Finlandiyaya “Kafkadan salam” aparanlardan biri
“Rolu kimin oynaması şərt deyil. Əsas məsələ obrazı
necə yaratmaqdır”
Ölkə başçısının
bu yaxınlarda imzaladığı sərəncamla
Prezident mükafatına
layiq görülən
sənət adamlarından
biri də “Yuğ” Dövlət Teatrının aktyoru, Əməkdar artist, “Qızıl
Dərviş” mükafatı
laureatı, Mədəniyyət
və İncəsənət
Universitetinin müəllimi
Məmməd Səfadır.
Səhnədə və kinoda
bir-birindən maraqlı
obrazlar yaradan istedadlı aktyor Finlandiyada keçirilən
“Ağ və Qara” beynəlxalq teatr festivalından qayıdıb. Səfər
təəssüratları söhbətimizə
körpü saldı:
- “Yuğ”
teatrı tez-tez müxtəlif beynəlxalq
sənət tədbirlərinə
dəvət alır.
Bu günlərdə Finlandiyanın İmatra şəhərində keçirilən
“Ağ və Qara” beynəlxalq teatr festivalında iştirak etdik. 2003-cü ildən bəri ənənəvi keçirilən festivalın
təşkilatçısı Finlandiyada yaşayan həmvətənimiz, tanınmış
rejissor Kamran Şahmərdandır. Böyük
Britaniya, Almaniya, Portuqaliya, Belçika, Polşa, Türkiyə, Rusiya və İran teatrlarının da iştirak etdiyi sənət yarışmasına “Yuğ”un yaradıcı heyəti “Kafkadan salam” tamaşası ilə qatılmışdı.
Frans Kafkanın əsərləri əsasında
hazırlanan bu səhnə əsəri “Yuğ”un yaradıcısı,
Əməkdar incəsənət
xadimi, mərhum Vaqif İbrahimoğlunun quruluş verdiyi son tamaşa idi. Tamaşaçılar, teatr
tənqidçiləri, müxtəlif
xarici ölkələrdən
gələn həmkarlarımız
tamaşanı maraqla izlədilər. Biz də digər teatrların tamaşalarına baxdıq,
fikir mübadiləsi apardıq. Bu baxımdan festivalda iştirakımız
səmərəli oldu.
- Ustadınız
Vaqif İbrahimoğlunun
vəfatından bir il ötdü. “Yuğ” teatrının təməlini qoyanlardan biri olaraq bu
il sizin üçün necə keçdi?
- Təbii ki, asan olmadı.
Eyni zamanda bu bir il
çətin də keçmədi. Çünki
təkcə mən yox, “Yuğ”un bütün kollektivi belə düşünür
ki, ustad aramızdadır, bizi tərk etməyib. Hər dəfə səhnəyə çıxıb
məşq edəndə
və ya tamaşa oynayanda Vaqif İbrahimoğlunu yanımızda hiss edirik. Nə qədər ki, “Yuğ” var, ustadın tələbələri
var, bu həmişə
belə də olacaq.
- Bu günlərdə
tələbələriniz Əbdürrəhim
bəy Haqverdiyevin “Yeyərsən qaz ətini, görərsən
ləzzətini” əsəri
əsasında hazırladıqları
diplom tamaşasını
təqdim etdilər. Tamaşaçılar, tanınmış ziyalılar tamaşanı
yüksək qiymətləndirdilər.
Görünür, tələbələrlə
çəkdiyiniz zəhmət
hədər getməyib...
- Həmin tələbələr Vaqif
İbrahimoğlunun hazırladığı
sonuncu kursdur. Ustad sona qədər
onlarla məşğul
ola bilmədi.
Uzun illər Vaqif müəllimlə Mədəniyyət
və İncəsənət
Universitetində çiyin-çiyinə
çalışdığımdan diplom tamaşasını mən hazırlayası oldum. Tamaşanı Vaqif İbrahimoğlunun
xatirəsinə həsr
etdik. Tələbələr də səhnə
əsərinin uğurlu
alınması üçün
çox çalışdılar.
İstədik ki, onun adına
layiq bir iş ortaya qoyaq.
- Kino fəaliyyətiniz
də tamaşaçılar
tərəfindən maraqla
izlənilir. Bu xüsusda “Cavid ömrü” filmindən bəhs etməmək mümkün deyil. Ramiz Həsənoğlunun
Xalq yazıçısı
Anarın ssenarisi əsasında çəkdiyi
həmin filmdə 9 obraz yaratmağınız
milli kinomuzda nadir hallarda rast gəlinən
hadisədir...
- Filmdə mənə həvalə olunan rollar bir-birindən
fərqli idi. Elə oynamalı idim ki, bu obrazlar
bir-birinə oxşamasınlar.
Çalışdım ki, bu çətinliyin öhdəsindən
gəlim. Böyük Hüseyn
Cavidin həyatından
bəhs edən filmdə çəkilməyim
yəqin Tanrının
qisməti imiş.
- Bu qisməti Tanrı başqa bir aktyorun da
qarşısına çıxara
bilərdi...
- Təbii. Kino çəkilişi mürəkkəb bir prosesdir. Bir rola 5-6 aktyor
sınanır, sonda isə rol birinə
qismət olur. Bəzən elə hallar da olur ki,
aktyor rola təsdiqlənir, filmin müəyyən hissələri
çəkilir, amma yaradıcı heyət həmin aktyorun ifasından razı qalmır. Məcbur qalıb başqa aktyoru çəkirlər.
Kinonun yazılmamış
qanunları var.
- Yaxşı ki, “Dolu” filmi çəkiləndə kinonun yazılmamış qanunlarına ehtiyac olmadı və quruluşçu rejissor Elxan Cəfərov sizi əsas obrazlardan birinə-Komandir roluna çəkdi. Ssenari müəllifi Aqil Abbas müsahibələrindən birində “Dolu”nu həyatının romanı adlandırıb. Bəs siz necə, yaradıcılığınızda Komandir rolunun yerini müəyyənləşdirə bilmisinizmi?
- Bu günə kimi teatrda və kinoda irili-xırdalı müxtəlif səpgili rollar oynamışam. “Dolu” filmindəki Komandir xarakterinə, daşıdığı yükünə görə mürəkkəb bir obrazdır. Maraqlıdır ki, əsərdə baş rol yoxdur. Həcmindən asılı olmayaraq “Dolu”da bütün rollar elə baş roldur. Belə hesab edirəm ki, ssenari müəllifi başda olmaqla filmin yaradıcı heyəti şərəfli bir işə çiyin verib. Söhbət ondan getmir ki, Komandir rolunu Məmməd Səfa oynadı, yoxsa başqa bir aktyor. Mən də olmasaydım, həmkarlarımdan biri bu rola çəkiləcəkdi. Rola kimin çəkilməsi şərt deyil. Əsas məsələ rolu necə yaratmaqdır. Qarabağ hamımızın yaralı yeridir. Biz gec-tez işğal altındakı torpaqlarımızı azad edəcəyik. Çalışmalıyıq ki, bu işi özümüz həll edək, problemin həllini övladlarımıza buraxmayaq. Romanın özü də, film də bu ruhu aşılayır.
Etibar Cəbrayıloğlu
Mədəniyyət.-
2012.- 1 iyun.- S. 12.