Mədəniyyətimizə
gözəl töhfə
Harda böyük zövqlə, ustalıqla toxunmuş incə,
zərif xalça görürəmsə, indi həsrətlə
boylandığım əlçatmaz uşaqlığım
yadıma düşür. Uşaqlıq illərimin xatirə
boxçasının ən qiymətli incisi məhz xalça
ilə, xalça sənəti ilə bağlıdır.
Gözümü dünyaya
açandan hər il payızın son ayı evimizdə hana
qurulardı, ta yazın ilk ayınacan bu hanada nənəmin,
anamın incə barmaqları əlvan çeşnili
xalçalar, kilimlər toxuyardı. Saatlarla şirin
zümzümə edə-edə xalça toxuyan anama baxmaqdan
doymazdım. Mənə elə gələrdi ki, xalça
toxuyanda mütləq zümzümə etmək
lazımdır. Sanki bu şirin xalq nəğmələri də
bir naxış idi. Ümumiyyətlə, o vaxtlar dünya
gözümdə al-əlvan boyalı bir xalça idi,
ömürlər isə onun rəngbərəng
naxışı. Yaşa dolduqca o illərin və təsəvvürlərin
həsrətini çox çəkdim.
Bu günlərdə
kitabxanamıza daxil olan nəfis tərtibatlı,
gözoxşayan bir kitab həsrətimi yenidən göynətdi.
Bu, yaxşı tanıdığım, böyük hörmət
bəslədiyim Azərbaycan xalça sənətinin təəssübkeşi,
“Azər-İlmə” MMC-nin direktoru Vidadi Muradovun “Elm” nəşriyyatı
tərəfindən çap olunmuş “Azərbaycan
xalçaları. İrəvan qrupu” kitabıdır. Kitab “Azərbaycan
xalçaları bütün məktəbləri ilə”
adlı böyük bir layihədən olan İrəvan qrupuna
həsr edilmişdir. Onu da qeyd edim ki, bir il öncə Vidadi müəllim
Azərbaycan xalçalarının Qarabağ qrupuna aid gözəl
bir kitab nəşr etdirmişdir. Mən kitabxanaçıyam
və kitabla bağlı təsəvvürlərim,
duyğularım bir qədər fərqlidir. Kitaba ilkin
marağı onun zahiri görünüşü, tərtibatı
oyadır.
“Azərbaycan xalçaları. İrəvan
qrupu” kitabı çapına sərf olunmuş materiallardan
dizaynına qədər elə keyfiyyətli, zərif və nəfisdir
ki, unikal nəşr kimi fəxrlə hər yerdə sərgilənə
bilər. Əsas şərtlərdən biri də odur ki,
forma ilə məzmun bir-birinə uyuşsun, bir-birini
tamamlasın. Tam səmimiyyətlə etiraf edim ki, son illərdə
birnəfəsə, fasiləsiz oxuduğum yeganə kitab idi. Qələm
ürəkdən su içir, qələmin mürəkkəbi
ürək qanıdır. Belə olmasa yazılanı kimsə
oxumaz. Mənə bu kitabı birnəfəsə oxutduran da bu
məhəbbət, səmimiyyət idi. Müəlliflə
naşirin, tərtibatçının duyğu və
düşüncələri eyni mənbədən su
içmişdir. Kitabı əlimdən yerə qoymaq istəmirdim.
Bəzi yerləri dönə-dönə oxudum, xalça rəsmlərinə
dönə-dönə baxdım və qəlbimə bu
naxışlardan, boyalardan ilmə-ilmə xoş, şirin
duyğular toxudum. Dünyaya, həyata bu rənglərlə
baxmağa başladım. Məncə, bu kitab Azərbaycanın
ulu mədəniyyətinin solmaz tarixinin bir
parçasıdır.
Kitabın əvvəlində xəritələrlə
müşayiət olunan tarixi oçerk verilmişdir. Azərbaycanın
İrəvan bölgəsinin gerçək tarixi, “Erməni
vilayəti”nin yaranması səbəbləri, İrəvan
bölgəsinin erməniləşdirilməsi haqda təkzibedilməz
tarixi faktlarla tanış olduqca bu gün başımıza gələn
müsibətlərin də tarixi köklərini görür
və gələcəkdə bu hadisələrin təkrarlanmaması
üçün ruhən, qəlbən səfərbər olursan.
