«Qara Qarayevin həyat və yaradıcılığında ədəbiyyat»

 

   Niyazinin mənzil-muzeyində tədbir keçirildi

  

   Fevralın 29-da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin “Klassik Musiqi Həvəskarları Klubu”nun növbəti tədbiri keçirildi. Niyazinin mənzil-muzeyində keçirilən tədbir «Qara Qarayevin həyat və yaradıcılığında ədəbiyyat” mövzusuna həsr olunmuşdu.

  

   Tədbirdə muzeyin direktoru Alla Bayramovanın mövzu ilə bağlı məruzəsi dinlənilib. Qara Qarayevin həyat və yaradıcılığından bəhs edən slayd-şou ilə müşayiət olunan məruzədə böyük bəstəkarın ədəbiyyata olan marağından söz açılıb: «Qara Qarayevin yaradıcılığından danışarkən onun ədəbiyyata olan marağını mütləq qeyd etməliyik. Ədəbiyyat onun əsərlərində böyük yer tutur. Uliyam Şekspir, Nizami Gəncəvi, Puşkin, Lermontov, Nazim Hikmət, Rəsul Rza və başqa ədiblər Qara Qarayevi musiqi əsərləri yazmağa ruhlandırıb. Bu məqaləni yazanda onun ədəbiyyata həvəs və marağını bir daha gördüm. Bəstəkarın kitabxanasında müxtəlif elm sahələrinə aid çoxlu kitab olub. Bu kitablar indi də saxlanılır. Zəngin intellektli belə yaradıcı dühalar bizim fəxrimizdir. Onun tələbələri bu cür müəllimləri olduğuna görə fəxr etməlidirlər».

   Daha sonra Q.Qarayevin əsərlərindən ibarət konsert proqramı təqdim olundu. Bəstəkarın əsərləri Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdləri, Azərbaycan Dövlət Musiqili Komediya Teatrının və Azərbaycan Dövlət Opera və Balet Teatrının solistlərinin ifasında səsləndirildi. «Yeddi gözəl» baletindən «Adajio», «Ayişənin rəqsi», «Mən sizi sevirdim» və «Gürcüstan təpələrində» romansları (sözləri A.S.Puşkin), «Çılğın qaskoniyalı» müziklindən Sirano de Berjerakın ariyası, «Don Kixot» simfonik qravürlərindən «Səyahət» və s. əsərlər maraqla qarşılandı.  

 

 

   Gülər

 

  Mədəniyyət.- 2012.- 2 mart.- S. 5.