Füzuli teatrının sənət
mücadiləsi
Bu
başlığı təsadüfən seçmədim.
Çünki bu teatr da taleyinə köçkünlük,
didərginlik yazılan sənət ocaqlarındandır. Zəngin
teatr ənənələri olan Füzuli bölgəsində
hələ 1913-cü ildə Qaryagin teatrı fəaliyyətə
başlayıb. Görkəmli səhnə xadimi Hüseynqulu
Sarabski öz sevimli Məcnununu («Leyli və Məcnun»
operası) bu teatrın səhnəsində
tamaşaçılara sevdirə bilib.
Teatrın səhnəsində
respublikanın xalq artistləri Zəroş Həmzəyeva,
Miribrahim Həmzəyev, Sidqi Ruhulla, Seyid Şuşinski, əməkdar
artistlər Cəlil bəy Bağdadbəyov, Mürşüd
Haşımlı, Cəmil Vəzirov, Adışirin Əliyev,
Şamxal Vəzirov, Ağabala Abdullayev, Abdulla Abdullayev, Cəmil
Cəfərov kimi sənətkarlar yetişmişdir. Lakin
teatrın bu zəngin tarixi 1953-cü ildə sona
çatır. Bu tarixdə, bölgələrdəki bir
sıra sənət ocaqları kimi, bu teatr da bağlanır.
Buna baxmayaraq fəaliyyətini xalq teatrı formasında davam
etdirir və nəhayət, 1989-cu ildə Füzuli Dövlət
Dram Teatrı adı altında yenidən fəaliyyətə
başlayır. Tamaşaçılar yenidən teatrın səhnəsində
fərqli yozumlu dram nümunələrinə, istedadlı
aktyor nəslinin ifalarına tamaşa edirlər. O zamana qədər
ki, müharibə dəhşəti külli Qarabağı cənginə
alır, Füzuli teatrı yurd-yuvasından didərgin
düşür. 1989-cu ildən teatra rəhbərlik edən
Vaqif Vəliyev həmin çətin günləri yada
salır:
- 1993-cü ilin 23 avqustuna -
Füzulinin erməni hərbi birləşmələri tərəfindən
işğal edilməsinə qədər teatr müxtəlif
mövzulu tamaşalarla həm öz rayonumuzda, həm də
qonşu Cəbrayıl rayonunda, cəbhə bölgələrində
çıxış edirdi. 1992-ci ildən ermənilər tərəfindən
Füzuliyə mütəmadi hücumlar edildiyindən, şəhər
tez-tez atəşə tutulduğundan teatrımız öz fəaliyyətini
rayon mərkəzində deyil, Horadiz qəsəbə mədəniyyət
evində davam etdirməli oldu. Rayonun işğal
olunmasından sonra Füzuli teatrı Sumqayıt şəhərinə
köçdü. Mədəniyyət nazirinin 25 avqust
1993-cü il əmri ilə kollektivimiz H.Ərəblinski
adına Sumqayıt Dövlət Dram Teatrının yerləşdiyi
S.Vurğun adına Mədəniyyət sarayında məskunlaşdı.
Teatrımız həmin il yeni mövsümü Sumqayıtda
“Vətən ağıları” adlı poetik xalq faciəsi ilə
açdı. Bu nisgilli didərginlik yükünü
2004-cü ilin noyabr ayınadək çəkdik. Sonra Mədəniyyət
Nazirliyinin və Füzuli Rayon İcra Hakimiyyətinin
razılığı ilə yenidən doğma rayona, Horadiz
şəhər mədəniyyət evinə köçdük.
Lakin teatrın normal işləməsi üçün səhnə
və bina şəraiti yox idi. Şükürlər olsun ki,
bu gün teatr Prezident İlham Əliyevin teatra, sənətə
diqqət və qayğısı sayəsində yüksək
səviyyədə təmir-bərpa olunmuş Horadiz şəhər
Mədəniyyət sarayında fəaliyyət göstərir.
Sarayın 1-ci mərtəbəsi bütövlükdə
teatra verilmiş, bu da teatrda normal iş ahənginin yenidən
bərpa olunmasına və teatr kollektivində böyük ruh
yüksəkliyinə səbəb olmuşdur.
- Gəlin, bir az da yaradıcı ab-havadan danışaq. Füzuli teatrının bu
günü və repertuar siyasəti barədə nə deyə bilərsiniz?
- Teatrın repertuarında 60-dan çox
əsərə səhnə
həyatı verilib.
