Onlar
birinci olmuşlar
Teatr və kino tariximizdə ilk cığırlar
açmış, milli incəsənət salnaməmizə
böyük töhfələr vermiş bir çox sənətkarlar
bu öncüllüyün müqabilində zamanında təqiblərə,
təhdidlərə məruz qalmışlar.
Rejissor H.Seyidzadənin çəkdiyi “Dəli Kür” filmində rus Əhmədlə Çernyayevskinin kənd uşaqlarını Qori seminariyasına oxumağa göndərmək barədə kəndlilərlə söhbətini tamaşaçılar, yəqin ki, xatırlayırlar. O illərdə qoçular və fırıldaqçı mollalar ziyalıları təqib edir, onları normal fəaliyyət göstərməyə qoymurdular. Buna görə də bəziləri avam camaatın gözündən düşməmək üçün şəraitlə hesablaşır, bu vacib işdən yaxalarını kənara çəkirdilər. Rejissor Anarın “Üzeyir ömrü” bədii televiziya filmindəki gənc çayçını misal göstərmək kifayətdir. Həmin çayçı oğlan “Leyli və Məcnun” operasında Leyli rolunda çıxış etməyə razılıq verir. Lakin ilk çıxışdan sonra səhnəyə çıxmaqdan imtina edir. Onun yerini aktyor Əhməd Ağdamski tutur və bütün tamaşalarda qadın rollarının mahir ifaçısı kimi tanınır.
Görkəmli ədib C.Məmmədquluzadə bu çətin vəziyyəti görüb yazırdı: “Təəccüblü işdir ki, hələ indiyə kimi də eləyə bilmirik ki, teatr işində də özgə millətlərə möhtac olmayaq. Hələ müsəlman xanımlarının səhnəyə çıxması qalsın kənarda... Allahın kişiləri də teatrdan qaçırlar, oynamaqdan qaçırlar”.
Mirzə Cəlilin ürək ağrısı ilə yazdığı bu sətirlərdə böyük bir həqiqət vardı. Yenə də “Üzeyir ömrü” filmindən epizodu - opera və vokal sənəti xadimi Şövkət Məmmədovanın ilk dəfə səhnəyə çıxarkən qoçuların onu öldürmək istəməsini yada salaq. Aktyorlar bu cavan qızı səhnə arxasına aparıb arxa qapıdan gizli şəkildə elə qaçırdırlar ki, heç kim xəbər tuta bilmir.
Kinoda da vəziyyət buna oxşar
idi. Buna görə də XX əsrin əvvəllərində
Azərbaycanda bədii kino yarananda qadın rollarını
qeyri-millətlərdən olan qadınlar və azərbaycanlı
kişilər ifa edirdilər. Məsələn, 1915-ci ildə
Bakıda çəkilmiş “Neft və milyonlar səltənətində”
bədii filmində Şəfiqə rolunu K.Piontkovskaya, Cəlilin
anasını Y.Orlitskaya oynamışlar. 1916-cı ildə istehsal
olunmuş “Arşın mal alan” kinokomediyasında Asya və
Telli rollarını A.Olenskaya və Y.Olenskaya bacıları,
digər qadın rollarını isə kişilər - Ə.Ağdamski
(Gülçöhrə) və Yunis Nərimanov (Cahan xala) ifa
etmişlər.
Hətta Azərbaycanda sovet hakimiyyəti
qurulandan sonra da filmlərdə yenə də qeyri-millətlərdən
olan qadınlar çəkilirdilər. Yalnız 20-ci illərin
sonundan ilk milli kinoaktrisalar ekranda görünməyə
başladı. Beləliklə, 1928-ci ildə
yaradılmış “Hacı Qara” kinokomediyasında Heydərin
anası Tükəz rolunda Mərziyə Davudova, Sonanın
anası rolunda isə Əzizə Məmmədova çəkilmişlər.
Teatrdan gəlmiş hər iki sənətkarı
həm də ilk milli kino aktrisaları hesab edə bilərik.
Bu aktrisalar sonralar da filmlərə çəkilərək,
Azərbaycan kino tarixində özlərinə layiq iz
qoymuşlar. Təəssüflər olsun ki, hər iki aktrisa
bu gün unudulanlar siyahısına düşüb.
Əzizə Məmmədova 1892-ci
ildə Tiflis şəhərində ziyalı ailəsində
anadan olmuşdur. O, ilk təhsilini atasından, məşhur
xanəndə Əbdülbağı Zülalovdan
almış, Bakıya köçəndən sonra Əli
Bayramov klubunun fəal üzvlərindən biri olmuş,
qızı Sona xanımla birgə dram dərnəyinin
hazırladığı tamaşalarda iştirak etmişdir. Əzizə
xanım əvvəllər Bakı Azad Tənqid-Təbliğ
Teatrında, Bakı Türk İşçi Teatrında,
1933-cü ildən ömrünün sonuna kimi isə Azərbaycan
Dövlət Dram Teatrında fəaliyyət göstərmişdir.
