Teatra
maraq uşaq yaşlarından formalaşmalıdır
Rəşad
Əhmədzadə: «Kukla teatrında tamaşa hazırlamaq bəlkə
də bütün teatrlardan çətindir»
Tamaşaçı teatrı nə qədər sevirsə,
ona qarşı bir o qədər də tələbkar olur.
Tamaşaçı teatra həm də maarifləndirici məbəd
kimi baxır və onun maraqlı, öyrədici
olmasını istəyir. Bu mənada uşaq
teatrlarının üzərinə xüsusilə
böyük məsuliyyət düşür.
Çünki uşaq zövqü, azyaşlı
tamaşaçı daim yeni, maraqlı tamaşalara baxmaq istəyir.
Ölkədə fəaliyyət göstərən uşaq
teatrlarının ilki olan A.Şaiq adına
Azərbaycan Dövlət Kukla Teatrında səhnələşdirilən
tamaşalara, onların hazırladıqları repertuara balaca
tamaşaçıların reaksiyası necədir? Teatrın direktoru Rəşad Əhmədzadə ilə
söhbətimizdə bu məsələyə də toxunduq.
Direktor ümumilikdə ötən ilin teatrın fəaliyyətində
önəmli hadisələrlə yadda qaldığını
dedi.
- 2011-ci il bizim
teatrın həyatı üçün çox uğurlu
olub. Belə ki, aprel ayında Mərakeşdə
keçirilən XII Beynəlxalq Uşaq Teatrları
Festivalında iştirak etdik. Burada N.Gəncəvinin
«Xeyir və Şər» əsəri əsasında
hazırlanan tamaşa ilə (quruluşçu-rejissoru Rəhman
Əlizadə, quruluşçu-rəssamı Rəvanə
Abbasova) iştirak etdik və festivalın birinci
mükafatına layiq görüldük. May
ayında Kazanda keçirilən X Beynəlxalq «Novruz»
Festivalında Kamran Şahmərdanın «Ağ və Qara»
tamaşası ilə uğurla çıxış etdik.
«Ən yaxşı tamaşa» nominasiyasında fərqləndik.
Ötən il Həsən Əbluc
adına Bədii Qiraət Festivalında teatrımızın
aktrisası Cəmilə Allahverdiyeva ikinci mükafata layiq
görüldü.
Sentyabr ayında
teatrımız UNİMA təşkilatına üzv oldu və
qurumun Azərbaycanda Milli Mərkəzi yaradıldı. Bunun ardınca, noyabrın 1-dən 5-dək möhtəşəm
bir festivalın şahidi olduq. Milli teatrımızın
tarixində ilk dəfə olaraq Bakı şəhəri I Beynəlxalq
Kukla Teatrları Festivalına ev sahibliyi
etdi. 16 ölkədən 23 teatrın iştirak
etdiyi festival Azərbaycan teatrının inkişafını,
onun ənənələrə söykənən müasir
meyillərini və ümumilikdə bu sənətə olan
yüksək münasibəti göstərdi. Festival çərçivəsində keçirilən
simpoziuma dünyanın aparıcı teatr təşkilatlarının
rəhbərləri qatıldılar. Noyabrın
3-də isə UNİMA Azərbaycan Milli Mərkəzinin
birinci yığıncağı keçirildi. Sadaladığım bütün bu nailiyyətlər
küll halında Azərbaycan teatrının uğuru və
dövlətin bu sənətə olan qayğı və diqqətinin
nəticəsidir. \"Azərbaycan
teatrı 2009-2019-cu illərdə\" Dövlət
Proqramına uyğun olaraq həyata keçirilən bu işlər
milli teatrımızın inkişafına yönələn
tarixi addım hesab olunmalıdır.
- Teatrın populyarlığı həm
də tamaşaçı kontingentindən asılıdır.
