Heç
kim unudulmur, heç nə yaddan çıxmır!
Böyük
Vətən müharibəsinin sənədli ekran təcəssümü
22
iyun 1941-ci il. Səhər saat 4-də faşist Almaniyası
Sovet İttifaqı ilə müharibəyə başladı.
Sovet xalqının Böyük Vətən müharibəsi
(1941-1945) İkinci Dünya müharibəsinin mühüm və
həlledici tərkib hissəsinə çevrildi.
Müharibə başlanandan sonra
kinematoqrafçılarımızın da üzərinə
çox mühüm və məsuliyyətli bir vəzifə
düşdü. Onlar qələbənin qazanılması
üçün arxada zəhmətkeşlərin necə
hünər göstərdiklərini, ön cəbhədə
isə əsgərlərimizin faşizmə qarşı qəhrəmanlıqla
vuruşmalarını lentə alaraq operativ şəkildə
ekranlarda nümayiş etdirirdilər. Bakı neftçilərinin
fədakar əməyi müharibənin zəfərlə
başa vurulmasında tarixi rol oynamışdır. Təkcə
1941-ci ildə Azərbaycanda 23 milyon 541 min ton neft hasil
edilmişdi ki, bu da respublikamızın neft sənayesi tarixində
o vaxtadək görünməmiş bir göstərici idi.
“Bakinskiy raboçi” qəzeti xəbər
verirdi ki, müharibənin ilk altı ayı ərzində
Abşeronda ən iri “Lenin-neft” trestindən bütün
ixtisaslı fəhlələrin və mütəxəssislərin
45 faizi cəbhəyə getmişdir. Lakin mədənlərdə
qalanlar maye yanacağın hasilatını nəinki
aşağı salmamış, əksinə daha da
artırmağa müvəffəq olmuşlar.
İstismarçılar və qazmaçılar kazarma vəziyyətinə
keçərək sutkalarla buruqların yanında olurdular.
Həmin illərin qəzet səhifələrində
üstüörtülü faktlara da rast gəlirik: “Leyt.
Şmidt adına Maşınqayırma Zavodu az fəhlə
qüvvəsi ilə daha çox məhsul istehsal edir,
özü də əvvəlkindən fərqli olaraq yüksək
keyfiyyətlə”.
Digər misal: “... şmidçilərin
məhsulları faşistləri möhkəm əzişdirir”.
Bakının digər zavod-fabrikləri də hərbi məhsullar
hazırlayırdı. Azərbaycanın sənaye müəssisələri
1941-1945-ci illərdə ordu üçün 230 növ məhsul
istehsal etmişdi.
Müharibənin başlanğıcında,
1941-ci ilin avqustunda Azərbaycanda milli diviziya təşkil
edildi. 402-ci Azərbaycan diviziyası 1941-ci ildə Mozdok
rayonunda açıq döyüşlərdə iştirak
etmiş, çoxlu yaşayış məntəqəsini azad
etmişdi. Diviziyanın şəxsi heyəti açıq
döyüşlərdə ciddi tələfata
uğramışdı. Bundan sonra şəxsi heyətin bir
hissəsi 416-cı diviziyaya verildi.
Məşhur 416-cı milli diviziya
1942-ci ilin ortalarında yaradılmış, Taqanroqun azad edilməsində
xüsusi şücaət göstərdiyinə görə
diviziyaya “Taqanroq” diviziyası adı verilmişdi. Sovet
İttifaqı marşalı G.K.Jukov diviziyanı Berlinə ilk
yol açan hissələrdən biri
adlandırmışdır. Diviziya Qafqazdan Berlinədək
2500 km yol qət etmiş, bu uzun və ağır
döyüş yollarında misilsiz qəhrəmanlıqlar
göstərmişdir.
Hələ 1942-ci ildə Bakı
kinostudiyasında rejissor-operator C.Məmmədov 416-cı Azərbaycan
diviziyasının döyüş hazırlığından
bəhs edən “416-cı” adlı ikihissəli sənədli
film çəkmişdi. Bundan 28 il sonra rejissor N.Mustafayeva
“Bizim 416” sənədli filmini lentə aldı. Filmdə
diviziyanın keçdiyi ağır və müzəffər
döyüş yolundan bəhs olunur.
1975-ci ildə “Azərbaycantelefilm”də
rejissor O.Babazadə diviziyanın bir alaydan olan
döyüşçülərinə həsr edilən “Bir
alayadan olanlar” televiziya filmini çəkmişdir.
1980-ci ildə
rejissor-operator V.Konyaginin çəkdiyi “Həyat naminə” sənədli
film də 416-cı Taqanroq diviziyasının döyüş
yolundan danışır. Burada alman
faşistləri ilə ölüm-dirim mübarizəsində
Azərbaycan oğullarının böyük hünərindən,
Taqanroq şəhərində Azərbaycan diviziyasına həsr
olunmuş abidənin ucaldılmasından söhbət
açılır.
