“Sərgüzəşti-vəziri-xani-Lənkəran”
və ya klassika
zamansızdır
İyunun 14-də Akademik Milli Dram Teatrı böyük ədibin
yubileyinə həsr olunmuş festival çərçivəsində
“Sərgüzəşti-vəziri-xani-Lənkəran”
tamaşasını sənətsevərlərə təqdim
etdi. Tamaşa milli koloriti, şən yumoru, sətiraltı mənaları,
sadə və aydın səhnə həlli ilə yadda
qaldı.
Xatırladaq ki, tamaşanın
quruluşçu rejissoru mərhum sənətkarımız, Əməkdar
incəsənət xadimi, rejissor Vaqif İbrahimoğlu,
rejissoru Tural Mustafayev, quruluşçu rəssamı Əməkdar
rəssam Rəşid Şərif, bəstəkarı Xalq
artisti Səyavuş Kərimidir. Rəqslərin quruluşu
Zakir Ağayev və Yelena Ağayevaya məxsusdur.
Tamaşa başlayır və
tamaşaçılar XVIII əsrə yollanırlar. Lənkəran
xanının zamanı, dərdsiz-qəmsiz, əslində
gözəgörünməz qorxu və səksəkə dolu
bir əyyam. Başı məişət
qayğılarına, eyşi-işrətə qarışan
xanın vəziri Mirzə Həbibin işləri kələf
kimi bir-birinə qarışır. Qadın hiyləsinin
qurbanına çevrilir. Tamaşa boyu gülüş obyektinə
çevrilən Mirzə Həbib eşitdikləri ilə
gördüklərinin arasında çaşıb qalır və
sonda dərdini xana danışır. Öz hərəkətləri
və axmaq qərarları ilə vəzirindən heç də
geri qalmayan, gülüş doğuran Lənkəran xanı
maraqlı bir obrazdır. Xalq artisti Nurəddin
Mehdixanlının yaratdığı Xan obrazı və Əməkdar
artist Cəfər Namiq Kamalın oynadığı Mirzə Həbib
rolları incə yumoru, təbiiliyi və həyatiliyi ilə
yadda qalır.
Tamaşada Pəri xanım
obrazını Əməkdar artist Mətanət Atakişiyeva,
Ziba xanım rolunu Əməkdar artist Münəvvər Əliyeva,
Şölə xanım obrazını Şəlalə
Şahvələdqızı, Nisə xanım obrazını
aktrisa İlahə Həsənova, Teymur ağa rolunu Əməkdar
artist Sabir Məmmədov ifa edirlər. Bütövlükdə
tamaşada rol alan hər kəs obrazı öz üzərinə
biçmir, obrazı içindən keçirir. Odur ki, teatr
tariximizdə uzun bir yol qət edən “Sərgüzəşti-vəziri-xani-Lənkəran”
məhz Vaqif İbrahimoğlunun quruluşunda, yozumunda XXI əsrin
tamaşaçısını güldürməyi,
düşündürməyi bacarır.
Sadə səhnə tərtibatı,
dinamikliyi, uğurlu musiqisi və aktyorların yüksək
peşəkarlığı “Sərgüzəşti-vəziri-xani-Lənkəran”ın
tarixində yeni bir mərhələdir. Bol alqış isə
tamaşaya verilən ən böyük qiymətdir.
Təranə
Vahid
Mədəniyyət.-
2012.- 20 iyun.- S. 5.