Rusiyanın Kabarda-Balkar Respublikası ilə mədəniyyət və turizm əlaqələri müzakirə olunub

 

   İyunun 19-da Mədəniyyət və Turizm Nazirliyində Rusiya Federasiyası Kabarda-Balkar Respublikası Baş nazirinin müavini Kazım Uyanayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirildi.

  

   Nümayəndə heyətinə Kabarda-Balkar Respublikasının idman, turizm və kurortlar naziri Aslan Afaunov, İqtisadi İnkişaf və Ticarət Nazirliyinin Xarici əlaqələr departamentinin müdiri Andrey Eldışev və “Kurort Nalçik” ASC-nin baş direktoru Vladimir Kaskulov daxil idi.

   Qonaqları salamlayan mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva Azərbaycanda turizmin inkişafından, ölkəmizin Rusiya ilə turizm əlaqələrinin genişlənməsindən danışdı, Kabarda-Balkar Respublikası təmsilçilərini hər il Bakıda keçirilən beynəlxalq turizm sərgisində iştiraka dəvət etdi. Nazir müavini 2006-cı ildə yaradılan Azərbaycan Turizm İnstitutunun fəaliyyətdən söz açaraq təhsil ocağında peşəkar turizm kadrlarının hazırlandığını bildirdi. Qeyd olundu ki, institutun beynəlxalq əlaqələri də uğurla inkişaf edir. Kabarda-Balkar Respublikası ilə tələbə mübadiləsi və dağ kurortlarının inşası sahəsində təcrübə mübadiləsi aparmaq təklif olundu.

   Kabarda-Balkar Respublikası Baş nazirinin müavini Kazım Uyanayev Bakıya səfəri çərçivəsində keçirilmiş görüşlərdən danışdı. Qonaq bildirdi ki, Azərbaycan paytaxtı, ölkənin sürətli inkişafı onlara böyük təsir bağışlayıb. Nümayəndə heyətinin üzvləri biznes-forumda iştirak edib, respublikanın turizm potensialı ilə tanış olublar.

   K.Uyanayevin sözlərinə görə, Kabarda-Balkarda 76 sanatoriya və çoxlu turist bazası fəaliyyət göstərir. Misilsiz təbiət, termal sular, palçıq vulkanları həmişə, o cümlədən Azərbaycandan da çoxlu turist cəlb edib. Azərbaycanda da eyni təbii şərait mövcuddur və bütün bunlar hər iki ölkəyə turist axınının artırılması üçün şərait yaradır.

   Görüşdə turizmin və humanitar əməkdaşlığın genişləndirilməsi, o cümlədən incəsənət ustalarının qastrollarının, sərgilərin təşkili və qarşılıqlı maraq doğuran bir çox digər məsələlər müzakirə olundu.

  

 

   Reyhan

 

  Mədəniyyət.- 2012.- 20 iyun.- S. 4.