İstedadlı aktrisa filmlərə
də çəkilmişdir. 1934-cü ildə “İsmət”
filmində (rej. M.Mikayılov) Səmədin anası,
hökmlü və hikkəli qayınana obrazını
ustalıqla yaratmışdır. Qayınana gəlinin
uşağı olmadığını görüb oğlunu
ikinci dəfə evləndirməyi qərara alır. Toy gecəsi
birinci gəlin bu təhqirə dözməyib özünü
yandırır. Qayınana - Ə.Məmmədova isə
heç nə olmamış kimi toy edib gəlin gətirir.
Aktrisa bütün film boyu qəhrəmanının qeyri-insani
keyfiyyətlərini - kobudluğunu, mənəviyyatındakı
boşluğu, əzazilliyini, laqeydliyini açıb göstərir.
Bundan başqa, Əzizə
xanım 1936-cı ildə istehsal olunmuş “Almaz” filmində
(rej. A.Quliyev, Q.Braginski) Almazın himayədarı, onun yeni
fikirlərini həyata keçirməyə
çalışan, yeni həyat quruculuğunun fəal
iştirakçısı, kənd qadını Telli,
1940-cı ildə “Yeni horizont” filmində (rej. A.Quliyev,
Q.Braginski) Fatma, 1942-ci ildə rejissor A.Quliyevin “Vətən
oğlu” filmində qəhrəmanın anası, rejissor
T.Tağızadənin “Görüş” filmində (1955)
Kamilin anası, 1958-ci ildə rejissor H.İsmayılovun çəkdiyi
“Ögey ana” filmində Solmaz və digər filmlərdə
irili-xırdalı müxtəlif xarakterli rollar
oynamışdır.
Əzizə xanımın
qızı Sona Hacıyeva 1907-ci ildə Şəkidə
doğulmuş, 1919-cu ildə anası ilə birgə Bakıya
köçmüş, burada təhsilini davam etdirmişdir.
1920-ci ildən həyatını səhnəyə bağlayan
Sona xanım 200-ə qədər tamaşada oynamış və
maraqlı obrazlar qalereyası yaratmışdır.
Vaxtilə böyük dramaturq
C.Cabbarlı “Səhnədə qadın” məqaləsində
Sona xanım haqqında yazmışdır: “Azərbaycan
qadınlarının gənc kollektivi içərisindən
irəli çəkilmiş bir qüvvətli fiqura da aktrisa
Sona xanımdır. Sona xanım anası Əzizə
xanımla teatra çocuq ikən gəlmişdir... Şura səhnəsi
10 il müddətində vücudca kiçik və zəif
olan qızcığazdan böyük bir aktrisa fiquru
yetişdirmişdir”.
Xalq artisti S.Hacıyeva bir sıra
filmlərdə, o cümlədən “Bəxtiyar”da (rej. L.Səfərov,
1955) Zəhra, “Qızmar günəş altında” filmində
(rej. L.Səfərov, 1957) kənd qadını rollarında
çəkilmişdir. Onun “Bəxtiyar” filmində
yaratdığı Zəhra surəti ən yaxşı ekran
işlərindən biridir.
SSRİ Xalq artisti Mərziyə
Davudova Azərbaycan teatrının və kinosunun ən populyar
sənətkarlarından biri olmuşdur. O, 1901-ci ildə Həştərxanda
dünyaya göz açmış, ilk təhsilini burada
almış, səhnə fəaliyyətinə 1917-ci ildə
dram dərnəyində başlamışdır. 1920-ci ildə
Mərziyə xanım Bakıya köçmüş, Akademik
Dram Teatrında yaradıcılıq fəaliyyətini davam
etdirmişdir.
M.Davudova 1928-ci ildən filmlərə
çəkilmiş, kino aktrisası kimi də məşhurlaşmışdır.
Kinoda əsasən müxtəlif xarakterli ana rollarında
çıxış etmişdir: “Hacı Qara”da (rej. A.M.Şərifzadə),
“Bir ailə”də (rej. T.Aleksandrov, İ.Xeyfis, M.Mikayılov,
1943) ana, “Bakının işıqları”nda (rej. R.Təhmasib,
A. Təhmasib, A.Zarxi, 1950) Anaxanım, “Bəxtiyar”da (rej. L.Səfərov,
1955) Gülbadam (Bəxtiyarın anası), “Bir məhəllədən
iki nəfər”də (rej. Ə.İbrahimov, İ.Qurin, 1957) Əhmədin
anası Fatma, “Əsl dost”da (rej. T.Tağızadə, 1959) Sənəm,
“Koroğlu”da (rej. H.Seyidzadə, 1960) dayə və s.
