2012-ci ilin xalq yaradıcılığı paytaxtları

 

   Xəbər verdiyimiz kimi, Mədəniyyət və Turizm Nazirliyinin “2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları” proqramına uyğun olaraq 2012-ci il üçün Gədəbəy “Azərbaycanın Əfsanələr Paytaxtı”, Quba “Azərbaycanın Sənətkarlıq Paytaxtı”, Masallı isə “Azərbaycanın Folklor Paytaxtı” elan edilib. Qeyd olunan proqram Azərbaycanın qeyri-maddi mədəni irsinin qorunması, xalq yaradıcılığının təbliği-təşviqi istiqamətində aparılan islahatların davamı olaraq milli folklor ustaları və kollektivlərinin, sənətkarların, milli adət-ənənələrimizin, eyni zamanda respublikanın şəhər və rayonlarının beynəlxalq səviyyədə tanıdılması, daxili və xarici turizmin inkişafı məqsədilə həyata keçirilir.

  

   2012-ci ilin “xalq yaradıcılığı paytaxtları” elan olunmuş Gədəbəy, Masallı və Quba şəhərlərində il ərzində nominasiyalara uyğun olaraq təntənəli mərasimlərin, konfransların, dəyirmi masaların, konsertlərin, müsabiqələrin, festivalların, sərgilərin, infoturların və sair tədbirlərin təşkili nəzərdə tutulub.

  

   Əfsanələrlə dolu məkan

  

   Azərbaycanın dilbər guşələrindən biri, Bakıdan 440 km məsafədə, Kiçik Qafqazın orta və yüksək dağlıq zonasında yerləşən Gədəbəy...

  

   Ölkəmizdə ən qədim insan yaşayış məskənlərindən biri olan bu bölgə təbii gözəllikləri, qədim maddi-mədəni irs nümunələri ilə özündə çoxsaylı əfsanələr yaşadır. Ərazidə olan qədim abidələr eramızdan əvvəl XII-VII əsrləri əhatə edən Xocalı-Gədəbəy mədəniyyətinin bir hissəsi kimi tariximizə daxil olub. Bu sırada tunc dövrünün sonuna aid siklopik tikililəri, Böyükqala, Qalakənd qalası (XVI əsr), Qız qalası (IX əsr), XIX əsrdə tikilmiş tağlı körpü və s. qeyd edə bilərik. Rayon ərazisində «Gədəbəy dəfinələri» adı ilə məşhur olan, içərisində müxtəlif qiymətli əşyalar, boyunbağılar və bəzək nümunələri, gümüş sikkələr olan qədim küplər tapılıb. Bu sikkələr Səfəvi şahı Təhmasibin hakimiyyətdə olduğu dövrdə (1524-1576) zərb edilib.

   Gədəbəy rayonunun Qala kəndi ərazisində, yüksək dağlıq yerdə tikilmiş qala möhtəşəmliyi ilə diqqət çəkir. Tikilinin xalq qəhrəmanı Koroğlunun istinadgahlarından biri olduğu bildirilir.

   Gədəbəydə məşhur «Qızılça» yasaqlığı və 4 təbii abidə - Qovdu, Gödəkdərə, Qamış və Şamlıq meşə massivləri var. Keçidərəsi yarğanında gözəl bir şəlalə, Keçi-keçi, Cərcə, Cüyür və Ayı bulaqları, eləcə də Çaldaş, Qızılca, Narzan, Mor-mor mineral su mənbələri bu yerlərə xüsusi gözəllik verməklə yanaşı, bölgənin səfalı məkan kimi şöhrətini çox-çox uzaqlarda yayıb.

   Rayonun dağ, meşə və dərələrində heyvanat və bitki aləmi çox zəngindir. Şəmkir çayında balıq tutmaq üçün yaxşı şərait var. Qalakənd kəndinin yaxınlığında balıqçılıq təsərrüfatı fəaliyyət göstərir. Romantik səyahətləri xoşlayanlar üçün rayonda maraqlı piyada marşrutları da var.

   Rayonda xalq sənəti növlərindən tikmə, xalçaçılıq, ağac və metal üzərində oyma geniş yayılıb. Bu əfsanəvi məkan tarixən özünün aşıqları, saz-sənət ustaları ilə tanınıb. Gədəbəy aşıqları qədim saz-söz sənətimizi nəsildən-nəslə ötürərək yaşadırlar.

  

   Qədim sənətkarlar yurdu

  

   Qədim sənətkarlıq mərkəzi, yaşı ilk orta əsrlərə gedib çıxan Quba...

  

   Bu məkanın tarixi haqqında qədim alban və ərəb mənbələrində, Avropanın müxtəlif coğrafiyaşünaslarının əsərlərində bəhs olunur. XI əsrdə Azərbaycan hakimi Anuşirəvanın tikdirdiyi qalanın adı "Bade-Firuzqubat" idi, XII əsrə aid ərəb mənbələrində Quba "Kuba" kimi göstərilirdi, XIII əsrdə ərəb alimi Həməvinin coğrafiya lüğətində Azərbaycan şəhərləri arasında "Kubba" da olub, XVI əsrin səfəvi qaynaqlarında isə Quba "Qübbə" kimi verilmişdir. Bəzi mənbələrdə bu diyar ərazidən axan Qudyalçayın adı ilə bağlı olub Quda adlanır. Quba şəhərinin ilk təməl daşı XIV əsrdə qoyulub. XVIII əsrin ortalarında Quba xanlığı yaradılıb, onun mərkəzi əvvəl Xudat, sonra isə Quba şəhəri olub.