Göründüyü
kimi, 416-cı milli diviziyanın keçdiyi zəfər yolu
barədə cəmi 4 sənədli film
yaradılmışdır. Bu, çox
azdır. Halbuki bu barədə irihəcmli
bədii film çəkilməliydi. Hərbi
mövzuda çəkilən bədii və sənədli filmlərin
gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə
olunmasında əhəmiyyəti çox böyükdür.
Böyük Vətən müharibəsi
başlanan il faşist Almaniyası neft
Bakısını ələ keçirməyi
planlaşdırmışdı. Çünki
Bakı faşistlər üçün həm qiymətli
yanacaqla təmin olunmaq, həm də tez bir zamanda alman
qoşunlarının Yaxın və Orta Şərqə, eyni
zamanda Hindistana çıxması demək idi.
Kinoxronikaların birində belə
bir görüntü təsvir olunmuşdur: üstündə
iri tort olan masanın ətrafında Hitler və onun
silahdaşları dayanmışlar. Alman zabitlərindən
biri tortun ortasında yazılmış “Bakı”
sözünün yanındakı şokolad buruğu kəsib
Hitlerə təqdim edir. Lakin tarixdən məlumdur
ki, bu rəmzi şokolad-buruq Hitlerin boğazında ilişib
qalır. Hitlerin bu arzusunu ürəyində qoyan,
faşistləri Bakının həndəvərinə belə
buraxmayan sovet ordusu hissələri içərisində bizim
416-cı milli diviziyanın - Azərbaycanın igid
oğullarının əməyi az
olmamışdır.
Müharibə ərəfəsində
və müharibə illərində ölkədə
yaranmış fövqəladə vəziyyətlə
bağlı sovet hökuməti tərəfindən bir
sıra qərarlar qəbul edilmişdi. Onlardan
birincisi və ən mühümü döyüş gedən
ərazilərdən əhalinin və ən vacib obyektlərin
ölkənin dərinliklərinə köçürülməsi,
arxa cəbhənin ön cəbhəyə köməyinin təşkil
olunmasından ibarət idi.
Bu qərara əsasən, cəbhəyə
1,6 milyon vahiddən artıq zəruri mal və
125 vaqon isti paltar göndərilmişdi. Bakı müəssisələri
1942-ci ilin yayınadək təkcə Leninqrad
üçün 2 vaqon kürü, 40 ton meyvə qurusu, habelə
dava-dərman və sarğı vasitələri toplayıb
yola salmışdı. Stalinqrada, Stavropol və
Krasnodar diyarlarına da ərzaq, avadanlıq, pul sarıdan
xeyli yardım göstərilmişdir.
Bu barədə
yüz metrlərlə kinoxronika, “Bakı neftçiləri”,
“Qardaşlıq köməyi”, “Azərbaycan kolxozçusu,
tank briqadası yaradaq!”, “Vətənin qüdrətini möhkəmləndirək”
sənədli filmləri çəkilmişdir. O vaxt
hökumətin qəbul etdiyi məxfi qərarlar içərisində
dəhşətli nəticələr doğura biləcək
qərarlar da vardı. Onlardan biri almanların ələ
keçirdikləri şəhərlərin
partladılması, yəni düşmən üçün əhəmiyyətli
olan obyektlərin onların əlinə keçməməsi
üçün məhv edilməsi ilə bağlı idi.
Bakı da məhv
ediləcək şəhərlərin siyahısına daxil
edilmişdi. “Xalqlar atası” Stalin bu
mürəkkəb və ağır işi özünün
sadiq əlaltısı, daşnak-kommunist Anastas Mikoyana
tapşırmışdı. O, köçürmə
işləri üzrə Dövlət Komissiyasının sədri
təyin olunmuşdu.
Ermənilərin Azərbaycan
xalqına qarşı əsrlərdən bəri
apardıqları düşmənçilik siyasəti az bir zamanda burada da özünü göstərdi.
Stalinin “xüsusi əməliyyat” planında
şəhərlərdəki mühüm hərbi obyektlərin,
sənaye müəssisələrinin, fabrik və zavodların
minalanıb partladılması nəzərdə tutulmuşdu.
Əlinə girəvə düşmüş
Mikoyanın planına gəldikdə isə o, Bakıda strateji
əhəmiyyətli obyektlərdən başqa, tarixi abidələri,
qədim binaları, onun simasını silmək arzusunda idi.
Hətta Mikoyan bu dəhşətli
nəticələrə gətirib çıxara biləcək
təxribatçılıq planını o vaxtlar Azərbaycanın
rəhbərlərindən gizli saxlamağa
çalışırdı. O bilirdi ki, Bakı bu
işdən xəbər tutsa, ola bilsin ki,
planı həyata keçirməyə imkan verməsin. Bu belə də oldu. Mikoyanın əlaltılarına
Bakının cavabı çox qısa idi: “Lazım gələndə
şəhəri biz özümüz partladacağıq, sizə
ehtiyac yoxdur”. Bununla da Mikoyanın məkrli niyyəti
ürəyində qaldı.
