“Qatarda”
Bir
tamaşanın tarixçəsi
31
il “Qatarda” yol gələnlər, dayanacaqda düşənlər
və gələcəyə gedənlər
...1981-ci ilin mart ayı.
Ramiz Həsənoğlunun
36 yaşı var. O, uğura
doğru gedir, uğurun onu tapdığı vaxtlar da az deyil. Budur, üst-üstə
yığılmış ssenarilər
arasında İsi Məlikzadənin “Böyük
adam”ı onu gözləyir. Teleteatr şöbəsinin
müdiri, yüksək
zövqə və intellektə malik Həbibə xanım “Böyük adam”
hekayəsini gənc rejissora təqdim edir. Sonrakı hadisələr qatar
sürətilə irəliləyir,
qısa vaxt ərzində Ramiz Həsənoğlu “Qatarda”
tamaşasını çəkib
başa çatdırır.
“Böyük adam” “Qatarda” adı ilə yola düşür. O vaxtdan 31 il
keçsə də, nə yol bitib
tükənir, nə
“Qatarda” baş verənlər unudulur...
31 ildən sonra “Qatarda”nın
sərnişinləri ilə
görüşmək qərarına
gəlirəm. Nə yazıq ki, qatardakı sərnişinlər
xeyli seyrəlib...
31 il əvvələ
qayıdaq...
“Qatarda” televiziya tamaşasının
quruluşçu rejissoru,
Xalq artisti Ramiz Həsənoğlu 31
il əvvəli
belə xatırlayır:
- Ssenarini əlimə alan
kimi aktyorları təyin etdim, iki həftə məşq, iki gün də çəkiliş oldu. Mən deyərdim ki, bu bəlkə də Azərbaycan televiziyasının tarixində
ən qısa müddətdə ərsəyə
gələn tamaşadır.
Təbii
ki, o illərdə televiziyanın texniki bazası o qədər də zəngin deyildi, bu əsər
müasir mövzuda olduğundan aktyorlar üçün məxsusi
kostyumlar hazırlamağa
da ehtiyac olmadı. Tamaşanın quruluşçu operatoru Eldar Məmmədov, quruluşçu
rəssamı mərhum
İbrahim İbrahimov
idi.
Gerçək hadisə və ya bir
dəfə qatarda
İsi Məlikzadə dramaturq
olmasa da, gözəl yazıçı
idi. Bu əsərin
yazılmasının da
öz tarixçəsi
var. Əsərdə Sabit
Mirzənin başına
gələn hadisə
vaxtilə görkəmli
aktyorumuz Həsənağa
Turabovun başına gəlib. O həmin hadisəni İsi Məlikzadəyə danışıb,
o da “Böyük adam” hekayəsini
yazıb. Ona görə də
mən Sabit Mirzə rolunu əvvəlcə Həsənağa
müəllimə təklif
etdim. Lakin o vaxt H.Turabov
kinoda məşğul
idi. Ona görə də
bu rola çəkilməyə
imkanı olmadı.
Təbii
ki, bu rolda
çox populyar, sevilən bir aktyor çəkilməli
idi. O zamanlar Həsən Əbluc həm aktyor, həm qiraət ustası, həm də rejissor kimi sənətə imzasını atmış,
tanınmışdı. Bu rolu da məmnuniyyətlə
qəbul etdi. Yaşar Nuri Dadaşov, Hamlet Xanızadə
Qasım kişi, Nəcəf Nəcəfzadə
bələdçi, Məcnun
Hacıbəyov Fətulla,
Şahin Cəbrayılov
Vəzir, Cabbar Cabbarov qatar rəisi, Ələsgər
Məmmədoğlu nar
satan oğlan rolunu oynadılar. Cabbar Cabbarov əslində aktyor deyildi, teatrın geyim sexinin müdiri idi. Hərdən-birdən tamaşalarda görünürdü.
Biz bu tamaşada onu qatar
rəisi roluna çəkdik.
