Çiçək
ömründən çox uzun
Ötən illərin mahnıları
Və
ya 48 il solmayan “Lalə”
Baharda çölləri, düzləri bəzəyən
al qırmızı qara xallı lalənin adını Azərbaycan
musiqisində yaşadan «Lalə» qızlar ansamblını, yəqin
ki, tanımayan yoxdur. Şərqin qadınlardan ibarət ilk
xalq çalğı alətləri ansamblı olan və
düz 48 il eyni təravət və rayihədə
qalan «Lalə» həm də musiqi mədəniyyətimizdə
yenilik idi.
Gənc
qızların bu kollektivin tərkibində böyük səhnələrə
çıxması, populyarlıq və şöhrət qazanması,
təbii ki, böyük zəhmət və peşəkar əməyin
nəticəsi idi. Bunun öhdəsindən
gəlmək isə musiqiyə ruhən bağlı olan,
ömrünü sənətə həsr edən şəxsə
nəsib olardı. Tale bu missiyanı gözəl tar
ifaçısı, Xalq artisti Ceyran xanım Haşımovaya
vermişdi.
78 illik ömrünün 55 ilini sənətə
həsr edən Ceyran Haşımovanın yaratdığı
"Lalə" qızlar ansamblının bir vaxtlar ölkəmizin
hüdudlarından çox-çox uzaqlardan gələn
sorağı, indi də efir-ekrandan səslənən lent
yazıları insanda xoş təəssürat oyadır. Beləcə illər, onilliklər keçməsinə
baxmayaraq, sənət təravətini itirməyən «Lalə»
musiqi tariximizdə öz izini qoydu. Özü də milli
ifaçılıq sənətimizə Mahrux Muradova, Nəzakət
Məmmədova, Təranə Vəlizadə, Nisə
Qasımova, Kəmalə Rəhimova, Firuzə İbadova, Ruhəngiz
Allahverdiyeva, Zöhrə Abdullayeva, Rəhilə Bəndəliyeva,
Yaqut Abdullayeva, Sahibə Əhmədova kimi neçə-neçə
istedadlı müğənniləri bəxş etməklə.
Amma
bu bir arzu idi
Asəf Zeynallı adına
Musiqi Texnikumunda (indiki Musiqi Kolleci) tar sinfində dərs deyən
və aparıcı musiqi kollektivlərindən birində
çalışan Ceyran xanımın bir arzusu var idi: Azərbaycanın
qadınlardan ibarət xalq çalğı alətləri
ansamblını yaratmaq. İstedadına, enerji və
qətiyyətinə inanan Ceyran xanım bilirdi ki, bu işin
öhdəsindən gələcək. Xəyalında yaradacağı
ansamblı canlandırırdı - eyni geyimli, boy-biçimli
gözəl qızlar, böyük səhnələr, sonsuz
tamaşaçı alqışları, gül-çiçək
dəstələri...
Onun belə bir arzuda
olması gənc musiqiçi qızlar arasında da maraqlı
bir canlanma yaratdı. Çoxları bu
ansamblda yer almaq, onun tərkibində sənətə
atılmaq istəyirdi.
O illərə
bir də qayıtsaq...
Qayıtdıq da.
Bu günlərdə özünün 78,
qurub-yaratdığı «Lalə» qızlar ansamblının 48
yaşını qeyd edən Xalq artisti Ceyran
Haşımovanın bələdçiliyi ilə. O, ötənləri
eyni hərarət və sevgi ilə ən xırda
detallarınadək xatırladı, yaddaşlarda xoş xatirəyə
çevrilən anları yenidən yaşadı,
yaşatdı.
«1952-ci ildə Asəf Zeynallı adına Musiqi Texnikumunu əlaçı diplomu
ilə bitirdiyimə görə, məni orada müəllim
saxladılar. Tələbələrimin
arasında qızlar da vardı. Bu elə bir vaxt idi ki,
musiqi sənətində qızlar hələ az
idi. Buna qədər isə mən Səid Rüstəmovun rəhbərlik
etdiyi xalq çalğı alətləri orkestrində tar
ifaçısı idim. O, orkestrin nəzdində
sazçı qızlar dəstəsi yaratmaq istəyirdi. İfama qulaq asandan sonra məni həmin qrupa dəvət
etdi. 1959-cu ildə Azərbaycan Dövlət
Teleradio Komitəsinin xalq çalğı alətləri
orkestrinin saz qrupuna qəbul edildim. Qrupda 4
sazçı qız vardı, mən də qrupun konsertmeysteri
idim. Həmin il Moskvada keçirilən
mədəniyyət dekadasında mən də iştirak
etmişəm. Elə onda ağlıma bir fikir gəldi
ki, görəsən, yalnız qızlardan ibarət ansambl
yarada bilərəmmi? Bir dəfə dərsdə
fikrimi tələbə qızlara deyəndə, onlar bunu bəyəndilər.
