Sumqayıtlıların sevimli bulvarı əsrarəngiz istirahət məkanına çevrilir

 

   Nəsimi adına Mədəniyyət və İstirahət parkında möhtəşəm layihələr icra olunacaq

  

   Enli küçələri, geniş mikrorayonları, çoxsaylı park və yaşıllıqları ilə seçilən məkan... Memarlıq baxımından respublikanın digər şəhərləri ilə müqayisədə fərqlənən gənclər şəhəri Sumqayıt. Özünün səciyyəvi üslubu, yeni salınmış şəhər statuslu olmasına baxmayaraq, qədimliyə meyilli maraqlı tarixi ilə daim diqqət çəkən bu şəhərin əsas özəlliklərindən biri də əsrarəngiz dənizkənarı bulvarının olmasıdır. Odur ki, paytaxt Bakı ilə qonşu Sumqayıt da özünün rəmzinə çevrilən dənizkənarı bulvarıyla seçilir, Nəsimi adına Mədəniyyət və İstirahət parkı adlandırılan bu geniş və gözəl məkanıyla öyünür.

  

   Xəzərin ləpədöyəninədək uzanan park

  

   Bünövrəsi 1956-1960-cı illərdə qoyulmuş bu park 1967-ci ildə Azərbaycan SSR Mədəniyyət Nazirliyinin qərarına əsasən, mədəniyyət və istirahət parkı kimi fəaliyyətə başlayıb. 23 hektar dənizkənarı sahəni əhatə edən ərazidə küləyə, quraqlığa davamlılığı olan 39 növ ağac - EldarAlp şamları, ağcaqayın, akasiya, küknar, qovaqs. əkilib. İldən-ilə genişlənən, gözəlləşən parka 1978-ci ildə dahi Azərbaycan şairi İmadəddin Nəsiminin adı verilib. Elə həmin ildə parka sonralar bütünlükdə Sumqayıtın rəmzinə çevriləcək “Sülh göyərçini” abidəsinin (müəllifləri V.Nəzirov və A.Quliyev) qoyulması məkanı daha gözəl və özünəməxsus edib.

   Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.08.2001-ci il tarixli 132 saylı qərarına əsasən, Nəsimi adına mədəniyyət və istirahət parkı ölkə əhəmiyyətli tarix və mədəniyyət abidələri siyahısına daxil edilib.

   2003-cü ildə isə parkın ərazisində adını daşıdığı böyük şair Nəsiminin möhtəşəm abidəsinin ucaldılması Sumqayıtın əsrarəngiz bulvarına ayrı bir əzəmət verib. Şəhərin əsas magistral yolu sayılan Səməd Vurğun küçəsindən Xəzərin ləpədöyəninə qədər ərazini əhatə edən parkın hazırda ümumi sahəsi 85 hektardır. Bu məkan təkcə sumqayıtlıların deyil, həm də şəhərin qonaqlarının ən çox sevdikləri yerdir.

   Ötən ildən əsaslı təmir-bərpasına başlanan parkın direktoru Çingiz Allahverdiyev ərazinin abadlaşdırılması və yenidən qurulması işinin ölkə rəhbərliyinin diqqət mərkəzində olduğunu deyir: ”Parkın ərazisində tikintiquruculuq tədbirlərinə ötən ildən başlanılıb. Ölkə başçısı cənab İlham Əliyev iki dəfə bu məkana baş çəkərək görülən işlərlə tanış olub, tövsiyələr verib. Təmir müddətində ərazidə böyük işlər görülüb, lazımsız tikililər, iaşə obyektləri sökülüb.

   Müvafiq layihə üzrə aparılan yenidənqurma işləri sürətlə davam etdirilir. Hazırda ərazidə müasir standartlara cavab verəcək və əhaliyə yüksək keyfiyyətli xidmət göstərəcək iaşə obyektlərinin inşasına başlanıb. Parkın əsas girişində işlər artıq yekunlaşmaq üzrədir. Əsas dəyişikliklərdən biridahi şair Nəsiminin heykəlinin yerinin dəyişdirilməsidir. Belə ki, abidə daha məqsədəuyğun yerə köçürülüb, onun yerində isə işıqlı fontan quraşdırılıb”.

  

   Sumqayıt bulvarı Bakı bulvarından fərqlənəcək

  

   Çingiz Allahverdiyev qeyd etdi ki, park yaşıllıq sahəsinin çoxluğu və sıxlığı ilə seçilir. Buna baxmayaraq, yaşıllıq sahələrinin daha da artırılması işi mərhələli şəkildə aparılır: “Sumqayıtın dənizkənarı parkının əsas özəlliyi burada həm sıx meşəliyin, həm də çimərliyin olmasıdır. Bütün bu detalların nəzər alındığı layihənin reallaşması hələ bir neçə il davam edəcək. İşlər yekunlaşdıqdan sonra Sumqayıt bulvarı Bakı bulvarından xeyli fərqlənəcək. Çünki Sumqayıtda sahilin maraqlı landşaftı - çimərlik, park və şəhər var. Ona görə də layihə üzərində işlənilərkən lacivərd sahil şəhərlərinin təcrübəsi əsas götürülüb. Burada mehmanxanaların, dənizdə yaxt-klubun tikilməsi nəzərdə tutulur”.

