Turizm mövzusunda dörd yeni nəşrin təqdimatı
keçirildi
Martın
2-də «Atropat» hotelində turizm sahəsindən bəhs edən
dörd yeni kitabın təqdimatı keçirildi.
Tədbirdə Mədəniyyət
və Turizm Nazirliyi Turizm şöbəsi müdirinin
müavini-Daxili turizmin inkişafı sektorunun müdiri Mahir Qəhrəmanov,
BMT-nin İnkişaf Proqramının Turizmin
İnkişafı Layihəsinin milli əlaqələndiricisi
Faiq Qürbətov, nazirliyin mətbuat katibi, «Mədəniyyət»
qəzetinin baş redaktoru İntiqam Hümbətov, AHİK-in
Turizm və Ekskursiyalar Şurasının sədr müavini
Sabir Rəhimov, Azərbaycan Turizm Assosiasiyası sədrinin
müşaviri Müzəffər Ağakərimov, mətbuat və
turizm ictimaiyyəti nümayəndələri iştirak edirdilər.
Tədbirdə
çıxış edən F.Qürbətov bildirdi ki, Azərbaycanda
turizm təhsili sahəsində mövcud olan elmi ədəbiyyat
boşluğunu doldurmaq üçün son zamanlar bu sahədə
çalışan peşəkar mütəxəssislər tərəfindən
bir sıra kitablar tərtib edilib. Onun sözlərinə
görə, təqdimatı keçirilən “Beynəlxalq
turizmdə işlədilən termin və
anlayışların izahlı lüğəti”, “Beynəlxalq
turizm hüququ”, “Turizm sektorunda çalışanlar
üçün məlumat kitabçası” və “Turizmin
davamlı inkişafı yerli planlaşdırma üzrə
mütəxəssislər üçün vəsait”
kitabları da bu sahədə çalışanlar
üçün faydalı vəsait olacaq.
Sabir Rəhimov müəllifi olduğu
və “Mədəniyyət” qəzetinin layihəsi əsasında
Azərbaycan və ingilis dillərində çap edilmiş
“Beynəlxalq turizmdə işlədilən termin və
anlayışların izahlı lüğəti”ndə 3 mindən
artıq termin və anlayışın izahının
verildiyini bildirdi. Kitabda turizm fəaliyyəti, müştəri
xidməti, turların satışı, marketinq, menecment, qiymətləndirmə,
bronlaşdırma, ödəmə, yerləşdirmə və
qidalanma müəssisələri, xidmət keyfiyyəti və
mədəniyyəti və s. mövzularda terminlər, turizm
sahəsində işlədilən abbreviatura, aviaşirkətlərin,
şəhər və aeroportların beynəlxalq İATA
kodları, istifadə olunan ədəbiyyat siyahısı
verilib.
BMT-nin Turizmin İnkişafı
Layihəsinin dəstəyi ilə nəşr edilən «Beynəlxalq
turizm hüququ» kitabı isə dərs vəsaiti kimi nəzərdə
tutulub. Kitabın müəllifi Bakı Dövlət
Universitetinin hüquq fakültəsinin müəllimi Əmir Əliyev
bildirdi ki, nəşrdə turizm sahəsində əməkdaşlığın
beynəlxalq hüquqi tənzimlənməsinin (beynəlxalq
turizm hüququnun) nəzəri və praktiki məsələləri
əksini tapıb.
Tədbirdə digər kitablar haqqında da məlumat verildi. Qeyd edildi
ki, Mədəniyyət
və Turizm Nazirliyinin dəstəyi ilə çap edilmiş kitabların hər biri turizm
sahəsini dərindən
bilən mütəxəssislər
tərəfindən hazırlanıb.
Mədəniyyət və Turizm
Nazirliyi Turizm şöbəsi müdirinin
müavini-Daxili turizmin
inkişafı sektorunun
müdiri Mahir Qəhrəmanov Azərbaycanda
turizm sahəsinə yeni töhfələr verəcək bu nəşrlərin çap
edilməsini yüksək
qiymətləndirdi və
belə layihələrə
Mədəniyyət və
Turizm Nazirliyi tərəfindən həmişə
dəstək veriləcəyini
qeyd etdi.
«Mədəniyyət»
qəzetinin baş redaktoru İntiqam Hümbətov qeyd etdi ki, rəhbərlik
etdiyi mətbu orqanda turizm sahəsində baş verən yeniliklər müntəzəm olaraq işıqlandırılır, bu sahədə çalışan mütəxəssislərin
fikir və mülahizələrinə geniş
yer verilir. O, turizm mütəxəssislərini
bundan sonra da öz fikirlərini
qəzetin səhifələrində
bölüşməyə dəvət etdi.
F.Abdullayeva
Mədəniyyət.-
2012.- 7 mart.- S. 6.