İsrafil ağa hamamı
memarlıq nümunəsidir
Azərbaycan milli
memarlığının klassik nümunələrindən
biri də Qazax şəhərinin mərkəzində yerləşən
qoşa günbəzli İsrafil ağa hamamıdır. Hamamı
dövrünün imkanlı və sayılıb seçilən
kişilərindən biri - Qıraq Kəsəmən kəndinin
sakini, Qazax diyarında tanınmış sahibkar İsrafil
ağa Kərbəlayev tikdirib. Hamam 1903-cü ildə
xalqın ixtiyarına verilib.
Memar Müzəffər
Hüseynovun layihəsi əsasında qırmızı kərpicdən
kirəclə hörülmüş hamam qoşa günbəzlidir.
Geyinmə və yuyunma yerlərinin kənardan görünməyən
günbəzlərini də nəzərə alsaq, hamamın
iki deyil, səkkiz günbəzli olduğunun şahidi oluruq.
Yerli əhəmiyyətli memarlıq abidəsi kimi dövlət
mühafizəsinə götürülmüş tikilinin
ümumi sahəsi yardımçı otaqlarla birlikdə 420
kvadratmetrdir. Memarlıq cəhətdən Gəncədəki
«Çökək» hamamını xatırladan İsrafil
ağa hamamının istifadəsində olan otaqlar günbəzlərin
üstünə açılmış xüsusi bacalar vasitəsilə
işıqlandırılır.
Yaşlı nəslin nümayəndələrinin
sözlərinə görə, hamam səhər saat 6-dan
günorta 2-dək qadınlara, 2-dən sonra isə kişilərə
xidmət edirmiş. Hazırda yalnız nömrələri
istifadə olunan hamamın artıq 25 ildir ki, ümumi
şöbəsi işləmir. Bu səbəbdən də
abidənin təmir-bərpa işlərinə ehtiyac var. Tarixi
keçmişimizi özündə əks etdirən bu memarlıq
incisi həm də turizmin inkişafı üçün dəyərli
potensialdır. Hamamın təmir olunması onun həm gələcək
nəsillərə çatdırılmasını, həm də
turizm məqsədləri üçün istifadəsini təmin
edəcək.
Nofəl
Qurbanov,
Qazax Mədəniyyət və
Turizm
Şöbəsinin əməkdaşı
Mədəniyyət.- 2012.- 2 mart.- S.
15.