20 ilin “Bəxt üzüyü

 

   “Kərbəlayi, bunların nazıyla çox oynayırsan a”, “Söhbət sosiskada deyil, vnimatelni olmaqdadır.”, “Nə var e, Ələsgər, Ələsgər”, “Yolüstü qayınanamçun “Detski mir”dən kolqotka alarsan”....və

  

   Uzunmüddətli bir sükut... O sükut ki, Azərbaycan kinosunda daha tamaşaçının gündəlik aforizminə çevriləcək ekran əsərləri yaranmadı. 1991-ci ildə bu sükutu Vaqif Səmədoğlunun eyniadlı əsəri əsasında quruluşçu-rejissor Ramiz Əzizbəylinin “Bəxt üzüyü” filmi (ssenari müəllifləri Vaqif Səmədoğlu, Ramiz Əzizbəyli, Orxan Fikrətoğlu) pozdu.

   Bu filmin ekranlara çıxmasından sonra “Moşu, eqologiya budur”, “Bolşe zəhrimara”, “Amma müharibədə yaxşı vurmusuz ha” kimi ifadələr dillər əzbərinə çevrildi.

   20 il bir igidin ömrüdür. Deməli, film özünün əsl laçın dövrünü yaşayır. Laçın dövrünü yaşayan filmin müəllifi və oyunçuları ilə söhbətimiz isə ekran əsərinin görünməyən tərəfləri barədə oldu. Çünki bu film hər zaman tamaşaçıda komik hisslər yaratsa da, tragikomik tərəfləri ilə insanı hər zaman düşündürür. Filmin quruluşçu-rejissoru Xalq artisti Ramiz Əzizbəyli: “Artıq filmin ərsəyə gəlməsindən 20 il ötüb. Film öz sözünü deyib, ayaq tutub yeriyib, tamaşaçısını toplayıb. Hər bir yaradıcı iş rejissorun övladıdır. Mən də bu filmi ərsəyə gətirdim, cəmiyyətə təqdim etdim. “Bəxt üzüyü” filmini tərbiyəli, ağıllı və əsl kişi kimi böyüyən oğlan uşağına bənzədirəm. Cəmiyyət mənim bu övladımı qəbul etdi. Bütün insanların əsl dəyəri cəmiyyət arasında üzə çıxdığı üçün bu işim də cəmiyyət tərəfindən qəbul olunubsa, demək, onun haqqında danışmağa dəyər. Film özünü müsbət şəkildə sübut etdi. Onu da bildirim ki, hər hansı bir əsərin kökündə mahiyyət yoxdursa, o əsər mənasızdır. Düşünürəm ki, film haqqında elmi dildə bir fikir yazılması gərəkdir. Burada elə sözlər, akademik sirlər var ki, əsas obraza çevrilə bilir. Muxtar Maniyevin yaratdığı obraz neçə-neçə əsərin mövzusudur. Moşu fikirlərini sözlə ifadə edə bilmir. Niyə görə? Moşunun “xoşbəxtliyə” qafiyə tapmamasının səbəbi onun söz bazasının kasadlığından irəli gəlmir, burada əsas səbəb Moşunun özünün xoşbəxtliyin nə olduğunu bilməməsidir. Moşunun dərdini başa düşən bir kəs varsa, o da Hüseyndir. Çünki bu insanların hər ikisi xoşbəxtliyin nə olduğunu bilmirlər. Üzük bu filmdə konkret məna kəsb etmir. O, illər uzunu bir-birini aldadaraq yalanlarla yaşayan insanların iç üzünü açır. Çalışmışdıq ki, bu filmdə müəllifin fəlsəfəsini çatdıra bilək. Xalqın bu filmə olan məhəbbəti isə hər bir detalın düzgün tapılıb öz yerinə qoyulmasından irəli gəlir. Filmdə əməyi olan hər kəsə minnətdaram”.

   Filmin baş qəhrəmanlarından birini - Sara obrazını yaradan Gülşad Baxşıyeva bu gün Mədəniyyət və İncəsənət Universitetinin aktyor sənəti kafedrasının professorudur. 20 ildən sonra filmə baxışı birmənalı deyil. Deyir ki, filmə 20 il əvvəlki nəzərlərlə baxmır: “İndi film daha çox xoşuma gəlməyə başlayıb. Elə obrazlar var ki, əvvəllər bu obrazlara gülürdüm, amma indi gülmürəm. İllər öncə görmədiyim nüansları indi görürəm. Düşündürücü filmdir, dərin qatlarında faciə var. Fəlsəfi fikirlərlə zəngindir. Vaqif Səmədoğlunun hər cümləsi böyük bir təhlil obyektidir”.