   Quba tarixən həm də özünün sənətkarları və gözəl sənət nümunələri ilə tanınıb. Ötən əsrin 60-cı illərində Utuq kəndinin ətrafında tapılmış pul sikkələri XII-XIII əsrlərdə zərb edilib. Bu pullar Şirvanşahların hakimiyyətdə olduğu dövrə aiddir. Utuqda XIX əsrə aid bir neçə bina, o cümlədən özünəməxsus arxitekturaya və bəzəyə malik olan məscid və bir neçə yaşayış evi də bu qədim məkanın peşəkar sənətkarlarından xəbər verir. Bölgəyə səfər edən turistlərin xüsusi marağına səbəb olan Xınalıq kəndində atəşpərəstlər məbədi, Ağbil kəndindəki səkkizguşəli məqbərə, yerli əhali arasında müqəddəs sayılan Pirbənövşə ziyarətgahı da bu qəbildəndir.

   Özünəməxsus xalçaçılıq məktəbi ilə tanınan Quba mədəniyyətimizə zaman-zaman öz töhfələrini bəxş edib. Xalçalarının bəzəyini həndəsi naxışlardan ibarət ornamentlərin stilizə edilmiş nəbati, bəzən isə heyvan motivləri təşkil edir. Qubada toxunan «Çiçi», «Ağgül» və «Pirəbədil» xalçaları Azərbaycanın ən gözəl xalçalarındandır. 1712-ci ildə toxunmuş «Qollu Çiçi» xalçası hazırda Nyu-Yorkdakı «Metropoliten» muzeyində saxlanılır.

  

   Folklor diyarı

  

   Folklorumuzun nümunələrini yaşadan, onu bir nəsildən digər nəslə ötürən Masallı...

  

   Bu ərazidə qədim insanlar 15-20 min il bundan əvvəl yaşayıb. Abbasqulu ağa Bakıxanovun "Gülüstani-İrəm", Mirzə Seyidəli Kazımbəy oğlunun "Cavahirnameyi Lənkəran", salnaməçi Mirzə Əhməd Mirzə Xudaverdi oğlunun "Əxbarnamə" əsərlərində, həmçinin bir sıra Avropa və rus səyyahlarının səyahət qeydlərində Masallının tarixinə dair qiymətli məlumatlar əksini tapıb.

   "Masallı" coğrafi adının meydana gəlməsi haqqında bu vaxta qədər bir çox mülahizə və rəvayətlər söylənilib. Bəzi tarixi mənbələrdə bu toponim "məsəlli-məsəl çəkilən yer, məsəl çəkənlər" mənasında səciyyələndirilir. Masallı sözünün "Mosullu" sözündən yaranması da ehtimal edilir. Digər mənbələrdə bu torpaqlarda Masal adlı bir xanın yaşadığı və onun şərəfinə Masallı adlandırıldığı bildirilir. "Azərbaycanın coğrafi adları" kitabında (müəlliflər R.Yüzbaşov və Ş.Sədiyev) "Masallı-Masal nəslinə mənsub" şəklində qeyd olunub. Bəzi tarixi mənbələrdə qeyd olunur ki, yaşayış məntəqəsinin sakinləri İranın "Masal" əyalətindən köçüb gəldiklərindən bu yer Masallı adlandırılıb.

   Rayonun Ərkivan, Hişkədərə, Boradigah, Hacıtəpə, Şəhriyar, Xırmandalı, Mahmudavar, Çaxırlı, Ərəb, Qızılağac, Qəriblər, Öncəqala, Köhnə Alvadı və s. kəndlərinin yaxınlığında qədim şəhər, qala kurqanı, türbə məqbərə yerləri aşkar edilib. Bu ərazilərdən tunc, dəmir, antik və orta əsrlər dövrünə aid xeyli miqdarda maddi-mədəniyyət nümunələri toplanıb. Həmin eksponatlar Masallı (Hişkədərə) Tarix-Diyarşünaslıq Muzeyində mühafizə olunur.

   Masallı özünəməxsus xalq sənəti nümunələri ilə tanınır. Musaküçə kəndində toxunan həsirlər, Türkoba kəndində hazırlanan baş yaylıqları, Ərkivan kəndinin dulusçuluq məhsulları, dağ kəndlərində toxunan xalçalar, corablar, əlcəklər, Qəriblər, Kolatan və Sığdaş kəndlərində milli naxışlarla bəzədilən ağac məmulatları bu qəbildəndir.

   Rayon zəngin folkloru, xalq musiqisi və rəqsləri ilə də tanınır. 1959-cu ildən fəaliyyət göstərən «Halay» rəqs ansamblı da qədim rəqslərimizi və folklorumuzu təbliğ edir. Qeyd edək ki, Masallı şəhərinin “Azərbaycanın Folklor Paytaxtı” elan edilməsi çərçivəsində bu məkanda beynəlxalq folklor festivalının keçirilməsi də nəzərdə tutulub.

   Masallı Şəhər Mədəniyyət və Turizm Şöbəsinin müdiri Lətifə Mövsümovanın sözlərinə görə, iyun ayında keçirilməsi planlaşdırılan festivalda Bolqarıstan, Kanada, İtaliya, İran, Türkiyə, Ukrayna, Özbəkistan, Gürcüstan və s. ölkələrdən folklor kollektivlərinin iştirakı gözlənilir. Festival çərçivəsində əyləncə proqramları, el sənətkarlarının əl işlərindən ibarət sərgilər də təşkil olunacaq.

   Masallı şəhərinin bu il üçün “Azərbaycanın Folklor Paytaxtı” elan edilməsi ilə əlaqədar olaraq bölgədə daha bir festival TÜRKSOY-la birgə keçiriləcək. Festivalda Orta Asiya xalqlarının folklor kollektivlərinin iştirakı nəzərdə tutulur.

  

 

   Mehparə

 

   Mədəniyyət.- 2012.- 7 mart.- S. 8.