Təsviri
incəsənətimizin ilk realist rəssamı
XIX əsrin
ikinci yarısında Azərbaycan təsviri incəsənətində
yeni dövr açılır. Şərti dekorativ üslubdan
yeni - realist sənətə keçid baş verir. Bu, ilk
realist rəssamımız Mirzə Qədim İrəvaninin
yaradıcılığında öz əksini tapır...
Mirzə Qədim 1825-ci ildə qədim
İrəvan şəhərində sənətkar ailəsində
dünyaya göz açıb. Atası Məhəmmədhüseyn
mütərəqqi fikirli bir sənətkar olub,
övladlarının təlim-tərbiyəsinə ciddi fikir
verir. Mirzə Qədim şəhərdə yeni
açılan “Üsuli-cədid” məktəbində oxuyur.
Sonra atası təhsilini davam etdirmək məqsədilə
onu Tiflisə göndərir. Orada gimnaziya təhsili alır. Təhsilini
başa vurduqdan sonra İrəvana dönür.
O,
yaradıcılığının ilk dövrlərində
dekorativ sənət sahəsində çalışır. Əsasən
divar rəsmləri, bədii tikmələr üçün rəsm
və trafaretlər çəkir. Qızılgül, zanbaq və
digər çiçəklərdən mürəkkəb
kompozisiyalar tərtib edir. Mütəxəssislər qeyd edirlər
ki, Mirzə Qədim İrəvaninin bu əsərləri
klassik miniatür boyakarlığından çox fərqlənir.
Ona görə də belə qənaətə gəlmək
olur ki, rəssam yaradıcılığının erkən
çağlarından Avropa boyakarlığına
böyük maraq göstərib. O həmin dövrdə
kağız, şüşə və güzgü üzərində
bir neçə portret çəkib. Bu əsərlər
arasında “Süvari”, “Rəqqasə”, “Dərviş” portretləri
xüsusilə seçilir.
Azərbaycan təsviri sənətinin
orta əsr sənətinə xas olan şərti dekorativ
üslubdan tədricən realist təsvir metoduna keçməsi
yeni bədii forma, yeni növ və janrlarla zənginləşməsi
ilə xarakterizə olunur. Bu yeni keyfiyyət də əsasən
saray və imarətlərin daxili tərtibatında təcəssüm
olunur, ov, döyüş, məişət səhnələri,
portret səciyyəli təsvirlərdən ibarət divar
boyakarlığında, həm də müxtəlif məzmunlu
əlyazmalara və litoqrafiya üsulu ilə çap edilən
kitablara çəkilmiş illüstrasiyalarda özünü
göstərirdi. Bu dövrdə yaranmış təsviri sənətin
səciyyəvi üslub xüsusiyyətləri Mir
Möhsün Nəvvab, Xurşidbanu Natəvan, Usta Qəmbər
Qarabaği kimi dövrün görkəmli rəssamları və
xalq ustalarının yaradıcılığında
qabarıq şəkildə öz əksini tapıb. Mirzə
Qədim İrəvani yaradıcılığının təkmilləşmə
mərhələsi də həmin illərə təsadüf
edib.
O, bir gün İrəvan sərdarı
Hüseynqulu xanın məşhur sarayının divar rəsmlərini
bərpa etmək dəvəti alır. Burada rəssam
sarayın otaqlarını, xüsusən güzgülü
zalın divarlarını bəzəyən köhnə dekorativ
pannoları və süjetli kompozisiyaları yenidən bərpa
edir. Eyni zamanda bir neçə tarixi şəxsiyyətlərin
portret təsvirlərini çəkir. Həmin əsərlər
arasında tamaşaçıların və mütəxəssislərin
diqqətini ən çox Fətəli şah Qacar, şahzadə
Abbas Mirzə, sonuncu İrəvan xanı Hüseynqulu xanın
portretləri cəlb edib. Təəssüf ki, Azərbaycan bədii
sənətinin yüksək səviyyəsini, həmçinin
irəvanlı azərbaycanlılara məxsus olduğunu
sübut edən Sərdar sarayı məhv edilib. Təkcə
iki portret (Fətəli şah və Abbas Mirzənin) divardan
çıxarılaraq Tiflisə aparılıb. Hazırda bu əsərlər
Gürcüstan Dövlət İncəsənət Muzeyində
saxlanılır.
Mirzə Qədim İrəvaninin
yaradıcılığının ən məhsuldar
dövrü 1860-1870-ci illərə təsadüf edib. Rəssamın
mövcud olan ən qiymətli əsərləri məhz bu illərdə
yaranıb. Onun "Oturmuş qadın", "Vəcihulla
Mirzə", "Şah Tələt" (hər
üçü Gürcüstan Dövlət İncəsənət
Muzeyində saxlanılır), "Molla", "Gənc
qadın", "Fətəli şah", "Abbas Mirzə",
"Naməlum qadın" (Azərbaycan Milli İncəsənət
Muzeyi) və s. başqa portretlər rəssamın bu dövrdəki
yaradıcılıq uğurlarını əks etdirir.
Bu əsərlərdə zərif
ifadəlilik, lokal və parlaq rənglərin
düzümü, koloritin zənginliyi və başqa üslub
xüsusiyyətləri klassik Şərq miniatür sənətinin
gözəl ənənələrini əks etdirib. Rəssamın
qadın portretləri xüsusi səciyyəsi ilə nəzərə
çarpır. Onlar kompozisiyası, koloriti, fiqurların
duruşu və hərəkəti, geyimi, libasları, ornament bəzəyi
və s. cəhətdən bir-birinə çox
oxşayır. Lakin obrazların bədii həllinə, fərdi
əlamət və ifadəliliyinə görə onlar əsaslı
surətdə bir-birindən fərqlənirlər. Mütəxəssislərin
fikrincə, Mirzə Qədim İrəvaninin "Oturmuş
qadın" portreti təkcə Azərbaycanda deyil, ümumiyyətlə,
XIX əsr Orta Şərq rəssamlığında ideal
qadın gözəlliyini əks etdirən ən görkəmli
əsərlərdən biridir. Əsərdə yerə
salınmış bəzəkli xalça üzərində
bir qədər ədalı şəkildə oturmuş gənc
və məlahətli bir qadın təsvir edilib.
Mirzə Qədim İrəvani xalq
sənətini dərindən bilən, əsərlərində
bu tükənməz sərvətin gözəl ənənələrindən
bacarıqla istifadə edən mahir ornamentalist rəssam olub. Əsərlərində
döşəməyə salınmış xalça,
mürəkkəb naxışlı şəbəkə,
adamların geyimi və ev əşyasının üzərində
çəkdiyi müxtəlif biçimli ornament bəzəkləri
bunu bir daha sübut edir. Beləliklə, o, təkrarsız
yaradıcılığı ilə Azərbaycan təsviri incəsənətində
dönüş edir. Təsviri incəsənətdə yeni
bir dövrün əsasını qoyur. Təəssüf ki,
bu görkəmli sənətkarın ömür yolu çox
qısa olub. Ömrünün və
yaradıcılığının ən coşqun
çağlarında, 1875-ci ildə İrəvan şəhərində
vəfat edib.
Savalan Fərəcov
Mədəniyyət.-
2012.- 1 iyun.- S. 15.