Maarifçi-şair, şair-maarifçi
Hər sahənin ağsaqqalı - Abdulla Şaiq
Yetmiş səkkiz
il (1881-1959) yaşamış bu elm-sənət ağsaqqalımız
ovaxtkı “partiya və hökumətimiz”
tərəfindən ikicə kərə yad
edilib; biri ömrünün ortalarında
- iyirmi il Fərhad
külüngünə timsal qələm
çaldığı gimnaziyaya adqoyma mərasimində - onu
camaatın “Şaiq Nümunə Məktəbi”
adlandırması istəyini rəsmiləşdirməsi, digəri
- ədəbiyyat və maarif sahələrindəki
55 illik xidmətlərini “nəzərə
alıb”, “Əməkdar incəsənət xadimi” adıyla təltif etməsi ilə...
Bu cəfakeş pedaqoq, Vətən balalarının bənzərsiz müəllim-şairi, millət, ədəbiyyat, sənət, mədəniyyət ağsaqqalı, neçə nəsil uşaqların ilk peşəkar qələm və serial-teatral kəlamlar babasının qalan bütün “nominasiya”lardakı tərif-təltifləri, rəğbət-məhəbbət mükafatları sadə xalqa məxsus olub.
Belə mükafatlar onu elə uşaq yaşlarından “təqib” edib. Nübarı Tiflisdəki altısinifli şəhər müsəlman məktəbində təhsil aldığı zamana təsadüf edir. Müəllimlər nadinc uşaqlara “düz otur”, “ağıllı ol” məzmunlu trafaret “tərbiyələr” əvəzinə, “Abdulla kimi ol”, “bu sinifdə yaş və boy-buxunca ən balacamızdan nümunə götür” deyərmişlər.
Vaxt gələcək, bu “balaca” nəinki böyük adamlara, həm də böyük filosoflara nümunə olası frazalar deyəcək:
“Həpimiz bir yuva pərvərdəsiyiz!
Həpimiz bir günəş zərrəsiyiz!”
Ailə vəziyyətilə əlaqədar, on iki yaşında ikən Xorasana köçüb, orada tarix, məntiq, psixologiya elmlərinə həvəs göstərib. Azərbaycan, Şərq və rus ədəbiyyatının əsaslarına necə səylə yiyələnirsə, dövrün məşhur ziyalısı Yusif Ziya “mən öz məktəbimdə bu fərasətdə uşaq görməmişəm!” - deyib.
Bu “uşaq” sonralar gələcəyin bütün mehriban uşaqları üçün yazacaqdı:
Dovşan, dovşan, a dovşan,
Qaçma, dayan, a dovşan!
Qaçma səni sevəndən,
Can kimi bəsləyəndən...
Sənətkarlığı ovxarlayan ...siyasət
“Zalım
dünya öz işində”, bu diribaş, sadə-salim yeniyetmə-gənc cürbəcür
tale “göndəriş”lərilə gah ora, gah
bura gediş-gəlişində. Tabeliyində olduğu imperiyanın paytaxtında gələcək
çaxnaşmaların toxumları
əkilməkdə, al dilli
“milli” sovetlərin “xəlqi” bünövrəsi
qoyulmaqda. Bəs
elə isə, təbiətən yenilikçi-maarifçi,
romantik-poetik coşqu-qoşquçu
olan bu tər
cavanın Xorasanda nə işi?..
On doqquz
yaşında yenidən
Tiflis, bir ildən sonra isə - ömürlük məskən
salacağı Bakı.
Buraya gəldiyinin ikinci ilində bir rus ziyalısının çox zəngin kitabxanasını alması
faktı ətrafa onun ilk “yaradıcılıq”
nümunəsi kimi səs-səda yayır.
Daxili aləmində, ev-eşiyində
sənət, maarif çınqılarından alovlanma
ərəfəsində ikən,
siyasi bayırda (xüsusilə Sabunçu-fəhlə
“planetində”) inqilabi
hadisələr, bir-birinə
qarışmış milli
və idxali azadlıq çağırışları,
ittihad-intibah çarpışmaları.
Çoxları üçün yumruq, süngü, “doklad” və digər macəra-maraqları
ilə keçən
o illər Abdullanın
aləminə yeni dünyagörüş elementləri
nəqş edir.