Digər tərəfdən,
Hitler nəyin bahasına olursa-olsun Bakını ələ
keçirmək üçün gecə-gündüz tədbir
tökürdü. O deyirdi: “Əgər Qafqaz nefti ələ
keçirilməzsə, Almaniya müharibəni uduzacaq”. Alman
zabitləri isə bu fikri bir qədər də dərinləşdirərək
deyirdilər: “Müharibə pis işdir. Bakını
alsaq müharibənin sonu olacaq, almasaq bizim sonumuz”.
Sovet rəhbərliyi
də yaxşı başa düşürdü ki, Qafqazı əldən
verməklə əslində Bakını itirmiş olurdu,
Bakı isə Sovet İttifaqının yanacaq bazası idi.
Bu bazanı itirmək SSRİ-nin süqutuna
aparıb çıxarırdı. Azərbaycan
xalqının bu məxfi planlardan, təbii ki, xəbəri
yox idi. Bəs xalqımız faşizm
üzərində qələbənin qazanılması
üçün nə kimi işlər görürdü,
hansı tədbirləri həyata keçirirdi?
Azərbaycan
kinematoqrafçılarının çəkdikləri onlarla
sənədli və bədii filmdə bu sualların
cavabını tapa bilirik.
“Bakının
müdafiəsi uğrunda” sənədli filmi, adından da
göründüyü kimi, Bakı ətrafında müdafiə
istehkamlarının qurulmasına, dərin xəndəklərin
qazılmasına həsr olunmuşdur. Bu
ağır işə minlərlə bakılı kişilər
və qadınlar cəlb olunurdu. İnsanlar
bu işi böyük həvəslə yerinə yetirirdilər.
Fasilə zamanı əsgərlərdən ibarət
ansambl burada çalışanlara konsert də verirdi. “Bakının müdafiəsi uğrunda” sənədli
filmi dövrün dəyərli hərbi kino salnaməsidir.
“Ordenli Azərbaycan”
kinojurnalının 30 və 31-ci nömrələri əsasında
1942-ci il noyabrın 7-də istehsal
olunmuş xüsusi buraxılış həm Bakının
müdafiəsinə, həm də arxa cəbhəyə
köməyinə həsr edilmişdir. Rejissorlardan
Q.Braginsinki və N.Bədəlovun bu filminin I hissəsində
hava hücumundan müdafiə bölüyü
döyüşçülərinin doğma Bakı səmasını
qanadlı düşmən quldurlarından necə
böyük həssaslıqla qoruduqlarını
görürük.
Həyəcan
siqnalı əsgərləri bir anda ayağa qaldırır.
Artıq təyyarələr səmaya qalxır.
Budur, vurulub yerə salınmış
düşmən təyyarəsi. Həmin
düşmən təyyarəsinin qalıqlarını gətirib
Nizami bağında nümayiş etdirirdilər. Şəhər camaatı axın-axın gəlib təyyarənin
qalıqlarına baxır, əsgərlərimizin qəhrəmanlığına
görə qürur hissi keçirirdilər.
O dövrdə bu cür
kinosüjetlərin xalq içərisində göstərilməsinin
böyük təbliğati əhəmiyyəti vardı. Arxa cəbhədə çalışan zəhmətkeşlər
döyüşçülərimizin sərhəddə
ayıq-sayıq durub keşik çəkdiklərini görəndə
sevinir, onların sabaha ümidləri artır, düşmən
üzərində qələbə
çalacağımıza əmin olurdular. Ona görə də istirahət nə olduğunu
bilmədən “Hər şey cəbhə üçün, hər
şey qələbə üçün!” şüarı
altında yorulmadan işləyirdilər. Və
yeri düşdükcə ön cəbhəyə sovqat
göndərməyi də unutmurdular.
Xüsusi buraxılışın
II hissəsi elə beləcə də adlanır: “Azərbaycan
cəbhəyə”. Bu süjetdə göstərilir ki,
Volodarski adına tikiş fabrikinin əməkçi
qadınları öz növbələrində çox gərgin,
istirahət etmədən işləmələrinə
baxmayaraq, işdən sonra qalıb əsgərlər
üçün paltar tikirlər. Sonra
kinokameranın obyektivi başqa bir ünvana - Maştağaya
yönəlir. Burada da kənd əməkçiləri
qələbə naminə əllərindən gələni
edir, döyüşən orduya bayram hədiyyələri
göndərirlər.
Bütün Azərbaycan
ön cəbhədə vuruşan əsgərlər
üçün bayram sovqatı hazırlayırdı.
Neftçilər də, pambıqçılar da,
taxılçılar da, fəhlələr də, kəndlilər
də, ziyalılar da - bir sözlə hamı, bütün Azərbaycan
əl-ələ verib arxada da, öndə də ümumi
düşmənə - Hitler faşizminə qarşı
mübarizə aparır, yorulmadan öz işləri ilə
böyük Qələbəni
yaxınlaşdırırdılar.
Aydın
Kazımzadə,
Əməkdar
incəsənət xadimi
Mədəniyyət.-
2012.- 22 iyun.- S. 10.