Fərman
Kərimzadə, şaftalı çiçəkləri və
bir də “Axırıncı
aşırım”
O,
ömrün aşırımlarını aşa bilməsə
də, tarixin aşırımlarını aşacaq və ədəbiyyatımızda
əbədi qalacaq
Yazıçı
Fərman Kərimzadə 1937-ci il martın 3-də Ermənistanın
Vedi rayonunun Böyük Vedi kəndində anadan olub. İndi nə
Vedi var, nə Böyük Vedi, nə də Fərman Kərimzadə...
Bizə qalan vedililərin xatirələri, dərdləri,
yaşantıları və bir də Fərman Kərimzadənin
yazdıqlarıdır...
“Mən belə hökumət
tanımıram!”. Bu sözləri də F.Kərimzadənin qəhrəmanı
Kərbəlayi İsmayıl deyir. Ədib 1967-ci ildə bu
sözləri yazanda sovet hökumətinin
qılıncının tiyəsinin də, qəbzəsinin də
kəsdiyi vaxtlar idi. Qırmızı ilğımın
puç və əfsanə olduğunu yazıçı fəhmi
ilə çoxlarından əvvəl o duymuşdu. “Qarlı
aşırım” romanı ilə aldanmış insan selini
dayandırıb bəylikdən köləliyə
sürüklənən bir xalqa aşırımın o
üzündəki həqiqətləri göstərmək istəyirdi...
İllər keçdi,
ilğım dağıldı, ədəbiyyatımızda və
kinomuzda “Qarlı aşırım” (“Axırıncı
aşırım”) qaldı...
Tarix
içində tarix
İllər öncə isə F.Kərimzadəni
böyük ədəbiyyata gətirən iki səhifəlik
“41 nömrəli ayaqqabı” hekayəsi olmuşdu. “Son
eksponat”, “Toy toğlusu”, “Mis qazan”, “Talada”, “Ümid”,
“Xınalı” hekayələri, “Xallı maral”, “Toy dəvətnaməsi”
povestləri böyük uğur qazansa da, yazıçı
daha çox “Qanlı aşırım”, “Xudafərin
körpüsü”, “Çaldıran döyüşü” kimi
tarixi romanların, “Təbriz namusu”, “Qoca qartalın
ölümü” əsərlərinin müəllifi kimi
tanındı və sevildi.
Onun həyatı ədəbiyyata gətirdiyindən,
yaradıcılığında obrazlar qalereyası da olduqca
real və zəngindir. Ziddiyyətli, koloritli obrazlar, min illərin
o üzündəki tarixi məqamlar və yaşantılar,
xalqın milli və mənəvi yüksəlişi,
uğurlar və məğlubiyyətlər, şərlə
xeyrin amansız mübarizəsi və bütün bunların
fonunda yazıçı şəxsiyyəti. O, sənətkar
kimi də, şəxsiyyət kimi də vaxtdan ucada
dayanmağı bacardı. Çünki həmkarları
dövrün ədəbi əsərlərini yazanda, o,
yaddaşımızın üstünə
çökmüş hisi, pası, unutqanlıq
qalıqlarını bir kənara atıb əsl ədəbiyyat
nümunələri yaratdı.
Doğrudan da,
yazıçının ədəbi taleyi ilə şəxsi
taleyi arasında qəribə bir oxşarlıq vardı. Əsrlər
boyu xalqının başına gələn dərdlər,
faciələr, bəlalar onun da taleyindən yan keçmədi.
1948-ci ildə başlanan deportasiyada onun da nəsli, el-obası
yurd-yuvasından didərgin düşdü. F.Kərimzadə
də bu taleyi yaşadı. Ancaq illər keçsə də,
Vedini unuda bilmədi. Ağrı dağının
ağrılarını ürəyində daşıdı.
1988-1989-cu illərdə Vedinin qara günləri yenidən
başladı. Bu dəfə dərd batmanla gəldi. Bu dəfə
Vedidə bir nəfər də azərbaycanlı
qalmadı.
O,
Ağrı dağının özü idi
Fərman Kərimzadə Vətənini
çox sevirdi. Bu, özgə bir
sevgi idi. Bəlkə ona
görə də xalqının başına
gələn fəlakətlərin
kökünü keçmişdə
axtarırdı. O, Vedibasarın
sözə qarışıb
qələmlə döyüşən
sərkərdəsi, başındakı
tüstü-dumanı ilə
elə bil Ağrı dağının
özü idi. Vedinin adı çəkilən kimi gözündə yaş gilələnir, dilindənsə
ürəkləri titrədən
bayatı qopurdu:
Vedinin yanı dağlar,
Ürəyi, canı dağlar,
Burda bir el var idi,
Siz deyin, hanı dağlar?!
Çox az adam bilir ki, bu
bayatının müəllifi
F.Kərimzadədir.
O, yazıçı
olmamışdan əvvəl
rəssam idi. Şair Musa Yaqubun sözləri ilə desək, “Fərman rəssam təfəkkürü, şair
zərifliyi ilə nəsrimizə bir şirinlik gətirdi”.
Deyirlər, F.Kərimzadə bahar çağı çiçəkləyən şaftalı
ağacını çox
sevərdi. Bəlkə ona
görə ki, çiçəkləyən şaftalı
ağacı insanın
çəhrayı arzularına
bənzəyir. O, ömrü
boyu ağlı-qaralı
dünyadan çəhrayı
rəngə doğru
can atdı. Arzuları, əməlləri, istəkləri şaftalı
ağacının çiçəkləri
kimi işıq saçdı. Baharda
dünyaya gələn
sənətkar elə
baharda da - 1989-cu il mayın
17-də dünyasını dəyişdi.
Bizə qalan isə
əsərləri və
“Qarlı aşırım”
romanı əsasında
rejissor Kamil Rüstəmbəyovun 1971-ci ildə
ekranlaşdırdığı “Axırıncı aşırım”
filmi oldu. O film ki, Azərbaycan kinosunun şah əsərlərindən biridir.
Nə vaxtsa qarşınıza qarlı bir aşırım və ya çiçək açmış şaftalı
ağacı çıxsa,
Fərman Kərimzadəni
xatırlayın...
T.Vahid
Mədəniyyət.-
2012.- 2 mart.- S. 13.