İncəsənət
ustalarımız cəbhə bölgələrində konsertlər
verib
Mədəniyyət
və Turizm Nazirliyinin təşkilatçılığı
ilə 26 İyun - Silahlı Qüvvələr Günü
münasibətilə cəbhə bölgələrində və
sərhədyanı rayonlarda konsert proqramları təşkil
olunub.
İlk konsert iyunun 20-də
Ağdam rayonunda gerçəkləşib. “N” saylı hərbi
hissədə təşkil olunan tədbirdə
çıxış edən Ağdam Rayon İcra Hakimiyyəti
başçısının müavini Rövşən
Hüseynov nazirliyin dəstəyi ilə bölgələrdə
keçirilən bu kimi mədəni tədbirləri yüksək
qiymətləndirib.
Sonra tanınmış incəsənət
xadimləri və sənətçilər əsgərlər
qarşısında maraqlı konsert proqramı ilə
çıxış ediblər. Konsertdə Xalq artisti Canəli
Əkbərov, Əməkdar artist Zakir Əliyev, estrada
müğənnisi Nəzakət Məmmədova, Gülarə
Əliyeva adına “Dan ulduzu” instrumental ansamblının solisti
Rövşən Əziz, “Azəri-star” və “Xalq ulduzu”
müsabiqəsinin iştirakçıları vətənpərvərlik
mövzusunda mahnılar ifa ediblər, qiraət ustası Əməkdar
artist Azad Şükürov şeirlər deyib. Xalq artisti Cəmilə
Bayramova və rəqqas Ceyhun İbadovun məharətlə təqdim
etdikləri milli rəqslərimiz alqışlarla
qarşılanıb.
Tədbirdə xalq artistləri Canəli
Əkbərov və Cəmilə Bayramova hərbi hissənin fəxri
fərmanları ilə təltif ediliblər.
Bu silsilədən növbəti
konsert iyunun 21-də Bərdə rayonunda keçirilib. Rayon mədəniyyət
evində təşkil olunan tədbirdə Bərdə Rayon
İcra Hakimiyyəti başçısının müavini
Faqət Şadlinskaya çıxış edərək
konsertin təşkilatçılarına minnətdarlığını
bildirib. Silahlı Qüvvələr Günü münasibətilə
həyata keçirilən aksiyanın əhalidə ruh
yüksəkliyi yaratdığını, onların asudə
vaxtının səmərəli təşkilinə təkan
verdiyini deyib.
Daha sonra Bakıdan gəlmiş incəsənət
ustalarının maraqlı konsert proqramı təqdim olunub.
Ceyhun
Mədəniyyət.-
2012.- 29 iyun.- S. 3.