Milli könüllər Bülbülü

 

   Onun səsində gül gülü çağırır, bülbül bülbülü…

  

   Bu gün - 22 iyun onun ad günüdür. Murtuza Məşədi Rza oğlu Məmmədovun doğum günü. Növbəti bir bioloji varlığın bu dünyaya gəlim günü, olum günü. Bəs onu dünya ilə bir edən təxəllüsü ilə - sonralar dadlı istedadı, ünlü sənətilə qazandığı adla yad edəcəyimizdə necə? Daha nə “necə”, belədə hər gün onun ad günüdür!

  

   Bülbül... Hələ bu qeyri-adi adı almazdan öncə bu dünya necə də maraqsız imiş onunçün... Elə onun o çağkı, indiki və gələcək müasirləriçün də xeyli monoton olacaqmış bu dünya...

   Görəsən, onun öz adi adı qulağına dəyəndən səs-sədası dünyayla bir olana, öz şan-şöhrət butasını bulanadək qəlbi hansı havaları, şərqiləri, təsnifləri izhar edirmiş? Əntiq səslər, ecazkar ifalar mərkəzi İtaliyaya getməsəymiş necə, o ilahi səs ömrü boyu dilsiz qəfəs varlıqları kimi dad döyüb qalmayacaqmış ki? Bütün bu ehtimallara real bir əlavə: əgər o, dahi Səs Bülbülü yox, eləcə “Murtuza Məşədi Rza oğlu Məmmədov” kimi yaşasaydı, tariximizin statik statistika, sükuti fonoteka dəryasına qərq olmuş milyonlarla ad-soyadlardan birinin daşıyıcısı olaraq qalacaqdı.

   Lakin... Bülbül! Xalqımızın öz çağlar sənət sevgisi dəryasından seçib-sonalayıb ona ad elədiyi sevgili bir isim.

   Bu ad bütöv bir obrazdır. Milli Səs obrazı. Sirli-sehrli nəfəs, xalqın verdiyi bu ada rəğmən dünyəvi “qəfəs” obrazı...

   

   Bülbüllər

  

   Bunların saysız-hesabsızları təbiətdə, bircəsi cəmiyyətdə. Təbiətdəkilər güllü aləm üçün oxuyur, cəmiyyətdəki küll-aləmçün. Lakin...

   Bu bir təəssüf ifadəsi. Amma bu məqamda “lakin” təəssüfü ürəkdən tikan çıxarmağa bəs eləmir. Sabiranə ağrımaq gərək bu heynidə; “lakin, amma, ancaq, leyk, əfsus!” Bu nidalarla bildirməliyik ki, bizim bu milli könül Bülbülümüz haqda çox az danışır, az yazır, radio-TV-lərdə az verilişləyirik. Nəzərə almırıq ki, ondan bəhs etməklə, Şuşadan, Qarabağdan da söz açmış oluruq. Adam tanıyıram ki, onun “A teşti-teşti, teşti, Vurdum Gilanı keşdim” sədası hesabına mənbələr araşdırıb Gilan toponimi haqda geniş məlumat əldə edib. Dostum var ki, onun “Mən aşıq bir az bəri, Gəncədən bir az bəri, Öldürdün, ay qız, məni - Eylədin diləzbəri” sədasının Məcnununa çevrilib, kimdənsə soruşmağı ayıb saydığından, taksi tutub, məxsusi səfər edib ki, getsin, görsün, “Gəncədən bir az bəri” adlı o yar oylağı haradır, necədir və bu boyda kişinin səsini niyə belə ərşə çəkib...

