Akif Musayevin 70 illik yubileyi qeyd edildi

 

   İyunun 27-də C.Cabbarlı adınaAzərbaycanfilmkinostudiyasının təşkilatçılığı ilə Dövlət Film Fondunda Əməkdar mədəniyyət işçisi Akif Musayevin 70 illik yubileyi qeyd edildi.

  

   Tədbirin aparıcısı Əməkdar artist, rejissor Elxan Qasımov uzun illər dostluq etdikləri bir çox filmlərdə çiyin-çiyinə çalışdıqları Akif Musayevin həyatı haqqında məlumat verdi, ömrünün 40 ilini kinoya həsr etmiş mütəxəssisin fəaliyyətindən bəhs etdi. Bildirdi ki, 1969-cu ildən C.Cabbarlı adınaAzərbaycanfilmkinostudiyasında işə düzələn Akif Musayev ömrünün sonuna qədər burada müxtəlif vəzifələrdə çalışıb. Onun işinə hər zaman məsuliyyətlə yanaşdığını deyən sənət dostu Akif Musayevlə olan uzun illik dostluq əlaqələrindən danışdı, onunla bağlı xatirələrini bölüşdü.

   C.Cabbarlı adınaAzərbaycanfilmkinostudiyasının direktoru Müşfiq Hətəmov Akif Musayevin kino sənətinə olan münasibətindən söhbət açdı. Onun kinostudiyada yeni kadrların hazırlanmasında yaxından iştirak etdiyini, kino istehsalatı, ümumiyyətlə, iqtisadiyyata yaxından bələd olan peşəkar işçi olduğunu dedi. İqtisadiyyatı yaxşı bildiyindən işlədiyi filmlərdə maliyyə israfının yolverilməz olduğunu dilə gətirdi.

   Rejissor, aktyor, Xalq artisti Ramiz Əzizbəyli isə qocaman kino işçisinin şəxsi keyfiyyətlərindən danışdı, onun mülayim xasiyyətli, hazırcavab, savadlı, mədəni insan olduğunu bildirdi.

   Xalq artisti Rasim Balayev, Əməkdar mədəniyət işçisi Əsəd Əsədov da A.Musayevlə birgə çalışdıqları filmlərdən söhbət açdılar, xatirələrini bölüşdülər.

   Tədbirdə Akif Musayevin həyat yolunu əks etdirən fotoşəkillərdən hazırlanmış video-çarx işlədiyi filmlərdən fraqmentlər nümayiş etdirildi.

  

 

   Reyhan İsayeva

 

   Mədəniyyət.- 2012.- 29 iyun.- S. 3.