Təəssüf ki, tamaşada
çəkilən aktyorların
çoxu bu gün həyatda yoxdur. Həyatda qalanlara Allah cansağlığı
versin, başda Yaşar Nuri olmaqla. Bu tamaşadan
əvvəl də Yaşarın televiziyada uğurlu rolları olub, amma mən
deyərdim ki, onlardan ən uğurlusu “Qatarda”dakı Dadaşov roludur. Yadımdadır ki, tamaşanın səhəri
günü hamı bir-birini görüb deyirdi: ”Həəəəə...”.
Bu Yaşardan gələn bir jest idi. İsi Məlikzadənin həyatdan əsərə
gətirdiyi Dadaşov
obrazını Yaşar
öz rolu ilə yenidən həyata qaytarmışdı.
Yaşar,
ümumiyyətlə, güclü
fantaziyası olan, əsərə lazım olan əlavələr gətirən, obrazı zənginləşdirən, əsərin
qayəsinə xidmət
edən bir aktyordur. Onunla çox rahat
işləyirdik.
Haşiyə: Aydın Talıbzadənin
“Ustad və ayna” kitabının “Böyük adam,
yəni “Əjdaha” bölümündən: “Bu tamaşa
Ramizin teletruppasında
aktyor Yaşar Nurinin lider mövqeyini
təsdiqləyəcək və
möhkəmlədəcək. Sübut eləyəcək ki, Yaşar “universal aktyorlar” sırasına daxil bir sənətçidir”.
- Dadaşov əslində müəllif
tərəfindən cəmiyyətin
içərisinə daxil
edilən bir casusdur. O, kəşfiyyatçı
üsulları ilə
hər kəsin əməllərini açıb
tökə-tökə, hamını
yerində oturdurdu. Bircə Sabit Mirzəni yerində oturda bilmir, çünki o sənət adamıdır.
Başqa
dolanışıq yolu
yoxdur, ancaq sənəti ilə çörəkpulu qazanır.
Hesab edirəm ki, tamaşanın uğurlarından
ən birincisi bu idi ki,
tamaşaçı öz
ideal qəhrəmanını burada tapmışdı.
Tamaşanın
bir cəhətini də qeyd eləmək
istəyirəm: 50 dəqiqəlik
tamaşada musiqi yoxdur. Ancaq qatarın təbii
səsi, tıqqıltısı
eşidilir. Bu tamaşanı çəkəndə
artıq Leninqrad Teatr-Musiqi Akademiyasını
bitirmişdim və onun bəhrəsini görürdüm. Bu əsəri
oxuyan kimi dedim ki, burda
musiqi olmayacaq, musiqi bu tamaşada
yad görünəcək.
Çünki hadisələr həyatın
içində baş
verirdi.
O dövrdə,
80-ci illərin əvvəllərində
cəmiyyətdə yeni
bir ab-hava gözlənilirdi. Cəmiyyətin bütün təbəqələrinin
nümayəndələri tamaşada
bir vaqona yığılmışdı.
Tamaşanın finalı mübahisəli
idi. Əslində
Qasım kişi
sonda şampan dalınca getməyib, sözünü deyib çıxmalı idi. Televiziyanın rəhbərliyi təkid
elədi ki, final dəyişsin. Bu məsələdə müəllif
də, yaradıcı
heyət də güzəştə getdi.
Bu tamaşanı
çəkəndə heç
düşünmürdük ki, illər keçəcək, nəsillər
dəyişəcək bu
tamaşa yenə də maraq doğuracaq.
Taleyimdən çox razıyam
ki, elə bir əsəri çəkmək mənə
qismət oldu.
Haşiyə: Aydın Talıbzadənin
“Ustad və ayna” kitabından: “Bu teletamaşada operator Eldar Məmmədovun kamerası
sanki qatardakı həyatın ritminə köklənəcək, sərnişinlərlə
birgə silkələnəcək,
onlarla bahəm istidən, havasızlıqdan
“əziyyət çəkəcək”,
personajlarla birlikdə
insanların qaba, kobud rəftarından, mənəviyyatsızlığından, əclaflığından dilxor
olacaq, amma münasibətlərə müdaxilə
etməyəcək, müşahidə
məsafəsini pozmayacaq”.