Oçerkin müəllifləri Əməkdar elm xadimi,
AMEA-nın müxbir üzvü Yaqub Mahmudov və tarix elmləri
doktoru Kərim Şükürovdur.
Müəllif İrəvan qrupuna
aid olan xalçalarımızın xarakteristikası və sənətkarlıq
xüsusiyyətləri haqda geniş söhbət
açır. Qərbi Azərbaycanın demək olar ki,
bütün mahalları və onlara xas xalça növləri
haqqında səriştəli mütəxəssis fikirləri,
füsunkar xalça rəsmləri kitaba xüsusi rəng
verir, qarşısıalınmaz maraq oyadır. Vidadi müəllimin
dönə-dönə, həm də yana-yana
vurğuladığı bir fikrə çox böyük təəssüflə
biz də qatılırıq. Təbiətinin gözəlliyini,
məişətinin xüsusi çalarlarını zaman-zaman
xalçalarda əks etdirən elə mahallar, bölgələr
var ki, hazırda bir ilmə belə vurulmur. Axı xalçalar
hər bir xalqın kimliyinin, milli mənsubiyyətinin pozulmaz
möhürlərindən biridir. Bax, bu kitab indiki Ermənistanın
yerləşdiyi ərazinin Azərbaycanın qədim
torpaqları olmasının ən gözəl sübutudur. Hər
xalça bir dəlildir, təkzibedilməz faktdır,
inkaredilməz həqiqətdir.
Dəfələrlə deportasiyaya
məruz qalmış qərbi azərbaycanlılar təkcə
sevinclərini, sevgilərini deyil, həm də
ağrılarını, kədərlərini ilmə-ilmə
xalçalara hörüblər, hiss və həyəcanlarını
çeşnilərə köçürüblər.
Ağbaba, Şorayel, Loru, Pəmbək, Şəmşəddin,
Göyçə, Gərnibasar, Vedibasar, Zəngibasar, Sərdarabad,
Qırxbulaq, Əştərək, Aparan, Dərəçiçək,
Talın, Zəngəzur, Dərələyəz mahalları və
İrəvan şəhərində toxunan xalıların sənətkarlıq
imkanları, toxunma texnologiyası, rəng-naxış
kompozisiyası haqqında verilən məlumatlardan və
nümunələrdən bunu aydın görmək olar.
Kitabın böyük bir bölməsi
şəxsi kolleksiyalarda saxlanılan 102 xalçaya həsr
olunmuşdur. XVIII, XIX və XX əsrin əvvəllərinə
aid olan müxtəlif çeşidli xalçaların hər
biri bir tarixdir. Bu xalçalar öz dövrünün mənəviyyatını,
mədəniyyətini, məişətini, əhval-ruhiyyəsini
əks etdirir. Müəllifin hər bir xalçanın bədii
quruluşu, rəng çalarları, sənətkarlıq
xüsusiyyətləri haqqında müfəssəl məlumatı
rəngli fotoşəkillərlə müşayiət olunur.
Sonda kitabda təqdim olunan xalçaların
toplandığı bölgələr və şəxslərin
siyahısı verilmişdir.
Xalçaçılıq xalq sənətidir.
Bu sənətin müəllimi, öyrədəni də
xalqdır, şagirdi, öyrənəni də. Bu sənət
xalqın qəlbindən qopan hisslərin, duyğuların
inikasıdır. Azərbaycanın qədimdən-qədim,
özünəxas, yad ştrixlərdən, nəfəslərdən
uzaq ulu sənəti olan xalçaçılığı dərindən
bilən, bütün ömrünü,
bacarığını, gücünü bu sənətin
inkişafına həsr edən Vidadi müəllimin
yazdığı bu kitab Azərbaycan mədəniyyətinə
gözəl alim, vətəndaş töhfəsidir.
Xuraman İsmayılova,
Əməkdar
mədəniyyət işçisi
Mədəniyyət.-
2012.- 22 iyun.- S. 12.