  

   Möhtəşəm layihələrin icrası planlaşdırılır

  

   Ərazidə təmir-tikinti işlərinin icraçısı “A+A” Şirkətlər Qrupunun Sumqayıt üzrə sahə rəisi Firdovsi Quliyevin sözlərinə görə, bulvarın yenidən qurulduqdan sonra möhtəşəmliyi ilə seçiləcək: “Ola bilsin ki, dənizin içində müəyyən obyektlər inşa olunsun. Hazırda mütəxəssislər tərəfindən bunun mümkünlüyü dəyərləndirilir. Digər hissədə isə yaxtaların dənizdə küləkdən qorunması üçün yaxt-klub tikiləcək. Bir il ərzində çox böyük işlər görülüb. Ərazinin ikinci yarusundakı bataqlıq qurudulub. Həmin ərazidə avtomobillər üçün dayanacağın inşası nəzərdə tutulur”.

   Sahə rəisi parkın əsas girişi ilə paralel üzbəüz yerləşən bütün binalarda da müəyyən işlərin görüldüyünü, fasad, balkon və mansarların yenidən qurulduğunu bildirdi: “Əsas girişdə 282 kvadratmetr sahədə maraqlı quruluşa malik işıqlı fontan quraşdırmışıq. Bu hissədə işıqlandırma işləri yekunlaşıb, betonlama aparılıb, əraziyə keramik daş döşənib, qazonlar əkilib, dekorativ dibçəklər, zibil qutuları, skamyalar qoyulub.

   Nəzərinizə çatdırım ki, Aeroport-Mərdəkan-Bilgəh istiqamətindən Sumqayıta qədər çəkilən yol da bulvarın yanından keçəcək. Bu isə şəhərin inkişafı ilə yanaşı, yol infrastrukturunun genişlənməsinə və müasirləşməsinə səbəb olacaq».

  

   Sülh göyərçini” şəhərin embleminə çevrilib

  

   Nəsimi adına Mədəniyyət və İstirahət parkında qurulanYay estradası”, stolüstü oyunlar köşkü, müxtəlif qurğulu yelləncəklər, attraksionlar şəhər əhalisinin mədəni istirahəti üçün əvəzsizdir. “Yay estradası”nda qurulan səhnə və çoxsaylı oturacaqlar açıq hava altında tədbirlərin təşkilinə imkan verir. Dəniz səviyyəsindən orta hesabla 5-10 metr hündürlükdə və dənizdən təxminən 50-100 metrlik məsafədə yerləşən parkın bəzi əraziləri yay mövsümündə çimərlik kimi də istifadə olunur. Tikilinin şərq hissəsində isə vətən uğrunda canlarını fəda etmiş sumqayıtlı qəhrəmanların uyuduğu "Şəhidlər xiyabanı" yerləşir. Xiyabanın girişində qoyulan «Ulduzlar” abidəsi əraziyə ayrı bir əzəmət bəxş edir.

   Parkın mərkəzinə doğru irəlilədikcə məşhur “Sülh göyərçini” abidəsi görünür. Tikili ətrafından şəhərin və dənizin gözəl mənzərəsi açılır. Həmişəyaşıl ağaclar, maraqlı attraksionlar, yüksəklikdən görünən dəniz mənzərəsi parka xüsusi gözəllik verir.

   Yaz-yay mövsümündə parkın ərazisində davamlı olaraq müxtəlif mədəni-kütləvi tədbirlər də həyata keçirilir. Beləcə, sumqayıtlıların ənənəvi görüş yerinə çevrilən parkda əlamətdar və tarixi hadisələrə, xalq bayramlarının qeyd olunmasına, əyləncəli oyunların, müsabiqələrin keçirilməsinə xüsusi önəm verilir.

  

   Hamının zövqünə uyğun və təhlükəsiz istirahət məkanı

  

   Sumqayıt bulvarının təmizliyinə də xüsusi diqqət yetirilir. Hər gün səhər saatlarından başlayaraq ərazidə təmizlik işlərinə başlanıldığını və bunun bir neçə saat davam etdiyini deyən direktor Çingiz Allahverdiyev son vaxtlar şəhər sakinlərinin mədəni istirahətinin daha yüksək səviyyədə təşkili və baş verə biləcək neqativ halların qarşısının alınması məqsədilə parkda təhlükəsizlik tədbirlərinin gücləndirildiyini də qeyd etdi: “Bu yaxınlarda 10 nəfərlik nəzarətçi qurupunu işə götürmüşük. Onlar park ərazisində təhlükəsizliyə nəzarət edirlər. Gələcəkdə Bakı bulvarında olduğu kimi burada da təhlükəsizlik kameralarının quraşdırılmasını həyata keçirəcəyik.

   Şəhər sakinlərinin sevimli məkanı olan parkda əhalinin hər yaş qrupunun gözəl istirahəti, yüksək səviyyədə əylənmələri üçün əlimizdən gələni edirik. Belə ki, parkın əməkdaşları tərəfindən gənclərin, uşaqların vətənpərvərlik ruhunda tərbiyələnməsi üçün müvafiq tarixi günlərlə əlaqədar tədbirlər planı hazırlanır, viktorinalar, tamaşalar, oyunlar təşkil edirik. Bundan başqa, istedadlı uşaqların əl işlərindən ibarət sərgilər təşkil edir, yeniyetmə və gənclərdə mütaliəyə marağın artırılması üçün «Kitab günləri» adı altında tədbirlər keçiririk. Biz parkımızın daimi sakinləri olan yaşlı insanları da unutmur, onlar üçün ayrılan xüsusi guşədə gözəl istirahətləri üçün hər cür şərait yaradırıq».

   Gələcəkdə parkın ərazisinin daha da genişləndiriləcəyini deyən müsahibim görülən işlər, həyata keçirilən layihələr sayəsində Sumqayıt bulvarının Bakı bulvarı ilə rəqabətə girə biləcəyinə əminlik ifadə etdi.

  

 

   Ceyhun Zərbəliyev

 

  Mədəniyyət.- 2012.- 29 iyun.- S. 9.