Bunun davamlığı isə, təbii ki,
repertuar siyasətində cəmləşir. Profilli teatr olaraq sizin repertuar siyasətiniz necə tənzimlənir?
- Bizim auditoriya əsasən
azyaşlılar olsa da, çox tələbkardırlar. Heç kimə sirr deyil ki, uşağı nəyəsə
məcbur etmək çox çətindir. O bizim
tamaşaçı zalında əyləşsə belə, səhnədə
baş verənlər onu cəlb etmədikdə istər-istəməz
onda teatra maraq oyanmır. Ona görə də
biz - rejissorlar, rəssamlar, aktyorlar balalarımızın
gözünü, könlünü oxşayan yeni və
maraqlı nümunələri səhnəyə gətirməyə
çalışırıq. Ötən il
4 yeni tamaşa təhvil verdik. İnanıram ki, bu il ondan da uğurlu il olacaq. Çünki bu il 6 yeni tamaşa hazırlamaq niyyətindəyik.
Onlardan üçü dövlət sifarişi
ilə hazırlanacaq. M.F.Axundzadənin 200
illik yubileyi ilə əlaqədar olaraq «Müsyö Jordan və
Dərviş Məstəli şah» əsərini səhnələşdiririk.
Aprel ayında təhvil verəcəyik. Tamaşanın quruluşçu-rejissoru Aleksandr
Maksimıçev, quruluşçu-rəssamı Tatyana
Melnikova, bəstəkarı isə İqor Roqalyovdur. Onların hər üçü Sankt-Peterburqdan dəvət
olunub. Tamaşanın kuklaları da
Sankt-Peterburqda hazırlanır. Bundan əlavə,
aprel ayında daha bir yeni tamaşanı təhvil verəcəyik.
Teatrın baş rejissoru, Əməkdar incəsənət
xadimi Rəhman Əlizadənin müəllifi olduğu
«Sindibadın xoşbəxtlik adasına səyahəti» də
repertuarımızda öz yerini alacaq.
- Bakıda keçirilən beynəlxalq
festival həm də Azərbaycanı zəngin ənənələrə
malik teatr ölkəsi, kukla teatrı məkanı kimi də
göstərə bildi. Yəqin festivaldan sonra xaricdən
aldığınız dəvətlərin sayı daha da
artıb...
- Artıq 6 beynəlxalq festivaldan dəvət
almışıq. Əvvəllər hər hansı festivaldan
dəvət gəldikdə araşdırmadan ona
qatılmağa can atırdıqsa, indi artıq seçim
edirik, bizim üçün aktual və nisbətən daha
genişmiqyaslı festivallara getməyə
çalışırıq.
- İndi bir çox
teatrlar fərqli quruluşda, yeni yozumda tamaşalar
hazırlamaq üçün yaxın-uzaq ölkələrdən
teatr mütəxəssisləri dəvət edirlər. Bayaq bir tamaşanızı rusiyalı heyətin
hazırlayacağını dediniz. Bu sahədə
uğurlu mübadiləni şərtləndirən digər
faktorlar hansılardır?
- Teatrın, ümumiyyətlə,
inkişafı naminə belə yaradıcılıq əlaqələri,
mübadilə vacibdir. Bu heç də öz
teatr mütəxəssislərimizin işini bəyənməmək
anlamına gəlməməlidir. Bu gün
teatr dünyadakı mədəni inteqrasiyadan kənarda qala
bilməz. Uğurlu inteqrasiya
üçün isə müasir prosesləri fəaliyyətində
tətbiq etməlidir. Bu da ilk olaraq
yaradıcılıqda öz əksini tapmalıdır.
- Bu gün bölgələrdə
də dövlət kukla teatrları fəaliyyət göstərir.
Sizin teatr onlar üçün bir növ “ana
teatr” sayıla bilər. Yerlərdəki
kukla teatrları ilə yaradıcı əlaqələriniz
varmı?
