Azərbaycan-Almaniya turizm əlaqələri müzakirə olundu

 

   Martın 2-də Alman-Azərbaycan İqtisadi Birliyi (DAWF) iki ölkə arasında turizm əlaqələrinə həsr olunmuş tədbir keçirdi.

  

   Tədbirdə çıxış edən DAWF-ın idarə heyətinin sədri Aleksandr Androviç bu əlaqələrin inkişafından söz açaraq ötən il Azərbaycan təmsilçilərinin Almaniyada keçirilən “Eurovision” mahnı müsabiqəsində qələbəsindən sonra bu ölkədə Azərbaycana marağın daha da artdığını vurğuladı. Hazırda Bakıda alman mütəxəssislərin də iştirakı ilə “Eurovision” müsabiqəsinin keçirilməsi üçün möhtəşəm bina tikildiyini nəzərə çatdıran A.Androviç ”Ümid edirik ki, yarışma müddətində Bakıya nəinki Almaniyadan, Avropanın bir çox ölkələrindən gələn qonaqlar buranı özləri üçün kəşf edəcəklər”, - dedi.

   O, ötən il Bakıda “Kempinski”, “Hilton” kimi dünya markalı hotellərin açıldığını və bu işin 2012-ci ildə də davam edəcəyini bildirdi. Həmçinin Azərbaycanın regionlarında böyük turizm imkanlarının olduğunu qeyd etdi.

   Tədbirdə çıxış edən Mədəniyyət və Turizm Nazirliyi Aparatının rəhbəri Firudin Qurbanov ölkəmizdə turizm sektorunun mövcud vəziyyəti və əsas inkişaf istiqamətləri haqqında danışdı. Qeyd olundu ki, turizm bu gün ölkədə qeyri-neft sektorunun ən prioritet sahələrindən biridir: “Azərbaycanın coğrafiyası, təbiəti, tarixi-mədəni irsi zəngin turizm potensialı yaradır. Azərbaycanda 6300-dən çox tarixi abidə mövcuddur. Onların arasında dünya əhəmiyyətli abidələr var. Bu sırada Qobustan tarixi qoruğu, İçərişəhər, Qız qalası, Şirvanşahlar sarayı, Atəşgah məbədi və digərlərini sadalamaq olar. Qədim sənətkarlıq nümunəmiz - xalçaçılıq, musiqi nümunələrimizdən muğam, aşıq sənəti UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Xalqımızın qədim bayramlarından Novruz da bu siyahıdadır. Azərbaycanın çox zəngin mətbəxi də turistlərin diqqətini cəlb edir”.

   Azərbaycan dövlətinin turizmin inkişafına çox böyük diqqət yetirdiyini deyən natiq hazırda Mədəniyyət və Turizm Nazirliyi tərəfindən “2010-2014-cü illər üçün turizmin inkişafına dair Dövlət Proqramı”nın icra olunduğunu, 2011-ci ilin ölkə Prezidenti tərəfindən “Turizm ili” elan edildiyini və bu çərçivədə çoxsaylı tədbirlərin həyata keçirildiyini bildirdi. F.Qurbanov 2011-ci ildə Azərbaycana gələn turistlərin, eləcə də ölkədə turizm və istirahət mərkəzlərinin, hotellərin sayının artdığını nəzərə çatdırdı.

   Qeyd olundu ki, Azərbaycanda 2006-cı ildə 288 hotel və yerləşdirmə obyekti var idisə, 2011-ci ildə bu rəqəm 515-ə çatıb: “Bu hotellərin 70 %-i bölgələrin payına düşür. Bu da onu göstərir ki, tək mərkəz, paytaxt deyil, regionlarda da turizm inkişaf edir”.

   Aparat rəhbəri bu gün turizm sahəsində həyata keçirilən ən böyük layihələrdən biri - Şahdağ qış-yay turizm kompleksinin inşası barədə də danışdı. Layihədə Avstriya, Almaniya şirkətlərinin iştirak etdiyini diqqətə çatdırdı. Bu gün Avropada iqtisadi cəhətdən ən güclü ölkələrdən olan Almaniya ilə turizm sahəsində əməkdaşlığın vacibliyini qeyd edən F.Qurbanov martın 7-11-də Berlində keçiriləcək beynəlxalq turizm sərgisində ölkəmizin turizm imkanlarının da nümayiş olunacağını bildirdi.

   Almaniya səfirliyinin nümayəndəsi Peter Ziegler müştərək layihələrin həyata keçirilməsindən danışdı. Tədbirdə həmçinin Alman-Azərbaycan İqtisadi Birliyinin yeni üzvləri təqdim olundu.

  

 

   Reyhan İsayeva

 

  Mədəniyyət.- 2012.- 7 mart.- S. 6.