Gənc
bəstəkarların fəaliyyəti diqqət mərkəzindədir
Xəbər
verdiyimiz kimi, iyunun 12-dən 16-dək Mədəniyyət və
Turizm Nazirliyinin təşkilatçılığı ilə
Azərbaycan Bəstəkarlar İttifaqı gənc bəstəkarların
əsərlərindən ibarət plenum təşkil etdi.
İstedadlı gənc
musiqiçilərin fəaliyyətinin
stimullaşdırılması və
yaradıcılıqlarının geniş ictimaiyyətə təqdim
olunması məqsədilə keçirilən tədbir
musiqiçilər və gənc bəstəkarlar tərəfindən
maraqla qarşılanıb.
Plenum sonrası təəssüratlarını
bizimlə bölüşən Azərbaycan Milli
Konservatoriyasının dosenti, musiqişünas Jalə Qulamova
tədbirin gənc bəstəkarların fəaliyyətinə
dəstək baxımından böyük əhəmiyyətə
malik olduğunu bildirdi: “Son vaxtlar Azərbaycan Bəstəkarlar
İttifaqının xətti ilə keçirilən tədbirlərin,
milli musiqimizin inkişafına xidmət edən layihələrin
sayı artmaqdadır. Belə layihələrdən biri də
gənc bəstəkarların əsərlərindən ibarət
plenum oldu. Üç gün ərzində gənc nəsil
musiqiçilərin müxtəlif janrlarda yazılmış
yeni əsərlərindən ibarət konsert proqramlarını
dinlədik. Ümumilikdə bu tədbirin təşkili Azərbaycanda
gənc bəstəkarlara böyük qayğının bariz
nümunəsi kimi çox diqqətəlayiqdir. Əsərləri
dinlədikcə gənc nəslin müasir musiqiyə
böyük marağının, dünya musiqi arenasına
inteqrasiya meyillərinin və bu anlamda uğurlu nəticələrin
şahidi oldum. Və təbii ki, bu hal məni çox
sevindirdi. Əsərlərini dinlədiyimiz bu gənclərin əksəriyyəti
xaricdə təhsil alır, bəstələri dünya musiqi
orkestrlərinin ifasında səslənir. Bunların
sırasında Günay Mirzəyevanın adını xüsusilə
vurğulamaq istərdim. O, 2007-2015-ci illər Azərbaycan gənclərinin
xaricdə təhsili üzrə Dövlət Pproqramı
çərçivəsində Almaniyanın Ştutqart
Konservatoriyasının bəstəkarlıq fakültəsində
magistr pilləsində təhsil alıb, hazırda isə Roma
Konservatoriyasında, eyni zamanda Almaniyada məşhur bəstəkar
Volfqanq Rimin bəstəkarlıq sinfində doktorantura pilləsində
təhsilini davam etdirir. Onun plenumda səslənən “Simli
kvartet”i çox maraqlı əsərlərdən biri kimi
yaddaşlarda qaldı. Üç hissədən ibarət əsərdə
hissələr bir-birindən templəri ilə fərqlənsələr
də, ümumilikdə dəyişik emosiyalar
daşıyırdı. Daha bir istedadlı gəncimiz Aliyə
Məmmədovanın "Piano üçün
yazılmış 2 prelüd"ü də maraqlı əsərlər
sırasında idi. Azərbaycanımızı xaricdə
uğurla təmsil edən gənclərimizdən biri də Kəmalə
Əlizadədir. İtaliyanın Modena şəhərindəki
‘’Oratsio Vekki’’ adına konservatoriyanın bəstəkarı
professor Antonio Cakomettinin dəstəyi ilə orada bəstəkarlıq
kursları keçən Kəmalənin əsərləri
İtaliya, Hollandiya, Yaponiya və Amerikada uğurla səslənib.
Onun plenumda səslənən maraqlı əsərlərindən
biri də “İtirilmiş cənnət” idi. Bəstəkar bu əsərində
Şuşa itkisinin ağrı-acısını musiqi dili ilə
çox gözəl ifadə edə bilib.