1964-cü il idi. Beləliklə,
mən bu istiqamətdə işə başladım. Əvvəlcə
Asəf Zeynallı adına Musiqi
Texnikumundakı kamança çalan qızları bu ansambla dəvət
etdik. Sonra bir qarmonçalan qız da tapdıq».
Adı «Lalə» olsun, amma solmasın
Ansamblın ilk musiqi
məşqlərinin birində kollektivə ad qoymaq zərurəti
meydana çıxır. Ceyran xanım
çoxdan bəri qəlbində yaşatdığı “Lalə”
adını təklif edir. Qızlar
böyük məmnuniyyətlə güllər gözəlinin
adı altında toplaşmağı qəbul edirlər.
Həmin gündən etibarən «Lalə»nin
gərgin məşqləri başlayır. Özü
də konsert proqramlarının televiziyada canlı
yayımlanmasını və heyətin ilk
çıxışının hamı tərəfindən
diqqətlə izlənəcəyini nəzərə alaraq gecə-gündüz
məşq edirdilər.
“...Həyat yoldaşım rəhmətlik
Mirhaşım Haşımov özü də musiqiçi idi.
Musiqi Texnikumunda skripkadan dərs deyirdi. Bütün iş-gücünü atıb mənə
dəstək oldu. 1965-ci ildə ansamblı tam
formalaşdırandan sonra Dövlət Televiziya və Radio
Komitəsinin sədri Ənvər Əlibəyliyə
müraciət edib dedim ki, belə bir ansambl yaratmışam,
çox istərdim bizə qulaq asın, mümkündürsə,
bu kollektivi teleradionun nəzdinə qəbul edin. Beləliklə, tar, kamança, qarmon və
nağaradan ibarət ansambl ilk solistlərimiz Zümrüd Həmidova
və rəhmətlik Suğra İbrahimova ilə Ənvər
Əlibəylinin qarşısında çıxış
etdi. Ənvər müəllim ifamıza
qulaq asandan sonra bizi təbrik etdi və teleradionun nəzdinə
qəbul etdi».
«Sənə
də qalmaz»
Qəlbində
yaratdığı «Lalə»yə ürək yandıran Ceyran
xanım fikrində yanılmamışdı. İlk konsert baş tutdu, özü də
böyük uğurla. O günləri yenidən
xatırlayırıq: “Qısa zamanda ansamblın üzvlərinin
sayı artdı. 1966-cı ilin fevralın 22-də
ilk dəfə radioda çıxış etdik. Ələkbər Tağıyevin "Xızı
dağları" və Tofiq Quliyevin "Sənə də
qalmaz" mahnılarını ifa etdik”.
Nəhayət, o
gün yetişdi. Ansambl 8 Mart - Beynəlxalq
Qadınlar Günündə ekrana çıxdı,
tamaşaçılara gözəl musiqi çələngi bəxş
edərək sənətə vəsiqə qazandı. Həmin konsertdən sonra "Lalə" qızlar
ansamblının şan-şöhrəti ellərə
yayıldı.
Ansambl 1966-cı ildən
1971-ci ilə qədər Azərbaycan Dövlət Televiziya və
Radio Komitəsinin nəzdində fəaliyyət göstərib.
Qastrollara çıxmaq üçün
kollektiv 1971-ci ildən Dövlət Filarmoniyasının nəzdində
fəaliyyət göstərməyə başlayıb. 1978-ci ildə Dövlət Konsert Birliyi yaranandan sonra
isə kollektiv bu qurumun tərkibində (1992-ci ilədək)
yer alıb.
İlk olmağın həyəcanı
Azərbaycanda
qızların musiqiyə kütləvi gəlişini,
xüsusən də adət etmədiyimiz, bir növ
qadınlara yad görünən alətlərdə ifa etmə
ənənəsini də böyük ekrana, çoxminli
tamaşaçılara bu ansambl təlqin etdi desək,
yanılmarıq. Düzdü, el şənliklərində,
xüsusən də Bakı toylarında qadınlardan ibarət
üçlüklər çıxış edirdilər.
Amma bütöv bir ansamblın bütün alətlərində
qızların ifası bir ilk idi. Bəlkə də elə
«Lalə»nin uğurunun bir səbəbi də
bu idi. Ceyran xanım ifaçı qızların ansambla ilk gəlişini,
o günlərin həyəcanını bu gün də
unutmur: “İlk vaxtlar qızların valideynlərini razı
salmaq müşkülə çevrilirdi. Amma
kollektivin populyarlaşmasından sonra valideynlər özləri
qızlarını bu ansamblda görmək istəyirdi, hər
qastrol səfərində neçə-neçə gənc
qızı bizə təqdim edirdilər.
Ansamblın ilk
qarmonçalanı Leyla Şıxıyeva idi. Hazırda Zığ qəsəbəsində
yaşayır. İlk
tarçalanlarımdan öz tələbəm olan Təcrübə
Sultanova hazırda Sumqayıt Musiqi Kollecinin müəllimidir.
