Türkiyədə Azərbaycan Mədəniyyəti Günləri başa çatdı

 

Türkiyədə iyunun 18-də başlanan Azərbaycan Mədəniyyəti Günləri İzmir şəhərində keçirilmiş tədbirlərlə başa çatıb. İyunun 20-də İzmirdəki Egey Universitetinin Atatürk Mərkəzində Azərbaycan incəsənət ustalarının konserti olub.

Konsertdən əvvəl Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalov, İzmir valiliyi və bələdiyyəsinin rəhbərləri çıxış edərək iki qardaş ölkənin ortaq mədəni irsinin tanıdılması baxımından bu tədbirlərin əhəmiyyətindən bəhs ediblər. Çıxışlarda vurğulanıb ki, onilliklər boyu İzmir və Bakı qardaş şəhərlər olmuşbu gün də sıx əlaqələr davam edir.

Konsertdə Qara Qarayev adına Dövlət Kamera Orkestri (bədii rəhbər və baş dirijor Xalq artisti Teymur Göyçayev), Dövlət Rəqs Ansamblı (bədii rəhbər Xalq artisti Afaq Məlikova), solistlər - vokalçı, Xalq artisti Samir Cəfərov və Aygün Zeynalova, muğam ifaçıları, respublika müsabiqələri laureatları Babək Niftəliyev və Arzu Əliyeva, Əməkdar artist Sahib Paşazadənin rəhbərliyi ilə instrumental ansambl, balaban ifaçısı, Əməkdar artist Şirzad Fətəliyev çıxış ediblər. Türkiyəli tamaşaçılar incəsənət ustalarımızın çıxışlarını alqışlarla qarşılayıblar. Sonda Əməkdar artist Azərinin ifa etdiyi mahnılar sürəkli alqışlar doğurub.

 

 

Mədəniyyət.- 2012.- 22 iyun.- S. 2.