sayəsində itirdiyi 100 manatının əvəzini qazanmaq, digəri isə evlənmək istəyir...

   Xalqımızın qədim və zəngin həyat tərzini, milli adət-ənənələrini əks etdirən tamaşada əsas rolları Xalq artisti Yasin Qarayev, əməkdar artistlər Lətifə Əliyeva, Elşən Rüstəmov, Naibə Allahverdiyeva, Rahib Əliyev, aktyorlar Manaf Dadaşov, Ceyhun Məmmədov, Şəbnəm Hüseynova canlandırıblar.

   İyunun 17-də teatrın səhnəsində böyük dramaturqun daha bir əsərinin - “Xırs quldurbasan” pyesinin tamaşası göstərildi.

  

   * * *

 

   Digər teatrların festival tamaşalarına gəlincə, iyunun 16-da Azərbaycan Dövlət Kukla Teatrı ədibin 200 illik yubileyi münasibətilə hazırladığı “Müsyö Jordan və dərviş Məstəli şah” tamaşasını göstərib. Ayın 17-də isə “Yuğ” Dövlət Teatrı “Naməlum Axundzadə” tamaşasını sənətsevərlərə təqdim edib. İrəvan Dövlət Azərbaycan Dram Teatrının hazırladığı «Mürafiə vəkilləri» tamaşası isə iyunun 18-də Dövlət Rus Dram Teatrının səhnəsində nümayiş olunub.

   “Sərgüzəşti-Mirzə Fətəli Axundzadə” Milli Teatr Festivalı iyunun 25-də başa çatacaq. Həmin gün Şuşa Dövlət Musiqili Dram Teatrının kollektivi Gənc Tamaşaçılar Teatrının səhnəsində «Lənkəran xanının vəziri» tamaşasını göstərəcək.

  

 

   Lalə Azəri

 

  Mədəniyyət.- 2012.- 20 iyun.- S. 5.