Kamançaçalan Almaz xanım sonradan ailə
qurub dəstəmizdən ayrıldı. Onlardan
heç biri indi ansamblda yoxdur. Çünki o vaxtdan 48 il keçib, amma 25-30 il mənim ansamblımda
işləyən xanımlar da olublar. Misal
üçün, müğənni Rəhilə Bəndəliyeva
32 ildir bizim ansamblda çalışır. 48 ildə yüzlərlə istedadlı azərbaycanlı
qızı bizim ansamblda yetişib, sonradan müstəqil olaraq
sənətə həyata atılıblar. Qızlar ərə gedəndən sonra mən
onları başqaları ilə dəyişirdim. Həmin qızların böyük əksəriyyəti
müxtəlif musiqi məktəblərində dərs deyirlər.
Çünki bəziləri ərə gedəndən
sonra həyat yoldaşları ansambla gəlməyə onlara
imkan vermədi. Özünüz bilirsiniz
ki, o dövrdə qızların musiqiçi olması
çox çətin idi».
Bir əsgərin
son arzusu
Ansamblın artan
şöhrəti ölkə sərhədlərini də
aşdı. Artıq azərbaycanlı
qızların sorağı keçmiş SSRİ ölkələrini
dolaşırdı. İttifaqın
ayrı-ayrı şəhərlərindən kollektivin
ünvanına saysız məktublar, dəvətlər gəlməyə
başladı. Hər kəs bu
çiçək çələngini xatırladan
qızların ifasını canlı izləmək, konsertlərinə
tamaşa etmək istəyirdi. Elə bu istəklə də
«Lalə» diyar-diyar dolaşmağa, Azərbaycanın xalq və
bəstəkar musiqilərini, muğam və təsniflərini
təbliğ və tərənnüm etməyə
başladı: «Ansambl dili, mədəniyyəti, musiqisi fərqli
olan xalqlar arasında qırılmaz dostluq əlaqəsi yarada
bildi. İlk səfərimiz dost Mahaçqalaya oldu. Orada bizi böyük sevgi ilə
qarşıladılar. Sonra Xarkov, Rostov, Qroznı,
Stavropolda olduq, tamaşaçılar qarşısında
böyük məhəbbətlə çıxış edərək
zəngin mədəniyyətimizi təbliğ etdik. Sonra SSRİ respublikalarından Özbəkistan,
Türkmənistan, Belarusda çıxışlar etdik, Əfqanıstanda,
digər xarici ölkələrdə olduq. Bu missiyamızı vətənimizin çətin
günlərində də davam etdirdik. Qarabağ
müharibəsinin ən ağrılı məqamlarında,
döyüşlərin ən qızğın vaxtlarında cəbhə
bölgələrində, səngərlərdə,
düşmənlə üz-üzə dayanan əsgərlərimiz
qarşısında çıxışlar etdik. Bir gözümüz ağlasa da, bir
gözümüz güldü. Bir dəfə
tonqal ətrafına toplaşıb bizi dinləyən əsgərin
dediyi «Ceyran xanım, bir «Tərəkəmə» ifa edin,
sümüyümüzü sındıraq e. Bəlkə
heç yarım saatdan sonra həyatda olmadıq» sözləri
hələ də qulaqlarımdadır. Bax
«Lalə» o ağrıları da keçib, o istəkləri də
gerçəkləşdirib. Çünki
bu ansambl Azərbaycan qadınının adı, ünvanı,
rəmzi idi».
Bakının qaragözlü qızları...
Ansamblın
ifasında təqdim olunan xalq və bəstəkar
mahnıları, muğam və təsniflər tez bir zamanda
populyarlaşmağa başladı. Artıq
bəstəkarlar sırf bu heyət üçün
mahnılar yazırdılar. Cahangir Cahangirov, Ramiz
Mirişli, Emin Sabitoğlu, Telman Hacıyev, Oqtay Kazimi kimi bəstəkarların
yaradıcılıq məhsulu olan «Ay qız», «Lalələr»,
«Küsüb məndən», “Bakının
qızları”,«Mavi» kimi mahnılar sevilməyə, dillər əzbəri
olmağa başladı. Dünya xalqlarının da
mahnılarını ifa edən ansamblın solistləri
arasında Reyhan Müslümova hind, Mahrux Muradova və Firuzə
İbadova fars mahnılarının
ifaçıları kimi də tamaşaçı
yaddaşında iz qoydu. Hər birinin ayrı
tamaşaçı auditoriyası, ayrı bir səhnə
cazibəsi, istedad və fərdi yaradıcılıq
üslubu olan bu qızlar «Lalə»dən pərvazlanaraq Azərbaycan
musiqi mədəniyyətində öz adlarını
yazmağa nail oldular.
Həmidə
Nizamiqızı
Mədəniyyət.-
2012.- 7 mart.- S. 12.