O, bütün bu olaylar içində milli gələnək-görənəklərə
bağlı dirçəliş
yolu, maarifçi-pedaqoq,
romantik şair kimi formalaşma kursu keçir. O, tezliklə Vətənini azad görüb:
Sən bu xalqın sevincisən,
Gözəllikdə
birincisən;
Təbiətin
saf qoynunda
Ən dəyərli bir
incisən.
Sevin, sevin, ana Vətən,
Artıq, oldun Azad-Vətən!
yazacaq.
Daha sonralar “mollanəsrəddinçi”ləri də hörmət-izzətlə
qəbul edən
Abdulla Talıbzadə (Şaiq)
füyuzatçılığı öz məzaq-məramına
daha münasib sayacaq, Azərbaycan Xalq Cümhuriyyətini bütün qəlbi ilə qarşılayıb,
alqışlayacaq, Məhəmməd
Əmin Rəsulzadə
tərtib etdiyi “milli istiqlalın sevincini ilk və çox coşquyla qarşılayanlar” siyahısında
onun adını xüsusi vurğu ilə qeyd edəcək.
Rəsmi
dövlət qəzeti
“Azərbaycan”ın səhifələrində
“məktəblər və
milliləşdirmə” kimi
çox mühüm bir problem-məsələ
haqda silsilə məqalələr yazacaq.
Bakı Dövlət Universitetinin yaranmasının
necə böyük hadisə, milli sərvət olmasını
kütlə beyninə
də layiqincə çatdırmaq üçün
səhnəyə “Tələbə
həyatı” adlı
maraqlı, baxımlı
bir dram əsəri çıxaracaq. “Yeni ay doğarkən”, “Arazdan Turana”, “Türk çələngi”
kimi, adları da düşüncə-damağa
dad verən şeirlər
yazacaq. “Milli qiraət”, “Müntəxabat”,
“Türk çələngi”,
“Ədəbiyyat”, “Türk
ədəbiyyatı”, “Gülşəni
ədəbiyyat” adlarında
dərsliklər, proqramlar
hazırlayacaq. Ən başlıcası isə
“Vətən,Vətən!”
deyəcək:
Beş dünyanın vəhşiləri
toplansa,
“Ölüm!”-deyə, “Vətən!”-deyə qoşarız.
Bu torpaqlar qanımızla boyansa,
Nəfərimiz
qılınca öc alarız!..
Bu illər ərzində bu qədər ictimai-elmi fəaliyyət göstərməsi,
ədəbi-bədii yaradıcılıq
nümunələri yaratması
bir yana, məəttəl qalınmalı
əsas məsələ
budur ki, öz xalqına, milli hökumətinə bir belə xidmət
və aşiqlik etmiş bu fədakarı
sonrakı “partiya və hökumət” öz “vraqnarod” dəftərinə salıb
məhv etməmişdir.
Görəsən nədən? Şaiqşünaslıq nümunələrində, digər tədqiqat və oçerklərdə
bunun ciddi bir “niyə?”silə rastlaşmadığımdan,
belə bir “ona görə ki” ehtimalı “irəli sürmək” fikrindəyəm ki, görünür, onun qələmi, düşüncə
və təşəbbüslərilə
bərabər, hər
müsahibini, nəticə
etibarilə xalqı oyadan nurlu, ağsaqqal
çöhrəsi mürəkkəb
rəhbərlərin qəzəbini
yatırırmış. Bu məqamda müasir şairlərimizdən birinin
(Vahid Əziz) iki misrasına da əşhədi-ehtiyac duydum: “Tütək neyləyibsə, canavarı
da - sürüdən
uzaqda yuxu tutubdur”...
Dövr - “tələbə”,
Şaiq - müəllim...
1906-cı ilin avqustunda Bakıda birinci müəllimlər qurultayının
keçirilməsi faktı
oxucularımızın çoxuna
məlumdur. Amma,
yəqin, çox az adama
bəllidir ki, 25 yaşlı Abdulla müəllim
o qurultayın nəinki
təkcə fəal iştirakçısı, geniş
məruzəçisi, işgüzar
təşkilatçısı, həm də bu tədbirin üç təşəbbüskarından
biri olub. Və qurultay dövrün nəhəng ictimai simaları (Həsən bəy Zərdabi, Firudin bəy Köçərli, Süleyman
Sani Axundov və b.) ilə bərabər, gənc
Abdulla Şaiqi də seçdiyi komissiyaya daxil edir və
Azərbaycan dilində
müvafiq proqram hazırlamağı onlara
tapşırır. Növbəti
ilin sonlarından başlayaraq, ana dilimizdə “qaranquş”-dərsliklər nəşr
edilməyə başlayır,
sonrakı tariximizə
“H.Z.Tağıyev - N.Nərimanov
deyişməsi” (mübahisəsi)
kimi düşən “dil bəlası - məktəb davası” məsələsi həllinin
bünövrəsi qoyulur.
