Dünya mədəniyyəti ilə bir arada
Azərbaycanın
UNESCO-ya üzv olmasından 20 il ötür
Ölkəmizin qədim və zəngin tarixi irsi, mədəniyyəti,
incəsənəti hər zaman qonşu diyarların, məmləkətlərin,
dünyanın diqqət mərkəzində olmuşdur. Azərbaycan
dövlət müstəqilliyinə qovuşduqdan sonra müxtəlif
beynəlxalq təşkilatlara üzv olması milli mədəniyyətimizin
dünya mədəniyyətinə inteqrasiyası, bu sahədə
qarşılıqlı səmərəli əlaqələrin
inkişafı üçün geniş imkanlar
açmışdır. Ölkəmizin 20 il əvvəl
sıralarına qoşulduğu BMT-nin təhsil, elm və mədəniyyət
təşkilatı - UNESCO ilə əməkdaşlığı
da ötən müddətdə zəngin yol
keçmişdir.
1946-cı ildə fəaliyyətə
başlayan UNESCO-nun Nizamnaməsinin 1-ci maddəsində deyilir:
“Təşkilat irqindən, cinsindən, dilindən və dinindən
asılı olmayaraq bütün xalqlar üçün BMT-nin
Nizamnaməsində elan edilmiş ədalətə,
qanunçuluğa və insan hüquqlarına, habelə əsas
azadlıqlara hamılıqla hörmətin təmin edilməsi
naminə xalqların təhsil, elm və mədəniyyət
sahəsində əməkdaşlığını
genişləndirməklə sülh və təhlükəsizliyin
möhkəmləndirilməsinə yardım göstərməyi
qarşısına vəzifə qoyur”.
Azərbaycan-UNESCO münasibətləri
də bu müddəalar kontekstində inkişaf etməkdədir.
Ölkəmiz UNESCO-nun bir sıra konvensiyalarına (“Silahlı
münaqişə baş verdikdə mədəni dəyərlərin
qorunması haqqında 14 may 1954-cü il tarixli Konvensiya”,
“Ümumdünya mədəni və təbii irsinin mühafizəsi
haqqında 16 noyabr 1972-ci il tarixli Konvensiya”, “Mədəni dəyərlərin
qanunsuz olaraq ölkəyə gətirilməsi, ölkədən
çıxarılması və mülkiyyət hüququnun
qanunsuz olaraq başqasına verilməsinin qadağan
olunması və qarşısının alınmasına
yönəldilmiş tədbirlər haqqında 14 noyabr 1970-ci
il tarixli Konvensiya” və s.) qoşulub.
Ümummilli lider Heydər Əliyev
ölkəmizin UNESCO ilə əlaqələrinə
böyük önəm verirdi. 1996-cı ildə klassik Azərbaycan
ədəbiyyatının görkəmli nümayəndəsi,
dahi şair-mütəfəkkir Məhəmməd Füzulinin
500 illik yubileyinin UNESCO səviyyəsində dünyanın bir
sıra ölkələrində qeyd olunması bu əməkdaşlığın
bariz nümunəsi idi. Azərbaycan mədəni irsinin
dünyaya çatdırılmasında növbəti addım
Prezident Heydər Əliyevin 1997-ci il aprelin 20-də “Kitabi-Dədə
Qorqud"un 1300 illik yubileyinin keçirilməsi ilə əlaqədar
imzaladığı fərman olmuşdur. 2000-ci ildə
"Kitabi-Dədə Qorqud"un 1300 illik yubileyi geniş
şəkildə qeyd edildi.
Ötən müddətdə təşkilatla
sıx əməkdaşlıq çərçivəsində
görkəmli azərbaycanlı alim, mütəfəkkir Nəsrəddin
Tusinin 800 illik yubileyi, Azərbaycan alimi, şərqşünas
Mirzə Kazımbəyin 200 illik yubileyi, akademik Yusif Məmmədəliyevin,
akademik Musa Əliyevin, görkəmli yazıçı Mir Cəlal
Paşayevin, məşhur xalçaçı-rəssam Lətif
Kərimovun, məşhur rəssam Səttar Bəhlulzadənin
100 illik yubileyi UNESCO-da yüksək səviyyədə qeyd
edilmişdir.
1999-cu ildə Azərbaycanın
muğam ustası Alim Qasımov UNESCO Beynəlxalq Musiqi
Şurasının birinci mükafatını
qazanmışdır. 2003-cü il noyabrın 7-də Azərbaycan
muğamı UNESCO tərəfindən bəşəriyyətin
qeyri-maddi irsinin şah əsəri elan olunmuşdur. UNESCO-nun
Dünya İrs Komitəsinin 27 noyabr - 2 dekabr 2000-ci il tarixli
24-cü sessiyasında xalqımızın mədəni irsinin
nadir inciləri sayılan, tarixi keçmişimizi özlərində
canlandıran İçərişəhər
Tarixi-Memarlıq Qoruğu, Şirvanşahlar sarayı və
Qız qalasının Dünya İrs Siyahısına daxil
edilməsi haqqında qərar qəbul edilmişdir.
Ölkəmizin UNESCO ilə əlaqələrinin
inkişafında Azərbaycanın birinci xanımı, Heydər
Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva
böyük xidmətlər göstərmişdir. Bu işlərə
verilən yüksək qiymət kimi Azərbaycanın birinci
xanımı 2004-cü ildə musiqi, ədəbiyyat və
dünya mədəniyyətləri mübadiləsi sahəsindəki
əməyinə görə UNESCO-nun şifahi ənənələr
və musiqi ənənələri sahəsində xoşməramlı
səfiri adına layiq görülmüşdür. 2010-cu ilin
30 iyul tarixində UNESCO-nun xoşməramlı səfiri, Heydər
Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva UNESCO-nun
Baş direktoru İrina Bokova tərəfindən “Motsart”
qızıl medalı ilə təltif olunmuşdur.
Ölkəmizin UNESCO ilə səmərəli
əməkdaşlığının nəticəsi kimi
2009-cu ildə aşıq sənətimiz və 2010-cu ildə
milli xalçaçılıq sənətimiz, Novruz bayramı
təşkilatın qeyri-maddi-mədəni irs siyahısına
daxil edilmişidir.
2008-ci ildə Azərbaycanın məşhur
Xalq artisti, professor, tanınmış bəstəkar və
pedaqoq Firəngiz Əlizadəyə UNESCO-nun “Sülh naminə
incəsənət xadimi” fəxri adı verilmişdir.
Dünya mədəni irsinə verdiyi töhfələrə
görə Azərbaycanın Xalq rəssamı Tahir Salahov
UNESCO-nun "Pikasso" qızıl medalına layiq
görülmüşdür.
Azərbaycanın təşkilatla əməkdaşlığının
davamı olaraq UNESCO tərəfindən Beynəlxalq Bədii
Təhsil Həftəsi elan edilən 2012-ci ilin 21-27 may tarixləri
ölkəmizdə də çeşidli tədbirlərlə
qeyd olunmuşdur.
Bikə
Abdullayeva,
Mədəniyyətşünaslıq
üzrə
Elmi-Metodiki
Mərkəzin metodisti
Mədəniyyət.-
2012.- 1 iyun.- S. 15.