Göylü qızının acı sonu
Kabus illərin
salnaməs
Və ya yox olmaq arzusu
ilə
Milli məfkurəmizin təməlini təşkil edən əndər
ziyalılarımızın yaxın dostu,
sirdaşı, məsləkdaşı kimi
çətin, şərəfli, bəzən isə acı tale qisməti yaşayan
qadınlarımız çox olub.
Ötən əsrin əvvəlində
cəhalət, din pərdəsi altındakı arxaik
baxışlar, qadınların yalnız məişətə
məhkumluğu kimi cəfəng təfəkkürün hakim
olduğu bir dövrdə Azərbaycanın ictimai-mədəni
həyatında parlaq düşüncəsi, demokratik təfəkkür
tərzi və ən əsası millətçi ruhu,
ictimai-siyasi fəaliyyəti ilə seçilən
qadınların da adları hallanmağa başladı. Dövlət
quruculuğunda, elm, maarif, mədəniyyət sahəsində
qadınların söz haqqını, fikir
azadlığını müdafiə edən belə
xanımlar arasında bir ad tez-tez eşidilirdi:
Göylü qızı
Gülarə İbrahim Xəlil qızı Qədirbəyova 1903-cü ildə Nuxa (Şəki) qəzasının Baş Göynük kəndində, molla ailəsində anadan olmuşdu. Dövrün imkanları çərçivəsində atası ona yalnız ibtidai təhsil verə bilmişdi. Amma bu təhsil ona yeni cəmiyyətdə addımlar atmaq üçün kifayət etmiş, gələcək taleyinə işıq salmışdır. Təsadüfi deyil ki, Gülarə ətrafındakı həmyaşıdlarından ötkəmliyi, azad düşüncəsi, fikirlərini dürüst, sərrast və çəkinmədən ifadə etmək qabiliyyəti ilə seçilərmiş. Hətta anası qızının bu sərbəst düşüncə tərzindən narahat olarmış. Gənc Gülarə də bunu sezir, anasının narahatlığına təbəssümlə cavab verirmiş. Bütün bu yaşantılar fonunda onu bir şey maraqlandırırdı - mükəmməl təhsil almaq və xalqına, millətinə, heç olmasa, doğma kəndinin insanlarına xeyir vermək. Elə bu amalla da gənc qız 1920-ci ildə Şəkidə fəaliyyətə başlayan pedaqoji kursu bitirərək müəllim kimi doğma kəndinə qayıdır, kiçik qızlara savad öyrətməyə başlayır. Qızların məktəbə, təhsilə cəlb edilməsinin çətin olduğu o günlərdə gənc müəllimə hər gün sinif otağına daxil olarkən uşaqları ürəyində həyəcanla sayar, dərsə gəlməyən qızların evinə gedərək uşağın məktəbə buraxılması üçün valideynlərinə dil tökməkdən bezməzmiş.
Məktəb divarları onu sıxmağa başladı
Təbii ki, buna səbəb onun içindəki coşqun hisslər, ona bir an belə rahatlıq verməyən arzular idi. Əslində bir gənc xanım üçün XX əsrin təlatümlü illərində kənd məktəbində müəllimə olmaq böyük cəsarət idi. Amma bütün bunlar daim yeniliyə, irəliyə və qlobal anlamda inkişafa can atan gənc qadın üçün az idi. O ictimai həyata qaynayıb-qarışmaq, yeni həyat yollarında öz izlərini qoymaq istəyirdi. Məhz bu istək zərif, gözəl xanımı qadın azadlığı uğrunda mübarizənin ən qaynar axarına salmışdı. Gülarənin bu amalları artıq hər kəsə bəlli idi. Yaşadığı mühitdə də məhz bu keyfiyyətləri ilə seçilən gənc pedaqoq tezliklə ictimai-siyasi fəaliyyətə cəlb olunmuş, 20 yaşında qəza qadınlar şöbəsinin müdiri vəzifəsinə irəli çəkilmişdi. 1927-ci ildə Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi (respublika hökuməti - red.) Qadınlar şöbəsinin müdiri təyin edilir. Qadın azadlığı ideyasını, sərbəst düşüncə tərzini daha geniş yaymaq, bütün cəmiyyətə təbliğ etmək üçün tez-tez mətbuat səhifələrində də çıxış edirdi. «Şərq qadını» jurnalı nəşrə başlayanda 20 yaşlı Gülarə onun ilk xanım müxbirlərindən biri olur, yazıları ilə məşhurlaşır.