Daha mərkəzin ütülü-kraxmallı
nötələrində, foye
və dəhlizlərdə
Azərbaycanlı müəllimlərin
milli hissiyatına toxunan yarıdoğma, yarı yad dilli
atmacalar, lağlağılar
da yavaş-yavaş yığışdırılır. O günlərədək siniflərdə
Azərbaycanca danışmaq
yasaq olduğundan müəllimlər “musurman”
uşaqlarını başa
salmağa çətinlik
çəkirdilər. Erməni
əsilli müəllimlər
isə bundan istifadə edib, yerli kolleqalarına “ara, sizin yetimlər
soruşanda ki, müəllim, “sabaka laet” nə deməkdi,
niyə “hürür”
demax əvəzinə,
onları yazıq-yazıq
süzüb “ham-ham” eləməklə
başa salırsız”
deyə, özlərindən
qat-qat kəlləli, dəfə-dəfə mədəniyyətli
bu xalqı ələ salırdılar.
Beləliklə, hər bir millətin doğal haqqı olan bu istək Abdulla Şaiqin də böyük mücadilə
əzmi ilə qatılması sayəsində
öz hədəfinə
çatır; öncəki
yarımbaşlıqda bir
qisminin adını çəkdiyim anadilli dərsliklər, xüsusən
də “Əlifba” mübarəkimiz meydana gəlir.
Əslində, sırf ədəbi-bədii
əsərlər yaratmaq
üçün doğulmuş
Şaiqi bu kimi sahələrdə fəaliyyətə sövq
edən heç bir sənətdən kəm olmayan millilik “sənət”i idi. Əvvəli çox böyük gələnəklərlə süslənmiş,
son yüz ilə yaxın bir dönəmdə isə, az qala başdan-başa öygüsüz
öyrənciyə, tələbsiz
tələbəyə çevrildilmiş
bu millətə Şaiq kimi intibahçı müəllimlər
gərək idi. Elə bura qədər belə bir gözəl
ədibin, bənzərsiz
uşaq şeirləri
müəllifinin daha çox maarifçilik-müəllimlik
fəaliyyətindən bəhs
etməyim də bu zərurətdən doğur.
O, “Məktub yetişmədi”, “Köç”,
“Daşqın”, “İntiharmı,
yaşamaqmı”, “Göbələk”,
“İblisin hüzurunda”,
“Dursun” kimi bir çox qüvvətli hekayə, povest, romanlar da yazıb, “Hürriyyət pərisi”,
“XX əsrə xitab”,
“Niyə uçdu”, “Bir quş” kimi
gözəl poeziya nümunələri yaradıb,
təkrarsız tərcümələr
edib. Lakin, yenə də, onun ən böyük
əsəri mübariz
maarifçiliyi, milli ağsaqqallıq-müəllimliyi idi...
Və son söz yenə onun qələminin əzəli-əbədi simsarı
olan şeirlərinin,
çalışdığı bütün sahələrdə
hər bir məsələyə millət,
xalq mənafeyi fəlsəfəsindən yanaşan
Abdulla Şaiq qələmindən
çıxmış həm
real, həm romantik, Vətən-vətəndaş poeziyasından
sadə-“sadəlövh”
bir nümunənindir.
Tək elə uşaqların yox, bütün xalqın diləzbəri bir şeirin:
Ay pipiyi qan xoruz,
Gözləri mərcan xoruz!
Sən nə tezdən durursan,
Qışqırıb
banlayırsan...
Növbəti iki misranı yazmaqdansa, yozmaq yaxşıdır: nə qədər ki Qarabağda həyət-bacalarımızdan
doğma insan nəfəsi, toyuq-cücə
səsi gəlmir, bu bədii xoruz
bizi qoymasın yatmağa!..
Tahir Abbaslı
Mədəniyyət.-
2012.- 2 mart.- S. 10.