“Tur Heyerdal - Kon-Tiki adamı”
Bakıda dünya şöhrətli Norveç
səyyahına həsr
olunmuş sərgi açılıb
Martın 1-də Azərbaycan
Milli Elmlər Akademiyasının (AMEA) Milli
Azərbaycan Tarixi Muzeyində dünya şöhrətli Norveç
alimi və səyyahı Tur Heyerdala həsr olunmuş “Tur Heyerdal - Kon-Tiki adamı” sərgisi açılıb.
Tədbirdə
çıxış edən
Norveç Krallığının
Azərbaycandakı səfiri
Erling Şönsberq bildirib ki, görkəmli
alim və səyyah həyatının
son illərində bir
neçə dəfə
Bakıda olub. Üç ay davam edəcək sərgi hər iki ölkənin
xalqları arasında
mədəni əlaqələrin
möhkəmlənməsinə müsbət təsir göstərəcək. Səfir
Tur Heyerdalın ekspedisiyalarının elmə
və xalqlar arasında mədəni əlaqələrin inkişafına
verdiyi töhfədən
danışıb.
Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı sərgi haqqında məlumat verib. Bildirib ki, sərgi Oslodakı Kon-Tiki Muzeyinin, Norveç Krallığının ölkəmizdəki
səfirliyi və Milli Azərbaycan Tarixi Muzeyinin birgə təşkilatçılığı,
Norveçin “Statoil” şirkətinin
dəstəyi ilə təşkil olunub. Sərgi görkəmli alim və səyyahın
hər iki xalq arasında yaratdığı dostluq körpüsünü bir
daha möhkəmləndirir.
Vurğulanıb ki, sərgi insanların beyinlərində olan sərhədləri siləcək
və bir daha bizi yaxınlaşdıracaq.
Tədbirdə
Kon-Tiki Muzeyinin direktoru Maya Baugen, görkəmli alimin oğlu Tur Heyerdal
çıxış etmişlər.
Bildirilmişdir ki, Tur Heyerdal Kon-Tiki
qayığı ilə
1947-ci ildə Sakit okeanı fəth edərək dünya şöhrəti qazanıb.
Bir alim kimi Tur Heyerdal
həyatının son illərini
Skandinaviya xalqlarının
köklərinin Qafqaz
və Xəzərətrafı
ərazilərdə axtarışına
sərf edib. Onun Qafqaza olan
marağı 1960-cı illərdə
Azərbaycanda, Qobustanda
yerləşən petroqliflərlə
tanışlığı ilə bağlıdır.
2000-ci ildə o, Rusiyada
Azovda Skandinaviya ilə Qafqaz arasında mədəni bağları aşkara çıxarmaq üçün
qazma işləri aparıb. Qeyd olunub ki, Tur
Heyerdal “Kon-Tiki” və digər ekspedisiyalarını film və
kitab kimi sənədləşdirib. “Ra” ekspedisiyası
haqqında film isə
“Oskar” mükafatına layiq
görülmüşdür. 2002-ci ildə 87 yaşında dünyasını dəyişib.
Tur Heyerdalın arxivi 2010-cu ildə
UNESCO-nun Dünya Qeydiyyat
yaddaşına daxil edilib.
Tədbirdə
həmçinin 2006-cı ildə
Norveçin Stavanger şəhərində
təşkil olunmuş,
Norveç-Azərbaycan mədəni
əlaqələrinin inkişafında
mühüm rol oynamış “Karvansara-Azərbaycan
dünən və bu gün” mövzusunda
sərginin foto və videogörüntülərindən
ibarət təqdimat keçirilib.
Sonra sərgiyə baxış
olub.
Mayın 31-dək
davam edəcək sərgidə Tur Heyerdalın həyat və fəaliyyətini əks etdirən posterlər, ekspedisiyalar zamanı istifadə olunan avadanlıq nümayiş etdirilir.
Mədəniyyət.-
2012.- 2 mart.- S. 5.