Azərbaycan
və Macarıstan milli kitabxanaları
arasında əlaqələr genişlənir
İyunun 18-də M.F.Axundzadə adına Azərbaycan
Milli Kitabxanasında Macarıstan Milli Kitabxanası ilə ikitərəfli
əməkdaşlıq haqqında memorandumun imzalanma mərasimi
keçirilib.
Mərasimdə
çıxış edən Milli kitabxananın direktoru Kərim
Tahirov bu yaxınlarda Macarıstana səfər etdiyini, orada
qiymətli Azərbaycan əlyazmalarının da yer
aldığı Milli Kitabxananın işi ilə tanış
olduğunu bildirib. Direktor qeyd edib ki, Azərbaycan Milli Kitabxanası
bu günə qədər dünyanın 27 ölkəsi ilə
ikitərəfli əməkdaşlıq haqqında müqavilələr
imzalayıb.
Macarıstan Milli
Kitabxanasının direktoru Andrea Sajo Azərbaycana ilk dəfə
gəldiyini bildirərək, Milli Kitabxana və onun əməkdaşları
ilə tanışlıqdan məmnunluğunu ifadə edib. O,
Budapeştin ən gözəl tarixi binalarından birində -
Kral Matias Sarayında yerləşən Milli Kitabxananın
strukturu və fəaliyyəti barədə söhbət
açıb, kitabxana haqqında videoçarxı şərh
edib.
Mədəniyyət və Turizm
Nazirliyinin Nəşriyyat, reklamın təşkili və
informasiya şöbəsinin müdiri Vaqif Bəhmənli
qonağı salamlayaraq Azərbaycan-Macarıstan ədəbi əlaqələrindən
söz açıb, macar xalqı ilə böyük türk
dünyası arasında oxşar cəhətlərin çox
olduğunu bildirib. Şöbə müdiri xalqlar arasında
qarşılıqlı anlaşma və dostluq münasibətlərinin
yaranmasında kitabın rolu haqqında danışıb.
Sonra Azərbaycan və
Macarıstan milli kitabxanaları arasında əməkdaşlıq
memorandumu imzalanıb. Sənədi Azərbaycan Milli
Kitabxanasının direktoru Kərim Tahirov və onun macar həmkarı
xanım Andrea Sajo imzalayıb. Memorandumda kitab, mətbu nəşrlər,
biblioqrafik siyahılar və digər çap məhsullarının
mübadiləsi, müştərək tədris kursları və
seminarların keçirilməsi, fondların qorunub
saxlanması və kitabxanaların rəqəmsal formata
çevrilməsi sahəsində əməkdaşlıq məsələləri
əksini tapıb.
Mədəniyyət.-
2012.- 20 iyun.- S. 3.