   Deməli, bu dediklərim nə? Bu ki, bu dahi oğulun adı bir gündə beş çəkilərsə, üç də o dahilər anasının - Şuşa xanım-xatunumuzun namı hallanar. Fərqinə varılar ki, o yurdda “əsilli-nəsilli zat”lar nəmənədir, “gəlmə zad”lar nəsənə. Sonra da qafamızın qapağını qarşımıza qoyub fikirləşərik ki, niyə bəzi sənətbazlar haqda “cikindən-bikinə” tutumlu yazılar, verilişlər, dosyelər verilir, bu qeyri-adi sənətkar-obraz barədə, lətifəsi uzaq olsun, “üç badam, bir qoz” sanılı söz açılır. Əcəba, demirsizmi, birdən, məsələn, hər gün, hər saat efir-ekranda Qarabağa dair “hələ də susurlar” deyə ərk-görk edib gileyləndiyimiz BMT-çilər, Minskçilər, AŞçılar - bütün yadelli başçılar bu bəşəri sənətkarın hər hansı bir ifasından feyzlənib, onun bioqrafiyası ilə də tanış olmaq istədilər. Belədə nə görəcəklər? İnternet saytında bunumu ki (?!): “22 iyun 1897, Xanbağı (Şuşa) - 26 sentyabr, Bakı”! Hə, nə? Onun yurdunun - Şuşanın öz qələmimizlə mötərizəarası işğala da salınmasınımı? Nədən o “Qırxqız”, “Topxana”, “Meşəli”, “Cıdır düzü”, “Xankəndi” adlarının doğma, ekiz qardaşı olan “Xanbağı” kimi dadlı toponim haqda bir qırnıq siyasi-etnik məlumat, bir abzaslıq ədəbi-publisistik təəssürat verilməsin? Hələ bu gün də “Əməyi güllər açan Sərdarı, Bünyadı var” oxuduğumuz halda, niyə burada yazılmasın ki, bu ilahi səsi - dahi müğənnini əslən-nəslən qarabağlı bir Ana doğub. Özü də anamız Qarabağın bir ocağından digərinə qonaq gedərkən məhz o Xanbağında dünyaya gətirib. Həm də necə?! Qəza-qədərin bu qəribə “doğum evi” məkanında tələsdiyindən ayağı kəndirə düşən simsar faytonçunun “dəh-dəh!” harayları, gələcək “rəqiblik ehtimalından” səs-səsə vermiş bülbüllərin cəh-cəh sədaları altında! Nə üçün hər hansı bir ədəbi üslub ilə vurğulanmasın ki, bu qədər sənət ağaları yetirən o torpaq, nə əcəb, özlərini buranın kökən etnosu adlandıran o dığaların bircəciyinə belə, bir üskük sənət südü əmizdirməmiş, bir oktava səs verməmiş olsun?..

   Bəli, mədəniyyətimizin bu ecazkar səs, avaz, poetik hənirti, folkloranə üyültü, professional nərilti, bəşəri dinlənti - bir sözlə, bütöv bir musiqistan obrazı hər yerdə, hər nüansda onun özünə layiq təqdim, təfsir və təmsil edilməlidir.

  

   Onun digər adları

  

   Bunlar çox, əksəriyyətilə işim yox, götürək “Xalq artisti”ni. Elə təkcə “xalq”? Xeyr! O bizim millətin oğlu, dünyanın Artistidir.

   Yığıncaqların, tədbirlərin rəsmi və bədii hissələri olur. Bunu insanlara da şamil etsək, Bülbüldə bunların vəhdətini görərik. O, sənətin həm predmeti idi, həm də şünası. Üzeyir bəyin “Koroğlu”sunun şah əsər olduğu ilk dəfə məhz onun dilindən səslənib (özü də, özü üçün yazılmış ariyalarla bağlı yox, məhz “Nigarın ariyası” ilə əlaqədar) və bunu elmi-aspektual şəkildə əsaslandırıb. Həmin şah əsərin Moskva dekadasında dahi müəlliflə yanaşı, bu dahi ifaçının da kürəyinə, yalan-gerçək, fəxarət dolu nəvazişlə əl çəkən Stalinin “Moskvada qalıb çalışmaq istərdinizmi” sualına razılaşmamaq əlaməti olaraq susan Bülbülün dili geri qayıdarkən qatarda açılır. Xanımının “niyə razılıq vermədin” sualına “bəs musiqi folkloru ilə bağlı yarımçıq qalmış tədqiqatım necə olsun” cavabını verir...

   Bülbülün professor, musiqi folkloru tədqiqatçısı, professional vokal məktəbimizin banisi olması faktları öz yerində, onun ifaçılıq taktlarının öyrənilməsi ayrıca bir institut işidir. Onun oxuyacağı hər hansı bir mahnının, təsnifin, ariyanın ilk sözünə qədərki sədaları bitkin bir elmi-populyar “giriş”dir. Hər biri beş-üç dəqiqə çəkən bu “şifahi əsərlər”in ilk misrasından başlayaraq mövzu-mətləbə verdiyi motivasiya-ritmik xarakter “məqsədli aspirantura”dır. O əsərlərin son sətir-bəndlərində çilədiyi vüsali zəngulələr müdafiəyə ehtiyacı olmayan “dissertasiya”lardır...

  

   ...Və qeyri-ciddi bir “avtoreferat”

  

   Bir kərə Bülbül haqda bir televiziya verilişinə hər “növ” intellekt, səviyyə zümrələrilə birgə baxırdım. Bu böyük mərasim sahibinin özü də böyük adam idi, qonaqlıq təşkil etdiyi otağı da, televizor cihazı da.

