“Yerində
deyilən dəyərli söz bir yadigardır”
“Müqəddəs ziyarətgahlar” kitabı işıq
üzü görüb
Yazıçı, publisist və
pedaqoq, “Qızıl qələm”
mükafatı laureatı Alxas Alxasov “Mənə qar gətir”,
“Arı və gürzə”, “Murad quşu”, “Şirin-şəkər balalar”, “Qurd ürəkli
qəhrəman”, “Murovdağın kəhəri”, “Dağlar oğlu ziyarətdən-ziyarətə”
və s. kitabların müəllifidir.
Yazıçı növbəti kitabını Azərbaycanın müqəddəs məkanlarına həsr edib. Müəllif “Müqəddəs ziyarətgahlar” kitabında Azərbaycanın müxtəlif bölgələrində, o cümlədən Naxçıvandakı müqəddəs məkanların tarixindən söz açır, onların kəramətlərini, inam, inanc yerləri olmasını bədii-publisistik boyalarla oxuculara çatdırır.
Kitabda “Qurani-Kərim”dən, Kamal Feyzullahın “Böyük İslam Elmi Halından”, “Hər kəsə lazım olan iman” kitablarından, məlumat kitabçalarından, filologiya elmləri doktoru Əhməd Cəfərzadənin övliyalar haqqında olan yazılarındakı faktlardan və başqa tarixi mənbələrdən istifadə olunub.
Müəllif kitabda peyğəmbərlər, alimlər, şəhidlər haqqında, onların müqəddəslik mərtəbələrindən ətraflı bəhs edir. Kitabda Əshabi-Kəhf, Veysəl-Qara (Qərani), Xıdır Zinda, Həzrət Baba, Bibiheybət, Sofi Həmid, Diri Baba, Şeyx Əyyub Baba, Şeyx Alxan Bəy, Ağa Seyidəli Mirmövsümzadə, Şeyx Mustafa Baba, Şeyx Səlim Baba ziyarətgahları haqqında məlumatlar verilir, ziyarətgahlar haqqında rəvayətlər, el deyimləri maraqlı formada təqdim olunur.
Müəllifin Diri Baba ziyarətgahı haqqında topladığı maraqlı faktlar da diqqət çəkir. Şirvanın mədəniyyət mərkəzi olmuş Şamaxı şəhərinin yaxınlığında yerləşən bu qədim memarlıq abidəsinə xalq arasında Diri Baba adı verildiyini yazan müəllif əsl adı Babaşah olan bu insanın müqəddəs bir şəxsiyyət olduğunu vurğulayır. Bu müqəddəs övliya sahibinin böyük loğman, təbib kimi el-obanın bütün xəstələrini sağaltdığını deyir. Ömrünün son anlarını da ibadətlə keçirən bu şəxs son dəfə namazını qılır və yatağına uzanaraq dünyasını dəyişir.
İnanca görə, inamla bu ziyarətgaha gələn hər kəsin şəfa tapdığını deyən A.Alxasov yeni evlənən gənclərin də öz evlərinə getməzdən əvvəl bu ocağı ziyarət etdiklərini və bu adətin əsrlərlə davam etdiyini də diqqətə çatdırır.
Kitabda haqqında geniş məlumatlar verilən məşhur ziyarətgahlarımızdan biri də Xıdır Zinda Babadır. Bakı-Quba yolunun 80-85-ci kilometrliyində yerləşən bu əzəmətli dağ, ziyarətə çevrilən məkan haqqında maraqlı faktlar toplayan yazıçı, rəvayətə görə, Xıdır Zinda Babanın eramızdan əvvəl, İsgəndər şahın dövründə yaşadığını deyir. Dirilik suyundan içməklə bir növ əbədiyaşarlıq, ölümsüzlük qazanan Diri Babanın daha sonra Siyəzən rayonu yaxınlığındakı «Beşbarmaq» deyilən dağda məskunlaşdığını və xalq arasında bu ziyarətgahla da bağlı maraqlı rəvayətlərin olduğunu bildirir.
Müəllif kitabın saf və xoş niyyətlə yazıldığını deyir: “Mənim həyatda şəxsiyyət və mənəviyyatdan başqa heç bir dövlətim, varım, cah-cəlalım yoxdur. Yaradıcılığımla bir-iki kəlmə ilə oxucuların qəlbinə nüfuz eləyə bilmişəmsə, özümü xoşbəxt sayıram. Bu, yaradıcı insan üçün böyük şərəfdir. Yerində deyilən qüdrətli, qüvvətli, dəyərli söz bir yadigardır”.
Ceyhun
Mədəniyyət.-
2012.- 2 mart.- S. 6.