Sənətində
paşa sənətkar
Şirvan aşıq məktəbinin ustad
balabançılarından biri də İbrahimpaşa
Ağayev olmuşdur. Xalqın bu qədim musiqi sənətinə,
balaban alətinə vurğun sənətkarı haqqında təəssüf
ki, bu günədək geniş məlumat verilməmişdir.
Şirvanın tanınmış aşıqlarından Məmmədağa
Babayev, Bəylər Qədirov, Qurbanxan Sadıqov, Barat Əhmədov,
Şakir Hacıyevlə sənət yoldaşı olmuş bu
gözəl el sənətkarını xatırlatmaq, onu
yaxından tanıyanların yaddaşını təzələmək,
həyat şəcərəsinə və sənət
paşalığına baş vurmaq istədim.
İbrahimpaşa Ağayev 1928-ci
ildə Sabirabad rayonunun Qaratuğay kəndində anadan olub.
Lakin onun uşaqlıq və gənclik illəri Hacıqabul
rayonunun Meyniman kəndində keçib. Atası molla Cəbrayıl
sovetlər dönəmində «kulak” adlandırılaraq həbs
edildikdən sonra balaca İbrahimpaşa anası ilə Meyniman
kəndinə gəlmiş və dayısı Muxtar kişinin
himayəsində yaşamışdır. Balaban
çalmağa da elə uşaqlıqdan həvəs göstərən
İbrahimpaşanın uşaqlıq və gənclik dostu
Meyniman kənd ağsaqqalı, 83 yaşlı Məşədi
Nəsir maraqlı xatirələr söylədi:
“İbrahimpaşa ilə demək olar ki, bir yerdə, bir həyətdə
böyümüşük. Bir gün kənddə toy idi, biz
də baxmağa getmişdik. İbrahimpaşa
balabançalanın yanında durub maraq və diqqətlə
ona baxırdı. Birdən nə dedisə balabançı aləti
gülə-gülə ona uzatdı. Balabanı əlinə
alıb diqqətlə ona baxdıqdan sonra sahibinə
qaytardı. Biz evə qayıdanda balaban düzəldib
çalmağı öyrənəcəyini dedi.
İşi-gücü qarğıdan, qamışdan balaban
düzəltmək idi. Düzəltdiyi balabanlarda istədiyi səs
alınmırdı. Qonşu Axtaçı-Şirvan kəndindən
olan Vəli adlı bir qohumu onunçün bir balaban düzəltdi.
Qarğı balabanın deşikləri üstündə
barmaqlarını gəzdirdikcə yavaş-yavaş bir hava
alınırdı. Bax belə İbrahimpaşa balaban
çalmağı öyrənməyə başladı. Kənddə
bir nəfərdə val oxudan patefon var idi. O hər gün
gedib patefonda aşıq havaları oxutdurar, eşitdiyi hər
havanı ifa etməyə çalışırdı. Kəndə
aşıqlar toya gələndə yaşlı adamlar onu
çağırardılar ki, gəlib balaban çalsın.
Onun şirin ifası aşıqların da xoşuna gələrdi».
İbrahimpaşa Ağayev 1951-ci
ildə ailə quraraq Əli Bayramlı (indiki Şirvan) şəhərinə
gəlir. İzdihamlı şəhər həyatı onun dinləyici-tamaşaçı
auditoriyasını da genişləndirir. Burada tanış
olduğu Aşıq Qurbanla getdikcə böyük məclislərə,
bayram şənliklərinə, musiqili tədbirlərə dəvətlər
alır, sorağı ətraf rayonlara yayılır. Şirvan
aşıq məktəbinin tanınmış
aşıqlarından salyanlı Qurbanxan Sadıqov onu öz
kollektivinə dəvət edir və bir müddət birgə
çalışırlar.
Azərbaycanın bölgələrini
qarış-qarış gəzmiş şirin səsli
şirvanlı xanəndə Xanzalı Babaoğlunun xatirələrindən:
«Sənətkarı ilk dəfə 1965-ci ildə doğma
rayonumuzda, Sabirabadın Minbaşı kəndində toyda
görmüşəm. Toyun aşığı Şakir,
balabançısı isə Padar Əlibaba idi.
İbrahimpaşanı isə atam Əli müəllim toya dəvət
etmişdi. Məclisin gedişində xahiş etdilər ki, o da bir hava
ifa etsin. Çalğısını qurtardıqdan sonra
Aşıq Şakir Əlibabaya baxıb “Nəfəsə, şirinliyə
bax e, balabanı belə çalarlar də» - dedi. Gözəl müşayiəti, uzun nəfəsi və şirin çalğısı
onu Şakir ilə sənət dostuna çevirdi və bu münasibət
ömürlərinin axırına
qədər davam etdi». Ustad balabançı İbrahimpaşa
Ağayevin kiçik oğlu Ağa Yusifin atasının sənətkarlığı haqda
xatirələri məhdud
olduğundan eşitdiklərindən,
bildiklərindən danışdı:
“O vaxtlar mən uşaq olmuşam. Onu bilirəm ki, atam Aşıq
Şakirlə dost olub,
mənim adımı da Şakir əmi
qoyub. Evimizə çox aşıq
sənətkarlar gəlib.
Aşıqlar Birliyinin
sədri olmuş şair Hüseyn Arif də bizdə
olub. Atamın Respublika Sarayında, Aşıqlar Birliyinin tədbirlərində çox
çıxışları olub. Hətta qobustanlı aşıq Rza ilə “Bəyin
oğurlanması” filminə
də çəkilib”.
Şirin ifaları ilə el havalarımıza ayrı bir gözəllik bəxş edən sənətkar sənətinin
kamillik çağında,
64 yaşında (1992) dünyasını
dəyişib. Amma təbii ki, onun sənətkarlıq keyfiyyətləri tanıyanlarının
yaddaşında özünə
əbədi yurd salıb.
Qara Əhmədov,
Hacıqabul rayonu
Mədəniyyət.-
2012.- 29 iyun.- S. 15.