Gənc Pianoçuların II Respublika müsabiqəsinə yekun vuruldu

 

   Xəbər verdiyimiz kimi, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Gənc Pianoçuların II Respublika müsabiqəsi keçirilib. İyunun 19-da M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında qaliblərin mükafatlandırılma mərasimi və yekun konserti oldu.

  

   Mərasimdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva gənc pianoçuların respublika müsabiqəsinin artıq ikinci dəfədir keçildiyini, müsabiqəyə böyük marağın olduğunu vurğuladı: “Bu müsabiqənin keçirilməsində məqsəd ölkəmizdə fortepiano ifaçılığı sənətinin daha da inkişaf etdirilməsi, gənc istedadların üzə çıxarılması, onların peşəkar ifaçılıq səviyyələrinin artırılmasına nail olmaqdır. Müqayisə etsək görərik ki, 2009-cu illə müqayisədə bu il həm iştirakçıların sayı artıb, həm də müsabiqənin coğrafiyası genişlənib. Əgər ilk müsabiqədə 307 pianoçu iştirak edibsə, bu il iştirakçıların sayı 400 nəfərə yaxın olub. Müsabiqəyə respublikanın bütün bölgələrindən pianoçular qatılıb”.

   Sevda Məmmədəliyeva bildirdi ki, müsabiqə Azərbaycan fortepiano ifaçılıq məktəbinin kifayət qədər yüksək səviyyəsini, uşaqlarla yaxşı işləməyi bacaran müəllimlərin, istedadlı gənclərin olduğunu bir daha nümayiş etdirib: “Tanınmış musiqiçi və müəllimlərdən ibarət münsiflər heyətinin qərarına əsasən, 16 gənc ifaçı müsabiqənin laureatı adına, müxtəlif dərəcəli diplomlara və mükafatlara, bəzi iştirakçılar isə həvəsləndirici mükafatlara layiq görülüblər”.

   Müsabiqəyə sədrlik edən Bakı Musiqi Akademiyasının prorektoru, Xalq artisti, professor Yeganə Axundova iştirakçılarla bağlı fikirlərini bölüşdü: “Azərbaycanın fortepiano məktəbinin zəngin ənənələri var. Bu gün gənc nəslin nümayəndələri musiqimizi uğurla təbliğ edirlər. Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi müsabiqə gənc istedadların üzə çıxarılmasına imkan verir. Bu müsabiqə sayəsində gördük ki, bölgələrimizdə pianonu necə məharətlə ifa edən şagirdlər var. Mən müsabiqə iştirakçılarının hər birinə uğurlar arzulayıram”.

   Sonra qaliblərin adları açıqlandı, onlara Mədəniyyət və Turizm Nazirliyinin diplom və pul mükafatları təqdim olundu.

   Qeyd edək ki, 9-17 yaşlı uşaq və gənclər arasında 3 yaş qrupu üzrə keçirilən müsabiqənin I turu 30 may - 13 iyun tarixlərində zonalar üzrə Bakı, Gəncə, Naxçıvan, Sumqayıt, Şəki şəhərlərində və Salyan rayonunda, II turu isə 14 və 16 iyun tarixlərində Bakı şəhərində keçirilib.

   Yekun nəticələrə görə, Bakı şəhər Q.Qarayev adına 8 nömrəli musiqi məktəbinin şagirdi Nərgiz Əliyeva və Bülbül adına orta ixtisas musiqi məktəbinin şagirdi Lalə Hüseynzadə I dərəcəli diploma layiq görülüblər. Maqsud Musazadə (G.Şaroyev adına 35 nömrəli musiqi məktəbi), Səkinə Quliyeva (Naxçıvan şəhər 2 nömrəli uşaq musiqi məktəbi), Emil Əhmədzadə (R.Hacıyev adına 15 nömrəli musiqi məktəbi), Nəzrin Abbaslı (Bülbül adına orta ixtisas musiqi məktəbi), Səma Xəlilzadə (R.Behbudov adına 2 nömrəli musiqi məktəbi), Rasim Pirməmmədov (Tbilisi şəhər E.Mikeladze adına 2 nömrəli mərkəzi musiqi məktəbi) II dərəcəli diplomla təltif olundu.

   Jalə Mailova (R.Hacıyev adına 15 nömrəli musiqi məktəbi), Həşim Həşimov (M.Maqomayev adına 26 nömrəli uşaq musiqi məktəbi), Leyla Zeynalova (Bülbül adına orta ixtisas musiqi məktəbi), Mədinə Bağırova (Q.Qarayev adına 8 nömrəli musiqi məktəbi), Muza Vəlyəddinzadə (L. və M.Rostropoviçlər adına 21 nömrəli musiqi məktəbi), Elxan Niftiyev (Lənkəran şəhər H.Rzayeva adına 2 nömrəli musiqi məktəbi), Nilufər Cəfərli (Ə.Bədəlbəyli adına 23 nömrəli musiqi məktəbi), Nərgiz Kazımova (Xırdalan şəhər uşaq musiqi məktəbi) III dərəcəli diplom və pul mükafatlarına layiq görüldülər.

   Şagirdləri müsabiqənin laureatı olmuş Bakı şəhər R.Behbudov adına 2 nömrəli, Q.Qarayev adına 8 nömrəli, R.Hacıyev adına 15 nömrəli, L. və M.Rostropoviçlər adına 21 nömrəli, Ə.Bədəlbəyli adına 23 nömrəli, M.Maqomayev adına 26 nömrəli, G.Şaroyev adına 35 nömrəli, Abşeron rayon Xırdalan şəhər, Lənkəran şəhər H.Rzayeva adına 2 nömrəli, Naxçıvan şəhər 2 nömrəli musiqi məktəblərinin və Bülbül adına orta İxtisas Musiqi Məktəbinin müəllimləri fəxri fərmanla təltif olundular.

   Sonra müsabiqə qaliblərinin yekun konserti təqdim olundu.

  

 

   Ceyhun Zərbəliyev

 

   Mədəniyyət.- 2012.- 20 iyun.- S. 2.