C.Cabbarlının kino
üçün kəşf etdiyi İzzət Orucova onun iki
filmində - “Sevil”də (rej. A.Beknazarov, 1929) Sevil, “Almaz”da (rej.
A.Quliyev, Q.Braginski) Almaz rollarında çəkilmişdir.
İzzət xanım filmlərə çəkiləndə
indiki Neft Akademiyasının tələbəsi idi. O vaxtlar
onun qarşısında iki yol dururdu: özünü elmə
həsr etmək və ya aktrisa olmaq. O, birinci yolu seçir,
kimya üzrə görkəmli alim, elmlər doktoru, akademik,
professor olur. Onu bütün dünya tanıyır.
İzzət Orucovanın filmlərdə
yaratdığı Sevil və Almaz obrazları milli kino
tariximizdə əhəmiyyətli yer tutur.
Azərbaycan kinosunun ilk
kinoaktrisalarından biri də Xalq artisti, görkəmli
müğənni Həqiqət Rzayevadır. Həqiqət
xanım kiçik yaşlarından Lənkəranda qadın məktəbində,
1923-cü ildən isə Bakıda Pedaqoji Texnikumda təhsil
alarkən musiqili tamaşalarda çıxış
etmişdir. O, Azərbaycan Dövlət
Konservatoriyasının muğam şöbəsində
oxumuş, Opera və Balet Teatrının solisti olmuşdur.
H.Rzayeva rejissor M.Mikayılovun “Lətif”
filmində (1930) ögey ana, “İsmət” filmində (1934) gəlin,
rejissor A.Quliyevin “Dostlar” filmində (1934) ana, rejissor
H.İsmayılovun “Ögey ana” filmində (1958) Qəmər nənə
rollarında oynamış və Azərbaycan
qadınlarının təbii, koloritli obrazlarını
yaratmışdır.
Xalqımızın sevimli sənətkarlarından
biri də SSRİ xalq artisti Hökümə Qurbanovadır. O,
1913-cü ildə Bakıda ziyalı ailəsində anadan
olmuş, Bakı Pedaqoji Texnikumunu bitirmiş, daha sonra
Ü.Hacıbəyli adına Azərbaycan Dövlət
Konservatoriyasının fortepiano şöbəsində təhsil
almışdır.
Maraqlıdır ki, görkəmli
sənətkar H.Qurbanova aktyorluq fəaliyyətinə 1935-ci
ildə C.Cabbarlı adına “Azərbaycanfilm”
kinostudiyasında başlamış və bir ildən sonra
“Almaz” filmində Yaxşı rolunda çəkilmişdir. Bu
filmdəki uğurundan sonra o, Akademik Dram Teatrına dəvət
olunmuşdur. Bir müddətdən sonra Hökümə
xanım teatrda mürəkkəb xarakterli surətlər
yaratmaqla istedadlı bir sənətkar kimi məşhurlaşmışdır.
Professor M.Məmmədov
aktrisanın sənəti ilə bağlı
yazmışdır: “Onun oyunu adətən hissin dərinliyi,
fikrin böyüklüyü, iradənin mətinliyi ilə səciyyələnir.
Buna görə o öz tamaşaçılarını ram etməyi,
təsir altına almağı, onların fikrinə hakim
olmağı bacarır. Bu cəhətdən onda Ərəblinski,
Abbas Mirzə, Mərziyə xanım sənətinin odu və
qığılcımları vardır”.
Təəssüflər olsun ki,
kinematoqrafçılarımız bu böyük sənətkarın
istedadından kifayət qədər yararlanmayıblar. Bununla
belə, az da olsa filmlərə çəkiblər. O,
1943-cü ildə “Bir ailə” filmində Leyla, 1959-cu ildə
“Onu bağışlamaq olarmı?” filmində Kəmalə,
1961-ci ildə “Həyat öyrədir”də həkim, 1963-cü
ildə “Əmək və qızılgül”də Bikətu,
1967-ci ildə “İnsan məskən salır” filmində
Şamama rollarında çıxış etmişdir.
Dublyajın pioneri kimi H.Qurbanova
1937-ci ildə dublyaj olunmuş “Çapayev” bədii filmində
Anka rolunu Azərbaycan dilində səsləndirmişdir.
Sonrakı illərdə kinomuzda çalışan qadınların sayı xeyli çoxalmışdır. Haqqında ətraflı söhbət açdığımız qadın sənətkarlarımızın hər birinin kinoda gördüyü işlər isə bu gün də unudulmayıb. Çünki o dövrlərdə ekrana, səhnəyə çıxmaq heç də adi məsələ deyildi. Bu qadınlar milli kino sənətimizin ilk qaranquşları oldular.
Aydın Kazımzadə
Mədəniyyət.-
2012.- 7 mart.- S. 10.