“Operatorun fırçası
işıqdır”
“Qatarda” teletamaşasının quruluşçu
operatoru, Əməkdar
mədəniyyət işçisi
Eldar Məmmədov:
- Yadıma gəlir, birinci məşq radiostudiyada oldu. Ramiz müəllim stolarxası
məşqə məni
də dəvət etmişdi. Ssenarini oxuyub operator qeydlərimi
edirdim. Qatarın vaqonu studiyada
qurulmalı idi. Elə etməli idik ki, vaqon təbii
görünsün, həm
də qatarın hərəkəti hiss olunsun.
Tamaşaya baxandan sonra
çox adamlar sual verirdi ki,
o tamaşanı hansı
qatarda çəkmisiniz.
Ramiz müəllimin dediyi kimi, o vaxtlar televiziyanın texniki bazası zəif idi. İri, ağır kameralarla
operatorlar Yusif Yaqubov, Elman Hüseynovla birlikdə işləyirdik.
Əslində çox çətin
idi. Bəlkə
də tamaşaçı
onu hiss eləmir, amma bir operator kimi mən orda
istədiyim effekti ala bilmədim. Buna baxmayaraq,
iki günə çəkilmiş tamaşanın
indiyə kimi sevilməsi, təbii ki, bizi də
sevindirir.
Ramiz müəllim söhbətimizə
qoşulur:
- Tamaşada
Eldarın çox böyük xidmətləri
var. O həm vaqonun içini, həm dəhlizi, həm də qatarın bayır tərəfdən
görüntüsünü göstərməli idi.
Bunun üçün kinoda hər kadr üçün
ayrıca işıq qurulur. Bu mənada
orda Eldarın çox böyük çətinlikləri vardı.
İşıqla dramaturji məqamları
tutmaq lazım idi. Çünki operator rəssamdır. Onun fırçası işıqdır,
işıqla lazım
olan effektləri tamaşaçıya çatdırır.
Texnikanın o dərəcədə inkişaf eləmədiyi bir vaxtda mənə
elə gəlir ki, o çətinliklər
gözə girmədi.
Mənim
Leninqradda ustadım olmuş David İsakoviç
Karasik deyirdi ki, tamaşadan tər iyi gəlməməlidir.
Zəhmət çəkməyin görünməməlidir. Nəticə
tamaşaçını inandırmalıdır.
Bu mənada Eldarın
o əzab-əziyyətini tamaşaçı
hiss eləmədi. Eldar
o tamaşadan sonra daha böyük tamaşalara imza atdı: “Günahsız
Abdulla”, “Topal Teymur”, “Ordan-burdan” və daha neçə-neçə
tamaşalar...
Qatarda nar satan oğlan
Nar satan
oğlan - Əməkdar
artist Ələsgər Məmmədoğlu:
- O vaxt 35 yaşım vardı. Tamaşada ən balaca rolu oyanırdım. Cəmi iki-üç kəlmə
söz desəm də, bu sözlər
koloritli, yaddaqalan olduğundan çox yayıldı. İndi
də məni görəndə deyirlər
ki, nar satan gəlir.
Tamaşa uğurlu alınmışdı,
Ramiz müəllim lazım olan atmosferi yaratmışdı.
Tamaşa pavilyonda çəkilsə
də, elə bil ki qatarda
idik. Bundan başqa, bu
ekran əsərində
çox böyük aktyorlar oynayırdılar.
O tamaşadan ən çox yadımda qalan aktyorların oyunu, Ramiz müəllimin onlarla necə işləməyi, necə
kadrlar qurmağı idi. Hələ neçə illər də keçəcək,
yenə də o tamaşaya baxılacaq, o tamaşa seviləcək, hələ neçə illər nar satan oğlan
o qatarda nar satacaq...
Təranə Vahid
Mədəniyyət.-
2012.- 22 iyun.- S. 13.