Bu hələ
başlanğıc idi
Qabaqcıl həyat mövqeyi, öz fikri, düşüncəsi olan bu mübariz xanım “Göylü qızı” təxəllüsü ilə yazdığı məqalələrində alovlu publisist kimi tanınmış, diqqəti özünə cəlb edə bilmişdi. İşləməkdən zövq alan, yorulmaq nə olduğunu bilməyən azadlıq carçısı az sonra «Şərq qadını» jurnalının baş redaktoru olmuş, qadınların mətbuat, söz azadlığı uğrunda mübarizələrinin önündə getmişdir. Gülarə xanım 1930-1937-ci illərdə o zaman bütün ittifaqda şöhrət qazanmış Əli Bayramov adına Mərkəzi Qadınlar Sarayının da direktoru vəzifəsində çalışmış, Azərbaycan qadınlarının mədəniyyətin ən müxtəlif sahələrində təmsil olunmasına can atmışdır. Bir müddət Azərbaycan Xalq Maarif Komissarlığının kütləvi mədəni-maarif işləri üzrə şöbəsinin rəhbəri vəzifəsini də icra edərək respublikanın tərəqqisi işində xidmətlər göstərmişdir.
Böyük millət sevgisi, xalq məhəbbəti və ruhunu əsir alan azadlıq arzuları onu respublikadan kənarda da tanıtmış, qəzet yazılarının, jurnal məqalələrinin qəhrəmanına çevirmişdi. SSRİ-nin aparıcı mətbu orqanı olan «Pravda» qəzetinin 1936-cı il 7 yanvar tarixli sayında Göylü qızı haqqında maraqlı oçerk dərc edilmişdi.
Birdən hər şey
alt-üst oldu
Onu gözü götürməyənlər
də çox idi. Bir azərbaycanlı qadının azad ruhundan, demokratik düşüncəsindən və
mübarizliyindən qorxuya
düşənlər peyda
olmağa başladı.
Məşum repressiyanın iti
nəzərləri Gülarə
xanımı da aldı. Sadəcə, xalqını sevmək,
onun insanlarının
maariflənməsi üçün
çalışan bir
zərif qadının
etdikləri və edə biləcəkləri
millətçilik, antisovet
təbliğatı kimi
dəyərləndirildi. Və bu cəfəng ittihamlar nəticəsində
o da adının üzərindən qara xətt çəkilənlərin
siyahısına daxil edildi. “Səbəb”
də tapılmışdı.
1936-cı ildə Əli
Bayramov adına Mərkəzi Qadınlar Sarayının 15 illiyi ilə əlaqədar Göylü qızı Gülarənin redaktəsi
ilə nəşr olunmuş "Bir sarayın tarixi" kitabı millətçilik
ruhunda yazılmış
əsər kimi ciddi tənqid edildi və tezliklə yuxarı dairələrin gündəminə
çevrildi. Amma səbəb
təbii ki, təkcə bu deyildi. Gülarə xanımın Hüseyn
Cavid, Əhməd Cavad, Seyid Hüseyn
kimi millətsevər ziyalılarla dostluq əlaqələrinin olması
da suç kimi önə çəkilir, «əksinqilabçı
təşkilatın fəal
üzvü» kimi ittiham olunurdu.
Respublika kommunal təsərrüfat
komissarı Həmid Sultanovun dindirilməsi zamanı təzyiq altında alınan böhtançı ifadələrdə
Göylü qızı
Gülarənin də
əks-inqilabçı təşkilatın
üzvü olması göstərilmişdi. Guya o, 1937-ci ilin
oktyabrında güllələnmiş
İbrahim Tağıyev
tərəfindən əks-inqilabi
təşkilata cəlb
olunmuşdur. 1938-ci il iyulun 23-də Göylü qızının
həbsi barədə
order verilir, üç
gün sonra isə o, İsmayıllı
rayonunun Basqal kəndində anasının
dəfn mərasimində
həbs olunur.
İttihamları rədd etsə də...
1938-ci il noyabrın 21-dək
4 dəfə dindirilən
Gülarə xanımı
müttəhim etmək,
«günahını sübuta
yetirmək» o qədər
də asan olmamışdır. Hər ifadəsində
bu cəfəng ittihamlara rədd cavabı verən xanım daim «Mən heç bir əksinqilabçı
təşkilatda olmamışam.
Azərbaycanda olan millətçi
təşkilatla heç
bir əlaqəm olmayıb və bu təşkilat haqqında mən qəzetlərdən bilmişəm.
Haqqımda olan ifadələrə
gəlincə, mən
onların hamısını
rədd edirəm.
Məni əksinqilabçı kimi
təqdim edən Həmid Sultanovu mən məsul işçi kimi tanıyırdım, o mənə
böhtan atır.
Mizə Məmməd Qasımova gəlincə, o, mənə
kinli idi, bəlkə də buna görə haqqımda belə böhtanlar yayır.
Bir daha bütün məsuliyyətimlə
deyirəm ki, mən heç bir əksinqilabçı
təşkilatın üzvü
olmamışam», - deyirdi.
Hər dindirmədə təxmini
eyni cavablar verən və çarəsiz şəkildə
«Mən partiyanın namuslu və sadiq üzvü olaraq qalıram» deyən Gülarə xanımın etirafları
nəzərə alınmır
və ədalətsiz
qərar çıxarılır.
