Əlvan
metal üzərində döymə sənəti
Zeydulla Ağayev 40 ildir bu el sənətinin
yol yoldaşıdır
Döymə sənətinin bir neçə min illik yaşı var. Ən qədim döymələr Misir piramidalarında tapılıb. Zaman keçdikcə döymələrin
müxtəlif formaları
meydana gəlib. Tədricən ağac, daş üzərində döymə və digər sənət növləri yaranıb.
Metal üzərində döymə
sənəti ilk növbədə
iti göz və böyük ustalıq tələb edir.
Xaçmaz rayonunun Mürşüdoba
kəndində yaşayan
Zeydulla Ağayev 40 ilə yaxındır ki, əlvan metal üzərində döymə
sənəti ilə məşğul olur. Dediyinə görə,
metal üzərində əsər
yaratmaq çox çətin və mürəkkəb prosesdir:
“Əvvəl çəkiləcək
əsərin kağız
üzərində eskizini
hazırlayırıq. Sonra həmin
eskizi metalın üzərinə döymə
yolu köçürürük.
Əsas proses məhz bundan sonra başlanılır. Xüsusi alətlər vasitəsilə
saatların, hətta günlərin hesabına metalın üzəri döyülərək hər
hansı təsviri yaratmaq mümkün olur. Mağazalarda alət satılmır.
İşləmək üçün aləti də möhkəm ağac budaqlarından özüm
hazırlayıram”.
İxtisasca Azərbaycan dili və ədəbiyyatı
müəllimi olan Zeydulla Ağayev uşaq yaşlarından rəsm çəkməyə,
17 yaşından isə
eskizləri mis, alüminium üzərinə
köçürməyə başlayıb: “Vaxtilə
Bakıda suvenir məhsulları istehsal edən zavod fəaliyyət göstərirdi.
Metaldan maraqlı suvenirlər hazırlanırdı. Mən də
aldığım suvenirlərə
diqqətlə baxıb,
onların oxşarını
düzəltmək istəyirdim.
Tədricən alınırdı. Dekorativ-tətbiqi sənətin müxtəlif
növləri ilə məşğul olsam da, bu sənət
məni daha çox cəlb edirdi”.
İllər keçdikcə onun
bu sənətə marağı daha da artır. İndiyədək 300-dən artıq
əl işi olan sənətkarın hər bir işində
xüsusi nəfəs
hiss olunur.
Zeydulla müəllim deyir ki, əlvan metal üzərində yaxşı
əsər yaratmaq üçün bir sıra vacib keyfiyyətlər lazımdı:
“Əvvəla, xalq yaradıcılığına xüsusi
maraq olmalıdır. Rəssamlıq qabiliyyəti də
vacib amildir. Eskizi metal üzərinə
köçürərkən bədən cizgilərinin
qabarmasının təbii
alınması üçün
heykəltəraşlıq bacarığı da tələb olunur. Bu sənətlə məşğul olmaq üçün kimyanı
müəyyən qədər
bilmək lazımdır.
Çünki metallardan rəng
almaq üçün
mütləq kimyəvi
məhlullardan istifadə
etməli olursan”.
Zeydulla Ağayev əsərlərini
əsasən mis və alüminium üzərində hazırlayır.
Misdən istədiyi rəngi
daha rahat əldə edə bildiyindən bu əlvan metalla işləməyə daha
çox üstünlük
verir. Çərçivələri də özü
hazırlayır. Bir çox
mövzulara müraciət
etsə də, ədəbiyyat və tarix mövzusu ona daha çox
yaxındır. Vətənpərvərlik mövzusundakı “Koroğlu”,
“Babək” əsərləri,
müxtəlif ədiblərin
portretləri insanı
bu sənətin sehrinə salır. Dövlət
atributları, Dədə
Qorqudla, əfsanələrimizlə,
nağıllarımızla bağlı illüstrasiyaları
da valehedicidir.
Zeydulla müəllim bu
sənətin vurğunudur.
Emalatxanası olmasa da, Xaçmaz rayonunun Mürşüdoba kəndində
evinin bir guşəsində gözəl
sənət əsərləri
yaradır. Əl işləri
ölkəmiqyaslı müxtəlif
sərgilərdə nümayiş
olunur. Mədəniyyət və Turizm
Nazirliyinin təşkil
etdiyi sərgilərdə
fəal iştirak edir, müxtəlif diplom və mükafatlara layiq görülüb.
Arzusu bu sənətin
əbədi yaşamasıdır.
Sənətini övladına
da öyrədib: “Oğlum hərdən döymə sənəti ilə məşğul olur. İstəmirəm bu sənət
itsin. Nəvələrim böyüyəndə onlara da öyrədəcəyəm”.
C.Zərbəliyev
Mədəniyyət.-
2012.- 2 mart.- S. 15.