Turizm haqqında” yeni qanun layihəsi ictimai müzakirədə

 

   Mütəxəssislər hesab edirlər ki, yeni qanun turizmin tarazlı inkişafının təmin edilməsində önəmli rol oynayacaq

  

   Məlum olduğu kimi, “Turizm haqqında” yeni qanun layihəsi bir müddət əvvəl ictimaiyyətin müzakirəsinə təqdim olunub. Bir aya yaxındır ki, Mədəniyyət və Turizm Nazirliyinin internet saytında (mct.gov.az) yerləşdirilən qanun layihəsi ilə bağlı müxtəlif təşkilatlardan, mütəxəssislərdən rəy və təkliflər daxil olmaqdadır.

  

   Qeyd edək ki, ölkəmizdə turizm haqqında hazırda qüvvədə olan qanun 1999-cu ildə qəbul olunub. Ötən müddətdə turizm sektorunun inkişafı, eləcə də dünya turizmində baş verən yeniliklər bu sahəyə dair yeni qanunun hazırlanmasını zəruri edib. Yeni qanun layihəsinin hazırlanmasında məqsəd Azərbaycanda turizm sahəsində yaranan ictimai münasibətlərin kompleks şəkildə tənzimlənməsi, turizm xidmətlərinin müasir standartlara uyğunlaşdırılması və Azərbaycan turizm bazarının dünya turizm bazarına inteqrasiyasının təmin edilməsidir.

   Yeni qanunun qəbulu Azərbaycanın turizm qanunvericiliyi ilə Avropa standartları arasındakı fərqlərin aradan qaldırılmasına yardım edəcək, Dünya Turizm Təşkilatının qərar və tövsiyələrinin Azərbaycanda tətbiqinə və ölkə qanunvericiliyinə implementasiya edilməsini sürətləndirəcək. Sənədin qəbulu ilə turizm sahəsində xidmətlərin keyfiyyəti artacaq, turizm infrastrukturu yeniləşəcək, bu sahəyə investisiya qoymaq imkanları genişlənəcək və turizm sənayesi daha da inkişaf edəcək.

  

   Yeni qanun Azərbaycanın turizm ölkəsi kimi imicini yüksəldəcək

  

   Millət vəkili, parlamentin İqtisadi siyasət komitəsinin üzvü Əli Məsimlinin fikrincə, yeni qanunun qəbulu Azərbaycanın turizm ölkəsi kimi imicinin yüksəlməsinə xidmət edəcək: “1999-cu ildə qəbul edilmiş “Turizm haqqında” qanun Azərbaycanda turizmin inkişafının hüquqi bazası rolunu oynayıb. İndi yeni bir mərhələ - 2010-2014-cü illəri əhatə edən Dövlət Proqramına uyğun surətdə, habelə ötən il ölkəmizdə elan olunan “Turizm ili”ndə qarşıya qoyulan vəzifələr kontekstində yeni konsepsiyada turizmin inkişaf etdirilməsinə ehtiyac var. Bu isə müvafiq normativ-hüquqi aktlarda öz əksini tapmalıdır. Ona görə də hesab edirəm ki, «Turizm haqqında» yeni qanun həm ölkədə turizmin tarazlı inkişafının təmin edilməsinə, qeyri-neft sektorunda bu sahənin rolunun artmasına, həm də ümumilikdə Azərbaycanın dünyada müsbət imicinin formalaşmasına xidmət edəcək”.

  

   Yeni layihə köhnə qanunun aktual müddəalarını özündə saxlayıb

  

   AHİK-in Turizm və Ekskursiyalar Şurası sədrinin müavini Sabir Rəhimov 1999-cu ildə qəbul edilən qanunun turizmin inkişaf etdiyi ölkələrin təcrübəsindən yararlanaraq hazırlandığını və bu qanunun o dövr üçün aktual bir qanunvericilik sənədi olduğunu bildirdi: “Bu qanuna əsasən, turizm sahəsində indiyə qədər bir çox önəmli işlər görülüb. Amma bu sənəd indiki tələblərə cavab vermir. Hazırlanmış yeni qanun layihəsi isə çoxşaxəlidir və turizmin yeni-yeni istiqamətlərini, növlərini əhatə edir, sahibkarlara daha çox imkan yaradır. Bu layihənin ictimaiyyətin müzakirəsinə verilməsi təqdirəlayiq haldır. Güman edirəm ki, turizm şirkətlərinin, hotellərin, turizm fəaliyyəti ilə məşğul olan ayrı-ayrı qurumların rəhbərləri bu müzakirələrdə yaxından iştirak edəcəklər».