Cəfəng iddialar və böhtan ifadələrlə
şişkin ittiham aktını yenidən nəzərdən keçirən
müstəntiqlər 1939-cu il yanvarın
20-də Gülarə xanımın
cinayət işi ilə bağlı istintaqın bitməsi haqqında protokol tərtib edirlər. Orada göstərilir: «Qədirbəyova Gülarə
xanım İbrahim Xəlil qızı müqəssirdir. O, əksinqilabi-millətçi
təşkilatın fəal
üzvü olaraq həmin təşkilatın
üzvləri ilə əlaqə saxlayırdı.
O, Azərbaycan K(b)PMK rəhbərliyini hörmətdən
salmaq üçün
millətçi söhbətlərdə
iştirak edirdi və əksinqilabi iş aparırdı. Ona görə də Azərbaycan SSR CM-in 72 və
73-cü maddələri ilə
cinayət məsuliyyəti
daşıyır. Qədirbəyova özünü müqəssir
bilmir. Təqdim olunan ittihamın sübut olunmasını nəzərə alaraq həmin işin baxılması SSRİ Xalq
Daxili İşlər
Komissarı yanında
olan Xüsusi Müşavirəyə verilsin...».
Xüsusi Müşavirənin 1939-cu il 9 iyun tarixli qərarına əsasən Qədirbəyova
Gülarə İbrahim
Xəlil qızı 5
il müddətinə
həbs düşərgəsinə
göndərilmişdir. “Xalq
düşməni” damğası
ilə həyat yoldaşı Asəf Rəhmanovu (1938-ci il yanvarın 3-də güllələnmişdir)
və qardaşı Kərim Qazıyevi (Müsavat Partiyasının
fəal üzvü kimi sürgün edilmişdir) də itirən bu qadın, sadəcə, yox olmaq, baş
verən dəhşətləri
görməmək üçün
qeyb olmaq istəyirdi. Bəlkə elə ona görə
də…
Ölümü də müəmma oldu
Beləliklə,
Xüsusi Müşavirənin
1939-cu il 9 iyul tarixli (protokol
¹14) qərarı ilə
Göylü qızı
Gülarə Sibirə
sürgün edilir. Bəzi mənbələrdə onun
1942-ci ildə Sibir sürgünündə dünyasını
dəyişməsi qeyd
olunur.
Amma bu fakt özü mübahisəlidir.
Digər
bir fakt göstərir ki, Gülarə xanımın
sonrakı taleyi naməlumdur. Belə
ki, 1950-ci il
oktyabrın 4-də Azərbaycan
DTK-nın 5-ci şöbəsinin
3-cü bölməsinin rəisi,
podpolkovnik Ələkbərov
polkovnik Kərimovun adına belə bir raport yazır:
«1942-ci il may ayında
məhbus Qədirbəyova
Gülarə İbrahim
Xəlil qızı Sibir lagerlərindən (Marinskidən) yox olub və onun
indi harada olduğu məlum deyil. Qədirbəyova Gülarə DTK və
SSRİ Prokurorluğunun 1948-ci il 28 oktyabr
tarixli qərarına görə yenidən həbs olunmalıdır. Xahiş edirəm, Qədirbəyovanın
axtarılmasına sərəncam
verəsiniz. Kərimov
məktuba belə bir dərkənar yazır: «Axtarış elan edilsin. Həbs müddəti
qurtarandan sonra Qədirbəyova yox olub və olduğu
yer müəyyən edilməyib, faktiki olaraq Qədirbəyova axtarılmalı, tapılmalı
və yeri müəyyən edildikdən
sonra həbs olunmalıdır».
Məhz bu məktub
Gülarə xanımın
ölümü ilə
bağlı fikri bir növ təkzib
edir. Onda belə bir sual
yaranır: Gülarə
xanım haradadır?
1957-ci il oktyabrın 30-da Azərbaycan SSR Ali Məhkəməsi
Gülarə Qədirbəyova
haqqında 1939-cu il 9 iyul tarixli qərarı
ləğv etmiş və ona bəraət
verilmişdir. Lakin bu gecikmiş bəraət sönmüş bir ömrün, naməlum bir taleyin, acı
sonluğun saysız suallarını cavabsız
qoymuşdur. Gah sürgün
düşərgəsindən yox olduğu, gah da sürgündə
vəfat etdiyi bildirilən nisgilli taleli xanımdan geriyə qalan isə adı və əməlləri oldu. İndi Şəkinin Baş Göynük kəndindəki
1 saylı orta məktəbə gələnlər
onu haqqında qısa məlumatın əks olunduğu kiçik lövhə ilə xatırlayırlar...
Həmidə Nizamiqızı
Mədəniyyət.-
2012.- 1 iyun.- S. 13.