Azərbaycanın
turizm imkanları Litvada
nümayiş etdirilib
Martın 2-dən 4-dək Litvanın paytaxtı
Vilnüsdə “Vivattur-2012” Beynəlxalq turizm, idman və asudə
vaxt sərgisi keçirilib.
“Litexpo” sərgi mərkəzində
təşkil olunan tədbirdə dünyanın 17 ölkəsindən
(Xorvatiya, Çexiya, Estoniya, Latviya, Polşa, Türkiyə, BƏƏ,
İndoneziya, İsrail və s.) 192 turizm şirkəti təmsil
olunub. Sərgidə Azərbaycan Respublikası Mədəniyyət
və Turizm Nazirliyinin nümayəndə heyəti də
iştirak edib. Burada ölkəmizin turizm potensialının təqdim
olunması məqsədilə 25 kvadratmetrlik sahə icarəyə
götürülüb. Azərbaycan stendi sərgi
iştirakçılarına və ziyarətçilərə
təqdim etmək üçün ingilis və rus dillərində
20 adda müxtəlif növ reklam-çap məhsulları, eləcə
də digər təbliğat materialları ilə təmin
olunub.
“Visus Plenus” şirkəti tərəfindən
təşkil olunan sərginin təntənəli
açılış mərasimində Litvanın iqtisadiyyat
nazirinin müavini Dalmantas Latinskas, Dövlət Turizm
Departamentinin direktoru Raymonda Balnene iştirak ediblər. Qeyd
olunub ki, “Vivattur” sərgisi hər ötən il daha çox
iştirakçı və qonaq cəlb edir. Turizm və fəal
idmanla maraqlanan, Litva və digər ölkələrdə
maraqlı vaxt keçirmək istəyən insanların sərgiyə
marağı durmadan artır.
Açılış mərasimində
Litvada akkreditasiya olunmuş diplomatik korpusların nümayəndələri,
o cümlədən Azərbaycanın Litvadakı səfiri Həsən
Məmmədzadə iştirak ediblər.
Qeyd edək ki, Azərbaycanın Mədəniyyət
və Turizm Nazirliyi ikinci dəfədir ki, “Vivattur” sərgisində
iştirak edir. Tədbirdə iştirak edən Mədəniyyət
və Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyevadan
aldığımız məlumata görə, sərginin ilk
günlərindən ölkəmizin stendinə geniş ziyarətçi
marağı hiss olunub. Sərgiyə gələnlər Azərbaycanın
görməli yerləri, hotelləri və turizm obyektləri
ilə tanış olurlar. Litva mətbuatı artıq həm
də “Eurovision” ölkəsi kimi tanınan Azərbaycanın
turizm potensialına və mədəni dünyasına
yaxından maraq göstərir.
Azərbaycan Respublikasının
stendinə ölkəmizin Litvadakı səfiri Həsən Məmmədzadə
də baş çəkib. Səfir Litvada Azərbaycana
çox böyük marağın olduğunu, iki ölkə
arasında mədəni əlaqələrin uğurla
inkişaf etdiyini, turizm sahəsində əməkdaşlıq
üçün də geniş potensial olduğunu
vurğulayıb.
Mədəniyyət.-
2012.- 7 mart.- S. 9.