- UNİMA Azərbaycan Milli Mərkəzi
idarə heyətinin 10 üzvü var ki, onların arasında
həmin bölgələrdəki kukla teatrlarının və
Dövlət Marionet Teatrının təmsilçiləri də
var. Əlaqələrimiz, təbii ki, mövcuddur. Çünki Kuka sənəti inkişaf etməlidir
və biz də bir “ana teatr” olaraq bunun üçün
çalışırıq. Bilirsiniz ki, hələlik
Dövlət Mədəniyyət və İncəsənət
Universitetində kukla teatrı aktyorluğu fakültəsi
yoxdur. Azərbaycanın kukla teatrlarında
çalışan aktyorların əksəriyyəti bizim
teatrın yetirmələridir. Bu missiya daha
mütəşəkkil formada davam etməkdədir. Artıq ikinci ildir ki, bizdə teatr studiyası fəaliyyət
göstərir. Bu sənətə
marağı olan gənclərin toplaşdığı
studiyanın müddəti bitdikdən sonra bəhrələndiyimiz
hər hansı insanı ştata götürürük və
aktyor kimi bizim teatrda fəaliyyətini davam etdirir.
Yerlərdəki kukla teatrları ilə
yaradıcılıq mübadiləsi də var. Salyan Dövlət
Kukla Teatrında M.F.Axundzadənin yubileyi ilə əlaqədar
hazırlanan «Xırs quldurbasan» tamaşasına teatrımızın
baş rejissoru R.Əlizadə quruluş verdi. Tamaşanın
baş rəssamı isə bizim teatrın baş rəssamı
L.Quluzadə idi. Digər teatrlar da belə
bir istəkdə olsalar, biz müsbət cavab verməyə
hazırıq.
- Teatrlarımızın beynəlxalq
arenaya çıxışı onun özünəməxsusluğunu,
milliliyini və inkişafını göstərmək
baxımından çox önəmlidir. Digər
yandan, bu, həm də
çatışmazlıqlarımızı, geridə
qaldığımız məqamları da göstərmiş
olur. Siz necə, bu
çatışmazlıqları hiss edirsinizmi?
- Biz hər hansı bir xarici
ölkədə olarkən və ya onların
teatrlarını qonaq edərkən inkişafımızın
hansı həddə olduğunu aydın görürük. Təsəvvür edin ki, sovetlər dönəmində
hər hansı ölkəyə qastrola gedərkən
onların teatrlarına, texniki mümkünatına heyran
qalırdıq. Artıq bizim teatrın təmirindən
sonrakı təchizatı sayəsində hər hansı
ölkədən nəinki geri olmadığımızı, əksinə,
onları qabaqladığımızı gördük. Hətta Mərakeş festivalında biz texniki məsələlər
ucbatından tamaşanın müəyyən
detallarını çıxarmalı olduq. Çünki onlarda bizdə olan avadanlıq yox idi.
-
Texniki məsələlər aydındır. Təmir
olunan bütün teatrlar, həmçinin də sizin teatr ən
müasir texniki avadanlıqlarla təchiz olunub. Bəs məsələnin yaradıcılıq tərəfi
xarici ölkə teatrları ilə müqayisədə necə
görünür?
- Mən bu sahədə də
inkişaf etdiyimizi, xarici ölkələrdəki kukla
teatrlarından heç də geridə
olmadığımızı düşünürəm. Özü də bunu məşhur teatr mütəxəssislərinin,
tənqidçilərinin xarici festivallarda
tamaşalarımıza verdikləri qiymətə, dedikləri
xoş sözlərə əsasən deyirəm. Bizim teatrın ustalığı daim yüksək
qiymətləndirilir. Biz
çalışırıq ki, bizə göstərilən
qayğı və dəstəyə məsuliyyətlə,
işlədiyimizdən də yaxşı göstəricilərlə
cavab verək.
