Ankarada Nizami Gəncəviyə
həsr olunmuş elmi
konfrans
Türkiyədə Azərbaycan Mədəniyyəti
Günləri davam edir
İyunun 18-də Türkiyədə Azərbaycan Mədəniyyəti
Günləri başlayıb. İyunun 19-da, Mədəniyyət
Günləri çərçivəsində TÜRKSOY-un
Ankaradakı iqamətgahında dahi Azərbaycan şairi Nizami
Gəncəvinin 870 illiyi münasibətilə elmi konfrans
keçirilib.
Elmi konfransın təşkilatçıları
Azərbaycanın və Türkiyənin mədəniyyət və
turizm nazirlikləri, TÜRKSOY, Azərbaycanın Türkiyədəki
səfirliyi və Yeni Azərbaycan Yardımlaşma və
Kültür Dərnəyidir.
Tədbirdə ölkəmizin
Türkiyədəki səfiri Faiq Bağırov
çıxış edərək Mədəniyyət
Günlərini və bu çərçivədə dahi Azərbaycan
şairi Nizami Gəncəvinin 870 illiyi münasibətilə
keçirilən konfransı əlamətdar hadisə kimi dəyərləndirib.
Konfransda “Nizami Gəncəvinin
dünya poeziyasına təsiri” mövzusunda məruzə ilə
çıxış edən Milli Məclisin Mədəniyyət
Komitəsinin sədri, AMEA-nın müxbir üzvü,
professor Nizami Cəfərov vurğulayıb ki, tarix boyu bir
çox xalqlar Azərbaycanın dahi şairi və mütəfəkkiri
Nizami Gəncəvinin irsinə sahiblənmək istəmişlər.
Lakin tarix təkzibolunmaz şəkildə sübut edir ki,
Nizami Gəncəvi məhz Azərbaycan şairidir. Dahi
şairin həyatı boyu Gəncədə yaşaması da
bunu göstərir. Ulu öndər Heydər Əliyevin sərəncamı
ilə bu şəhərdə Nizami Məqbərəsi
ucaldılıb, şairin xatirəsi, Azərbaycanın
paytaxtı Bakı başda olmaqla, demək olar ki, bütün
şəhərlərdə əbədiləşdirilib.
Azərbaycan Bəstəkarlar
İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə
Nizami Gəncəvi yaradıcılığının musiqi sənətimizə
təsirindən bəhs edib. Qeyd edib ki, hələ XVI əsrdə
muğam sənətçilərimiz Nizaminin qəzəllərindən
bəhrələnirdilər. 1941-ci ildə dahi şairin 800
illik yubileyi zamanı klassik musiqimizin banisi Üzeyir Hacıbəyli
“Nizami” kantatasını, sonradan isə onun qəzəllərinə
“Sevgili canan” və “Sənsiz” romanslarını bəstələyib.
Üzeyir Hacıbəylinin
davamçıları da Nizami yaradıcılığına
müraciət ediblər. 1948-ci ildə Əfrasiyab Bədəlbəylinin
“Nizami” operası səhnəyə qoyulub və dahi sənətçimiz
Bülbül baş rolu ifa edib. Görkəmli bəstəkar
Fikrət Əmirovun “Nizami” simfoniyası və birpərdəli
“Nizami” baleti də milli musiqimizin incilərindəndir.
Nizami Gəncəvi
yaradıcılığının klassik musiqimizdə ecazkar
nümunələri dahi bəstəkar Qara Qarayevin adı ilə
bağlıdır. Onun 1947-ci ildə bəstələdiyi
“Leyli və Məcnun” simfonik poeması maestro Niyazinin
dirijorluğu ilə dünyanın ən məşhur səhnələrində
səslənib. Bəstəkarın “Yeddi gözəl” baleti isə
təkcə Azərbaycanın deyil, sovet balet musiqisinin incilərindən
biri olub.
Konfransda Qazi Universitetinin professoru Əflatun
Nemətzadənin “Nizami Gəncəvinin əsərləri səhnədə”
və dosent Yakup Ömeroğlunun “Nizaminin əsərləri
Türkiyə türkcəsində” mövzusunda məruzələri
dinlənilib.
Türkiyənin opera
ifaçıları ölməz Nizami Gəncəvinin
sözlərinə bəstələnmiş “Sənsiz” və
“Sevgili canan” romanslarını ifa ediblər.
Mədəniyyət.-
2012.- 20 iyun.- S. 3.