Bu gün teatrın səhnəsində N.Vəzirovun
“Hacı Qənbər”,
S.S.Axundovun “Şahsənəm
və Gülpəri”,
“Tamahkar”, İ.Əfəndiyevin
“Unuda bilmirəm”, H.Mirələmovun “Vicdanın
hökmü”, Ə.Əmirlinin
“Onun iki qabırğası”, A.Səfərlinin
“Qarabağım qan ağlar”, S.Dağlının
“Oyun bitdi” və s. tamaşalar oynanılır. Teatrımız “Sərgüzəşti-Mirzə
Fətəli Axundzadə”
Milli Teatr Festivalında da uğurla iştirak etdi. Dövlət sifarişi ilə
ədibin “Hacı Qara” əsərini hazırladıq və teatrsevərlərə təqdim
etdik.
- Dediklərinizin
fonunda günümüzün
teatral mənzərəsi
və yerli teatrsevərlərin bu sənət məkanına
münasibətini necə
xarakterizə edərdiniz?
- Azərbaycan teatrı özünün
intibah dövrünü
yaşayır. Dövlət
tərəfindən teatra
göstərilən böyük
diqqət və qayğını biz də
daim hiss edirik. «Azərbaycan teatrı
2009-2019-cu illərdə» Dövlət
Proqramı teatrlarımızın
inkişafına geniş
imkanlar açmaqla yanaşı, qarşımıza
çətin və məsuliyyətli vəzifələr
də qoyub. Füzuli teatrı da bu vəzifənin öhdəsindən layiqincə
gəlməyə və
respublikamızda gedən
teatr prosesindən geri qalmamağa çalışır.
- Teatrların inkişafını şərtləndirən
amillərdən biri də yaradıcı əlaqələrdir. Hazırda teatrlarımız
bu yaradıcı əlaqənin əsasən
rejissor tərəfinə
meyil edirlər. Necə düşünürsünüz, teatrlarda rejissor sarıdan problemlər var?
- Məşhur
“Teatr qarderobdan başlayır” deyiminə
əlavə olaraq “teatr rejissordan başlayır” fikrini də doğru hesab edirəm. Rejissor problemi tək bölgə teatrlarının
yox, ümumiyyətlə,
bütün teatrlarda vacib amildir. Çünki rejissor teatrın
simasıdır. Təbii ki,
nazirliyin köməkliyi
ilə bölgə teatrlarına Bakıdan rejissorların dəvət
olunması yaradıcı
kollektiv tərəfindən
yüksək qiymətləndirilir.
Amma biz çalışıb bölgə
rejissorları yetişdirməliyik.
- "Azərbaycan teatrı
2009-2019-cu illərdə" Dövlət Proqramında
əks olunan əsas müddəalardan biri ümumbəşəri
və milli-mədəni
dəyərlərin qorunması
və dünya mədəniyyətinə inteqrasiyası
təmin edilməklə
Azərbaycan teatr sənətinin inkişafı
ilə bağlıdır.
Bu xüsusda hansı
məqamları önə
çəkmək olar?
- Azərbaycan teatrı dünya teatrına inteqrasiya edir. Dövlət proqramına uyğun
olaraq teatr sahəsində islahatlar aparılır, Azərbaycan
teatr sənətinin inkişafı sahəsində
mühüm işlər
görülür. Dövlət proqramı teatrların bədii zəngin yaradıcılığı, milli
dəyərlərin səhnədə
qorunması, milli teatr sənətinin daha da inkişaf
etdirilməsinə geniş
imkanlar açır.
Dövlət teatrlarının əsaslı təmiri, müasir işıq, səs effektləri, teatr studiyalarının açılması, Azərbaycan
teatrının dünya
arenasına çıxması
bütün bunların
tərkib hissəsidir.
- Bu prosesdə
Fizuli teatrının yerini necə görürsünüz?
- Füzuli teatrı da həmin proqram çərçivəsində bu prosesdən kənarda qalmır. Repertuarımızda C.Cabbarlının
“Almaz”, “Aydın”, C.Məmmədquluzadənin “Danabaş
kəndinin əhvalatları”,
“Kişmiş oyunu”, N.Vəzirovun “Yağışdan
çıxdıq, yağmura
düşdük”, M.F.Axundzadənin
“Hacı Qara” kimi uğurlu tamaşalar var. Bu səhnə
əsərləri tamaşaçı
auditoriyası qazanıb.
Bizim də arzumuzdur ki, od-alov içərisindən
çıxıb mətinləşmiş
cəbhə teatrı
kimi xarici ölkələrdə də
çıxışlar edək.
- Deməli, yaradıcı potensialınıza
güvənirsiniz.
- Teatr truppasında müxtəlif
yaş qruplarından
20-dən artıq aktyor
var. Çalışırıq ki, əsasən bölgənin aktyor potensialından istifadə
edək. Səhnə ustaları Vaqif Rəhimov, Şəlalə
Nəsirova, Məryəm
Məmmədova, Asif Şirinov, Habil Hacıyev, orta nəsil aktyorları Qaçaq Qarayev, Əli Hüseynov, Sevinc Məmmədova, Günel Hacıyeva, Gülnar Həsənova, Aygün Cəfərova, Elçin Məmmədov, Elçin Bağırov, habelə gənclərimiz
birgə yaradıcılıq
mühitində çalışırlar.