- Bayaq bir tamaşanızın
kuklalarının Sankt-Peterburqdan gətiriləcəyini
dediniz. Kukla teatrlarının, belə deyək,
aparıcı siması olan kuklaların istehsalı məsələsində
vəziyyət nə yerdədir?
- Kukla teatrında istehsal olunan
kuklalar başqalarından, təbii ki, öz mexanikasına
görə fərqlənir. Ümumilikdə
kuklaların hazırlanma prosesi hər yerdə eynidir. Sadəcə olaraq, çox şey o nümunələri
hazırlayan mexanikin, konstruktorun fantaziyasından
asılıdır. Mən deməzdim ki,
xaricdə hazırlanan kuklalar bizimkilərdən yaxşı və
ya pisdir. Bizim özümüzdə də
peşəkarların çalışdığı
emalatxana, butafor sexi fəaliyyət göstərir ki, onların
yaradıcılığı göz qabağındadır.
Sadəcə olaraq, biz başqa kukla sənəti
mütəxəssislərinin də işlərini görmək,
göstərmək istəyirik. Bu
mübadilə istənilən formada lazımdır.
- Rəşad müəllim, bir
insanın teatral olması, teatrı sevməsi
üçün uşaqlıqdan teatrla ünsiyyəti
vacibdir. Deməli, insanlarda teatra sevgini
aşılamaq missiyası daha çox uçaq
teatrlarının üzərinə düşür. Amma bu günün də uşağının,
tamaşaçısının teatrdan tələbləri
başqadır. Siz necə, azyaşlı
tamaşaçıların teatra münasibətində dəyişiklik
görürsünüzmü?
- Kukla teatrında tamaşa
hazırlamaq bəlkə də bütün teatrlardan çətindir.
Çünki bizim tamaşanı həm
uşaq, həm də onu tamaşaya gətirən valideyni bəyənməlidir.
Uşaqların bəyənməyinə
heç bir şübhəmiz olmur, bunu balacaların həvəslə
tamaşalara gəlməsində, onu sonadək izləməsində
görürük. Sadəcə, bəzən
valideynlərin xoşuna gəlməyən məqamlar olur ki,
onda da uşaqları onların tamaşaçı
marağını yönləndirməyə
çalışırlar. Mahiyyət
etibarilə baxdıqda tamaşa normaldırsa, uşaq onu bəyənir.
Heç bir uşağa nəyisə zorla bəyəndirmək,
təbii ki, mümkün deyil.
- Ötən ilin noyabrında
Bakıda keçirilən festival çərçivəsində
“Müasir kukla teatrı: ideya, təşəkkül,
perspektivləri” mövzusunda elmi simpoziumda yerli və xarici
mütəxəssislər kukla teatrlarının fəaliyyəti,
repertuar siyasəti ilə bağlı maraqlı fikirlər səsləndirdilər...
- Hər bir teatrın repertuar siyasəti
var. Hazırda bizim repertuarda 20-yə yaxın tamaşa və
orada əksər klassiklərin əsərləri yer alıb. Elə tamaşalar, nağıllar da var ki, daim bizim
repertuardadır. Bilirsiniz, yeni və ya köhnə tələb
bir yana, teatrın statusunu müəyyənləşdirən
tamaşaçıdır. Əgər
tamaşaçı zalda yerini alırsa və
baxdığı səhnə əsərindən təsirlənə
bilirsə, demək o teatr qarşısına qoyulan tələbləri
tam ödəyir. Mən
düşünmürəm ki, bizim kukla teatrı hər
hansı cəhətinə görə dünya ölkələri
teatrlarından geridə qalır. Amma
bununla yanaşı, biz bütün yeni texniki vasitələrdən
istifadə edərək tam müasir və maraqlı
tamaşalar təqdim etməyə
çalışırıq.
Söhbətləşdi:
Həmidə Nizamiqızı
Mədəniyyət.-
2012.- 2 mart.- S. 7.