Qılınc,
yoxsa qələm?
Məmməd
Səid Ordubadi - 140
Zaman sübut etdi ki, tarixdə qılıncın
yaraları yox, qələmin izləri qalır
İyunun 27-də Müslüm Maqomayev adına Azərbaycan
Dövlət Filarmoniyasında Mədəniyyət və Turizm
Nazirliyinin təşkilatçılığı ilə
görkəmli nasir, şair, dramaturq, jurnalist, tərcüməçi,
Əməkdar incəsənət xadimi Məmməd Səid
Ordubadinin 140 illik yubileyinə həsr edilmiş tədbir
keçirildi. Tədbirdən əvvəl filarmoniyanın
foyesində ədibin əsərlərindən ibarət sərgi
nümayiş olundu.
Yubiley gecəsində mədəniyyət
və turizm nazirinin birinci müavini Vaqif Əliyev
çıxış edərək Azərbaycan xalqının
mədəni-mənəvi dəyərlərinin qorunub
saxlanması, yaşadılması və nəsildən-nəslə
ötürülməsində, tarixi gerçəklərin bədii
salnaməyə çevrilməsində qüdrətli qələm
sahiblərinin böyük rolu olduğunu bildirdi.
V.Əliyev Ordubadinin
"Qılınc və qələm",
"Döyüşən şəhər", "Gizli
Bakı, “Dumanlı Təbriz” və digər əsərləri
ilə Azərbaycan ədəbiyyatında tarixi roman
janrının əsasını qoyduğunu,
yazıçının irsinin daim böyük maraq
doğurduğunu dedi: “Ordubadi elə ədiblərdəndir ki,
yaradıcılığının dərindən tədqiqinə,
oxunmasına və yayılmasına bu gün də maraq
böyükdür. Bu mənada Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin “Məmməd
Səid Ordubadinin 140 illik yubileyi haqqında”
imzaladığı 10 aprel 2012-ci il tarixli sərəncamı ədibin
yaradıcılığının yeni nəsillərə
tanıdılması üçün böyük imkanlar
açmışdır.
Sərəncamın icrası ilə
əlaqədar Mədəniyyət və Turizm Nazirliyinin təsdiq
etdiyi tədbirlər planına əsasən hələ may
ayından tədbirlər silsiləsinə start verilib.
Yazıçının ikicildlik “Dumanlı Təbriz” əsəri
nəşrə hazırlanaraq çap olunub, xatirə muzeyində
görüşlər, ədəbi söhbətlər
keçirilib”.
Vaqif Əliyev görkəmli
yazıçının keçdiyi həyat yoluna da nəzər
saldı: “Ordubad şəhərində anadan olan Məmməd
Səidin atası Fəqir Ordubadi şair kimi
tanınmışdı. Atasını kiçik
yaşlarında itirən Məmməd Səid uşaq
yaşlarından işləyib evə qazanc gətirməyə
başlayır.
Onun ilk şeiri 1903-cü ildə
"Şərqi-Rus" qəzetində, "Qəflət"
adlı ilk şeirlər kitabı isə 1906-cı ildə
Tiflisdə çap olunur. 1907-ci ildə ədibin "Vətən
və hürriyyət" adlı ikinci şeirlər
kitabı işıq üzü görür. Elə həmin
illərdən nəşrə başlayan "Molla Nəsrəddin"
jurnalı Ordubadinin yaradıcılığına
güclü təsir göstərir. O, tezliklə jurnalın əməkdaşlarından
birinə çevrilir, eyni zamanda Bakıda çıxan
"İrşad", "Səda", "Sədayi-həqq",
"Tərəqqi", "Təzə həyat" və s.
qəzetlərdə, "Tuti", "Babayi-Əmir"
jurnallarında da yazılarla çıxış edir.
İkinci Dünya müharibəsi
illərində mətbuatda faşizm əleyhinə əsərləri
ilə çıxış edən Məmməd Səid
Ordubadi sadə adamların rəşadət, vətənpərvərlik
kimi yüksək keyfiyyətlərini təsvir edən ədəbi
nümunələr yaradır. "Gənc çekistlər",
"Kiçik şəhər", "Serjant İvanov
adına körpələr evi" kimi roman və hekayələri,
"Maral", "İntizar çəkənlər"
pyesləri həmin illərin məhsuludur”.
Vaqif Əliyev Məmməd Səid
Ordubadinin qələmini bir çox janrlarda
sınadığını və hər birində uğur
qazandığını da diqqətə çatdırdı:
“Koroğlu”, “Nərgiz”, “Nizami” operaları, "Beş manatlıq
gəlin", "Ürək çalanlar" musiqili
komediyalarının librettosu, "Dumanlı Təbriz"
pyesi Ordubadi qələminin ən çətin janrlarda yarada
bilmək qüdrətini açıb göstərir. Bu əsərlərin
bir çoxu uzun illər repertuardan düşməmiş,
yüz minlərlə tamaşaçının
alqışlarını və rəğbətini
qazanmışdır”.
V.Əliyev
çıxışının sonunda Ordubadinin dəyərli
irsinin hələ uzun müddət qədirbilən oxucularla
yol yoldaşı olacağını bildirdi.
Dövlət mükafatı
laureatı, filologiya elmləri doktoru, professor Nizaməddin
Şəmsizadə Məmməd Səid Ordubadinin kəşməkəşli
həyatından və zəngin ədəbi irsindən
danışdı. O, ədibin “Qılınc və qələm”
romanını Azərbaycan ədəbiyyatında tarixi roman
janrının zirvəsi saydığını qeyd etdi.
Yubiley gecəsində Azərbaycan Yazıçılar
Birliyinin katibi, Xalq yazıçısı Çingiz
Abdullayev, Məmməd Səid Ordubadinin ev-muzeyinin direktoru Lalə
Abaszadə, Bakı Dövlət Universitetinin müəllimi,
filologiya üzrə fəlsəfə doktoru, Ordubadi irsinin
araşdırıcısı Bəxtiyar Əsgərov da
çıxış edərək ədibin zəngin,
çoxşaxəli yaradıcılığından danışdılar.
Gecədə Akademik Milli Dram
Teatrının və Musiqili Komediya Teatrının
aktyorlarının iştirakı ilə “Qılınc və Qələm”
romanından və ədibin libretto müəllifi olduğu
“Beş manatlıq gəlin” komediyasından səhnəciklər
göstərildi, Ordubadinin sözlərinə bəstələnmiş
musiqilər səsləndirildi.
Təranə
Vahid
Mədəniyyət.- 2012.- 29 iyun.-
S. 3.