Daha bir maraqlı
çıxış kimi “Con Tempo” ansamblının
ifasında səslənən əsərləri göstərə
bilərik. Bu nümunələr öz müasirliyi, alətlərin
maraqlı uzlaşdırılması ilə diqqəti çəkdi».
Plenumun
iştirakçılarından biri də gənc bəstəkar
Azər Əsgərovdur. Azər Ü.Hacıbəyli adına
Bakı Musiqi Akademiyasının magistr pilləsində bəstəkar
Aydın Əzimovun sinfini bitirib. Diplom işi isə “Skripka və
orkestr üçün konsert poema” olub: «Təhsilimi bu il
bitirdiyim üçün çalışıram ki, akademik
musiqinin bütün janrlarında özümü
sınayım. Düşünürəm ki, hər janrın
özünəxas çətinliyi var. Sankt-Peterburq Kino və
Televiziya İnstitutunun səs rejissorluğu kursunu bitirdiyimdən
kino musiqisinə də böyük maraq göstərirəm. Təbii
ki, film musiqisi bəstələmək üçün
teatrı, ədəbiyyatı da mükəmməl bilmək
lazımdır. Çünki burada obraz, leytmotiv
yaratmağı bacarmalısan. Hazırda Elçin
Elxanlının “İnam” tammetrajlı filminin musiqisi üzərində
işləyirəm. Əvvəllər isə “Salnamə”
studiyasının istehsal etdiyi iki sənədli filmə musiqi
yazmışam.
Getdikcə hiss edirəm ki, gənc
bəstəkarlara diqqət, maraq və qayğı artır.
Onların konsertləri təşkil edilir, əsərləri
müzakirə olunur. Bu isə çox vacibdir. Plenumda əsərlərini
dinlədiyim əksər bəstəkarların
yaradıcılığı Azərbaycan musiqisinin uğurlu
sabahından xəbər verir».
Plenum barədə rəy bildirən
digər həmsöhbətimiz isə Pikə Axundovadır.
Pikəni musiqi aləmində yaxşı tanıyırlar.
Bir çox tanınmış
mahnıların müəllifi olmaqla yanaşı, klassik əsərlərə
də imza atan gənc bəstəkar artıq pedaqoji fəaliyyətlə
də məşğuldur. Ü.Hacıbəyli adına
Bakı Musiqi Akademiyasının aspiranturasını bitirən
bəstəkar plenumda ilk dəfə iştirak etmədiyini
qeyd etdi: “Mən gənc bəstəkarların plenumunda ilk dəfə
2007-ci ildə birinci kursda oxuduğum zaman iştirak etmişəm.
O zaman “Fortepiano sonata”mın III hissəsini ifa etmişdim. Bu dəfə
isə fortepiano üçün əsərimi təqdim etdim.
Dəfələrlə solo və
müəllif konsertlərim olub. İstanbulla sıx əlaqələrim
var. Orada dörd konsert proqramı ilə çıxış
etmişəm. Keçən il Beynəlxalq Qəbələ
Musiqi Festivalında həmkarlarım Firudin Allahverdi, Ayaz Qəmbərli
ilə birlikdə fortepiano konsertlərimiz oldu. Bu ilin
martında isə həmin konsert yenidən təkrar olundu.
Bundan başqa keçən ilin oktyabr ayında Bakı Musiqi
Akademiyasının 90 illik yubileyi ərəfəsində
Moskva Dövlət Konservatoriyasının zalında Xalq artisti
Fərhad Bədəlbəylinin təqdimatında gənc bəstəkarların
konsert proqramı ilə çıxış etdik. Bunları
sadalamaqla demək istəyirəm ki, biz gənclər öz əsərlərimizi
hər zaman təbliğ edirik. Amma Azərbaycan Bəstəkarlar
İttifaqı səviyyəsində keçirilən bu tədbir
bütünlükdə gənc bəstəkarlara böyük
meydandır”.
Lalə Azəri
Mədəniyyət.- 2012.- 29 iyun.-
S. 12.