- Gənc aktyor və rejissorların əyalətə
gedişi bir az çətin
məsələyə çevrilib.
Yəqin
bu problem sizdə də mövcuddur?
- Düzdür,
gənc aktyor və rejissorlar əyalətə getməyə
elə də maraq göstərmirlər.
Ancaq, səmimi deyim ki, teatrımız gənc aktyorlar sarıdan korluq çəkmir. Bölgə teatrı
olmasına baxmayaraq, bu gün teatrımıza
gənclərin axını
var. Əlbəttə ki,
bu da teatrın
cəmiyyət içində
tutduğu mövqedən
və gənclərin
teatra olan marağından asılıdır.
Eyni zamanda, gənclərin teatra gəlməsini və teatr prosesində
daha fəal iştirakını təmin
etmək üçün
teatr studiyasının
açılması xahişi
ilə nazirliyə müraciət etmişik.
Ümumilikdə, bu gün teatrımızda səmimi,
mehriban, sağlam yaradıcılıq ab-havası
hökm sürür.
Teatrın bütün yaradıcı
heyəti fədakarlıq
və böyük ruh yüksəkliyi ilə çalışır.
Bunun nəticəsidir ki, teatr bütün sahələr üzrə yüksək göstəricilərə
nail olur.
- Cəbhə xəttində yerləşən
rayonun teatrını yaşatmaq, müasir teatr prosesinə adaptasiya etmək çətin deyilmi?
- Füzuli teatrının ikinci həyatı qanlı-qadalı
Qarabağ müharibəsi
illərinə düşdü.
Bütün bu çətinliklərə
baxmayaraq teatr öz fəaliyyətini davam etdirdi. Kollektivimiz müharibənin qızğın
vaxtlarında belə cəbhə bölgəsinə
gedib səngərlərdə,
döyüş xətlərində
olan əsgərlərimizə
dəstək oldu.
Demək
istərdim ki, artıq, bu, teatrımızda bir ənənə halını
alıb. Belə çətinliklərdən
çıxmış teatrı
yaşatmaq böyük
məsuliyyətdir. Çünki çətin dövrlərdə
teatrımız həm
yaşayıb, həm
də yaratmışdır.
Təsadüfi deyil ki, teatrımızın beş aktyoru
müharibə veteranıdır.
- Repertuar seçərkən çətinlikləriniz
olmur ki? Çünki bu gün müasir dramaturgiyamızın
kasadlaşdığını düşünənlər çoxdur.
- Əlbəttə,
yaxşı dramaturqlara
böyük ehtiyacımız
var. Səhnəmiz müasir,
bu günümüzlə
səsləşən, zamanın
nəbzini tutan dram əsərləri arzusundadır.
Ona görə də hələlik repertuarımızda
klassik dramaturqların
əsərlərinə əsas
yer veririk.
- Bəs tamaşaçı tələbatı
əsas etibarilə hansı janradır?
- Janrın fərqi yoxdur. Əsas odur ki, tamaşaçının
marağını nəzərə
almağı bacarasan.
Çalışırıq ki, hansı
janr olsa, tamaşaçının zövqünü
oxşasın və onlarda yüksək zövq aşılayan dəyərli səhnə
əsəri olsun.
- Səhnə əsərləri arasında
yəqin vətənpərvərlik
mövzularına da geniş yer verirsiniz?
- Vətənpərvərlik
həmişə ön
planda olmalıdır.
Çünki bu mövzu tamaşaçılar tərəfindən
həmişə rəğbətlə
qarşılanır. Teatrımızın repertuarında vətənpərvərlik
mövzusunda əsərlərimiz
var. Amma dramaturji nümunələrin azlığı
onların repertuarda əks olunmasına da təsir edir.
- Qonşu bölgələrin və
paytaxtın teatrları
ilə yaradıcı
əlaqələriniz necədir?
- Qonşu
Ağdam teatrı ilə mütəmadi əlaqə saxlayırıq
və qarşılıqlı
razılaşmaya əsasən
təcrübə mübadiləsi
məqsədilə görüşlər
keçirib, tamaşalar
qoyulması planlaşdırılıb.
Sumqayıt teatrı çətin
günlərdə bizə
arxa, dayaq olub. Bakı teatrlarından isə
Musiqili Komediya Teatrı, Gənc Tamaşaçılar Teatrı
ilə əlaqələrimiz
var. Bakıya son qastrol
səfərimiz 2010-cu ildə
olub. Həmin il milli
teatr festivalında S.S.Axundovun “Bəndalı bəndə düşüb”
tamaşasını paytaxt
sənətsevərlərinə təqdim etmişik.
Söhbətləşdi: Həmidə Nizamiqızı
Mədəniyyət.-
2012.- 22 iyun.- S. 7.