   Azərbaycan Turizm İnstitutunun Turizmin təşkili və texnologiyası kafedrasının müdiri, dosent Bahadur Bilalovun sözlərinə görə, qanunvericilikdə bir varislik məsələsi var və «Turizm haqqında» yeni qanun layihəsində də bu prinsip qorunub: «İndiyə kimi heç bir qanunu kənara atıb yenisini yazmayıblar. Layihədən də göründüyü kimi, əslində köhnə qanun əsas kimi saxlanılıb və ona əlavə və düzəlişlər edilib. Bu, normal haldır. Zaman keçdikcə bu və ya digər qanuna əlavə və düzəlişlər edilməlidir. Digər tərəfdən, mövcud qanun hazırlanarkən də nəzərdə tutulmuşdu ki, bu bir çərçivə qanunu olacaq, müxtəlif turizm növləri və formaları, turizm təşkilatları və onların birlikləri haqqında ayrı-ayrı qanunlar hazırlanacaq. Yeri gəlmişkən, qardaş Türkiyədə və digər ölkələrdə bu praktika var. Fikrimcə, əlavə və düzəlişlərdən sonra bu bir çərçivə qanunu statusu daşımalıdır”.

   BMT-nin İnkişaf Proqramının Azərbaycanda turizmin inkişafı layihəsinin milli koordinatoru Faiq Qürbətov da «Turizm haqqında» yeni qanun layihəsinin turizm ictimaiyyətinin müzakirəsinə verilməsini müsbət hal kimi qiymətləndirdi: “Bunun bir neçə üstünlüyü var. Birincisi, bu halda layihəyə yeni təkliflər və bəndlər əlavə olunur. İkincisi, turizm şirkətləri qəbul edilən sənədə özlərinin də iştirakı ilə hazırlanmış sənəd kimi baxacaqlar və ona riayət edilməsində daha məsul olacaqlar.

   Mən istərdim ki, yeni qanunda birbaşa istehlakçıların hüquqlarının müdafiəsi ilə bağlı bəndlər də əks olunsun. Eyni zamanda turoperator və turizm agenti məfhumları da ayrı-ayrılıqda əksini tapsın. Çünki əks halda kiçik və böyük şirkətlərə fərq qoyulmur. Bu məsələ qanunla tənzimlənməlidir”.

  

   Qanun layihəsi Dünya Turizm Təşkilatına göndəriləcək

  

   Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin müdir müavini-Daxili turizmin inkişafı sektorunun müdiri Mahir Qəhrəmanovun sözlərinə görə, qanun layihəsi ictimaiyyətin müzakirəsinə verildikdən sonra müxtəlif təşkilatlardan, mütəxəssislərdən təkliflər daxil olmaqdadır: “Layihə hazırlanan zaman həm turizm, həm də hüquq sahəsində çalışan insanların fikirləri, müvafiq nazirliklərin tövsiyələri nəzərə alınıb. Amma yenə də proses davam edir. Mən istəyərdim ki, daha çox təkliflər gəlsin. Turizm sahəsində böyük təcrübəsi olan mütəxəssislərin təkliflərini gözləyirik. İstəyərdik beynəlxalq hüquq normalarına uyğun olaraq hüquqşünaslarımız da öz rəylərini bildirsinlər. Ona görə də hər kəsi bu işdə fəal olmağa dəvət edirik».

   M.Qəhrəmanov qeyd etdi ki, layihə ilə bağlı daxil olan bütün təkliflər sistemləşdiriləcək və mütəxəssislərlə məsləhətləşdikdən sonra layihəyə əlavə ediləcək: “Sonra layihəni Dünya Turizm Təşkilatına göndərəcəyik. Bu qurumun da tövsiyə və rəylərini aldıqdan sonra layihəni müvafiq qurumlara təqdim edəcəyik”.

  

 

   Fəxriyyə Abdullayeva

 

   Mədəniyyət.- 2012.- 7 mart.- S. 9.