   Bu böyük, geniş otaq-salonda böyüklərin bir qulağı və bir gözü ekranda olsa da, öz aləmlərində idilər. Balaca bir qızcığazsa döşəmədən tapdığı, üfürə-üfürə başı üzərində qovduğu zərif, pırpız bir tükcüyün dalınca qaçmaqda idi. Bülbül isə “Koroğlu”nun ən minor ariyasındakı “səndən ayrı” sözləri, hicr dolu zəngulələrilə qoç Koroğlunu xas aşiqlik oduna yandırır, “ah, Nigarım!” - deyə dad döyürdü. Ariyanın ən yuxa bir məqamında dörd-beş yaşlı o qızcığaz öz məşğuliyyət “qov”unu qovmaqda ola-ola, məclisin aşağı başında oturmuş anasını çox ucadan səsləyərək: “Ana, ana, o kişi ölür, qoymuyun onu ölməyə, yazıxdı!” - deyə, gözlərini ekrana zilləyib, donmuşdu elə bil...

   Bu təmiz uşaq səsi, uşaq sözü o məclisi diriltdi. Buradakı bütün yar-yoldaşlar, qohum-qardaşlar həm də dönüb vətəndaş oldular. Gözlənilmədən təbii, xəlqi bir konfrans, milli bir məclis alındı. “Kələm qonaqlığı”ndan kəlam mərasiminə çevrilən o yığıncağı “giriş sözü” ilə elə o qızcığazın atası açdı. Dedi ki, Bülbülün səsi eşq adlı əbədi müəmmanı Füzulinin sözü, Üzeyir bəyin musiqisi qədər aça bilir. Belə məclislər üçün hələ naşı olan bir tələbə qız çəkingən tərzdə buyurdu ki, Bülbülün səsində bütün ataların - yəni kişilərin bütün analara - yəni qadınlara nisbətdə amiranəlik, mənəm-mənəmlik iddialılığını kompensasiya etmək cövhəri var. O gözəl tələbə qızla üzbəüz oturmuş gənc və yaraşıqlı professor dərhal əlavə etdi: “Demək istəyirsiz ki, Bülbülün səsi məhəbbət haqda deyilməmiş, yazılmamış bütün fikirləri ifadə edir, hə?”

   Gənc professorun obyektə tərifdən çox, qarşısındakı subyektə yönəlik komplimentə bənzəyən bu sözlərinin fonunda veriliş aparıcısı Bülbülün həm də fenomenal alim, professor şöhrətindən, SSRİ Xalq artisti, SSRİ Dövlət mükafatı laureatı olmasından, 2 dəfə Lenin, 2 dəfə “Qırmızı Əmək Bayrağı”, “Şərəf nişanı”, təhsil aldığı İtaliyanın “Haribaldi” ordenləriylə təltif edilməsindən danışırdı. Bu uzun titul sadalamasından canı darıxan ağsaqqal bir sürücü başını başlara qoşub: “Ay zalım oğlu, bu mükafatlar mənim onun səsinə vurğunluğumun yanında çox xırda şeylərdi, - dedi və bu “yekələr” məclisinin ona da qulaq verdiyini görüb, aparıcının qarasına əlavə etdi: - Kişinin məcunlarından birini verin, dinləyib dirilək də!” Bu kələ-kötür “çıxış”dan sonra, buradakı “Nuhun gəmisi” timsallı “xalq” susdu. Hamı yaxşı tanıdığı daha bir “proletar”a - düzəltdiyi əşyalara nəfəsdən başqa hər şey verən Dəmirçi Aydına baxdı. Dəmirçi çəkic-zindan sədalı səsiylə bir cümləlik nəqarət-nitq elədi: “Bülbüldən zövq almaq üçün gərək onu dinləyərkən bir sən olasan, bir də özün...”

   O “beynəlzümrə” yığıncaqda mən də bir-iki kəlmə dedim, amma, deyəsən, ən diqqətcil dinləyicim də elə özüm oldum. Ərz etdim ki, Bülbül oxuduğu məqamlarda həm ifaçı olub, həm dinləyici, tamaşaçı, tənqidçi, təlimçi, münsif və sair. O, ifa etdiyi mahnı, təsnif mətnlərindəki zəif söz, misra və bəndlərə ecazkar səsi ilə elə şəkər qatır ki, adam bəzən, sözün, fikrin mənasına varmır. Söz, fikir güclü olanda isə səsindəki emosiyanı yığışdırıb bir kənara çəkilir, bütün diqqətləri deklamasiya etdiyi sözün üstünə yönəldir. Məsələn, “Bir gün evlərinin lap qabağından, Titrəyib keçdiyim yadıma düşdüüü, aman, aman, aay amaaan...”

   O qonaqlıq sahibiylə çox yaxın olduğumdan, mən o məclisdə bu ifanı, pisdən-yaxşıdan, bir qədər təqlid də etdim. Bu yazıda isə...

   Heyf ki, yazıda oxumaq olmur...

   

 

   Tahir Abbaslı

 

  Mədəniyyət.- 2012.- 22 iyun.- S. 6.