   Hüseyn obrazının ifaçısı Əməkdar artist Ayşad Məmmədov 20 ildən sonra filmə baxanda gəncliyini yadına saldığını deyir: ”Bu film mənim kino sahəsində debütüm olub. Çəkilişlər zamanı Ramiz Əzizbəylidən bir çox məqamları öyrənə bildim. Bu gün də film öz aktuallığını saxlayıb. Kədərlənirəm ki, bu gün Tanrıbəy dayı rolunun ifaçısı olan müəllimim, aktyor, rejissor Nəsir Sadıqzadə aramızda yoxdur. Film çəkiləndə qürrələnirdi ki, mən tələbəsi kimi onunla birlikdə filmdə yer almışam”.

   Xalq artisti Rəfael Dadaşov (Rasim): “Bu gün çox şükür edirəm ki, “Bəxt üzüyü”ndə mən də çəkilmişəm. Bu film mənim üçün bir tapıntı oldu. Məhz Rasim rolunda yer almağım da Ramiz Əzizbəylinin rejissor intuisiyasının nəticəsi idi. Afaq xanım kimi aktrisamızın yer aldığı bir film, əlbəttə ki, müvəffəqiyyət qazanmalı idi. Film məişət-insan problemləri üzərində cərəyan etsə də, komediya kimi təkrarsızdır.

   Xalq artisti Valeh Kərimov (Moşu) filmə çoxdandır ki, baxmadığını bildirdi. Çünki öz işlərinə tez-tez dönüb baxmağı xoşlamır: “Baxanda isə öz rolumda çatışmayan yerləri görürəm, sonra fikirləşirəm ki, əgər xalq tərəfindən bu qədər sevilibsə, bəyənilibsə, demək, belə də olmalı idi. Üzdə komediya olsa da, dərdi çox olan bir əsərdir. Söylü və Moşu bir-birinə nə dərəcədə sadiq olsalar da belə, Moşunun bədbəxtliyi istedadsız olduğunu bilə-bilə özünə yüksək qiymət verməsidir”.

   Söylü rolunun ifaçısı, sevimli aktrisa, Xalq artisti Afaq Bəşirqızı isə belə dedi: “Filmi izləyəndə daha çox nostalji hisslər yaşayıram. Həmin illər, çəkiliş anları yadıma düşür. Şəxsən özümə aid olan anları xatırlayıram. Keyfiyyətli bir iş ortaya çıxdığı, filmin geniş tamaşaçı sevgisi qazandığı üçün sevinirəm. “Qara qaya” assosiasiyası bu filmə dəstək oldu, film çəkildi və Söylü tarixə düşdü. Düşünürəm ki, aktyorun ən böyük bədbəxtliyi hər hansı bir rola möhür vurub arxayın olmasıdır. Bu zaman o düşünür ki, bir rol oynadı, sözün dedi və bitdi. Bütün yaradıcılığını bir rola qurban verir. Amma belə olmalı deyil. Aktyor hər zaman axtarışda olmalıdır”.

   Filmin 20 illik yubileyi həm Ramiz Əzizbəylinin sənətə gəlişinin 55 illiyi ilə üst-üstə düşdüyü üçün rejissor bu günlər ikiqat bayram əhvalındadır. Rejissor işində əsas amillərdən biri aktyor yaradıcılığıdır. Əgər aktyor yaratdığı rolu düşünüb hiss etmirsə, onda rejissorun işi bir o qədər uğurlu alına bilməz. Ramiz Əzizbəyli rejissor olaraq filmə dəvət etdiyi aktyorları tam dəqiqliyi ilə görmüş ekran əsərinin müvəffəqiyyət qazanmasında bu fakt danılmazdır. Öz növbələrində aktyorlar da rollarının duyğu hisslərini dərindən yaşadıqları üçün film tamaşaçıların belə böyük rəğbətini qazana bilib. İllər keçəcək, neçə-neçə 20 illər arxada qalacaq, nəsillər bir-birini əvəz edəcək, “Bəxt üzüyü”nün qəhrəmanları isə həmişə eyni yaşda qalıb tamaşaçıları güldürəcək düşündürəcək...

  

 

   Lalə Azəri

 

   Mədəniyyət.- 2012.- 7 mart.- S. 11.