“Azərbaycanfilm”
kinostudiyasının yeni saytı təqdim
olundu
Martın 2-də “Nizami” Kino Mərkəzində Cəfər
Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının yeni
saytının təqdimatı keçirildi. Təqdimatda mədəniyyət
və turizm nazirinin müavini Ədalət Vəliyev, ölkənin
tanınmış kino xadimləri iştirak edirdilər.
Mərasimdə ilk olaraq
www.azerbaijanfilm.az saytı haqqında məlumat verildi. Saytda üç dildə (Azərbaycan, rus və ingilis) Azərbaycan kinosunun tarixinə aid materiallar toplanıb. Burada son illər çəkilən
Azərbaycan filmləri
haqqında məlumat,
istehsalatda olan filmlər, onların yaradıcı qrupları,
filmlərin texniki göstəriciləri ilə
tanış olmaq olar. Saytda həmçinin
milli kino yenilikləri, dünya kinosunda baş verən ən son məlumatlar yer alır. Veb ünvanda “Azərbaycanfilm”
kinostudiyasının fəaliyyəti,
ayrı-ayrı sexlər
(montaj, əlbəsə,
pirotexnika, səsyazma,
işıq) və pavilyonlar haqqında məlumat almaq mümkündür.
Tədbirdə
“Azərbaycanfilm” kinostudiyasının
direktoru Müşfiq Hətəmov son illər ölkəmizdə kino sənayesində görülən
işlərdən, Prezident
İlham Əliyevin müvafiq sərəncamı
ilə təsdiq edilmiş “Azərbaycan kinosunun 2008-2018-ci illər
üzrə inkişafına
dair Dövlət Proqramı”nın icrası ilə bağlı həyata keçirilən tədbirlərdən
danışdı. Kinoda gənclərə
geniş yer verildiyini nəzərə
çatdıran direktor
bu sahədə yeni peşəkar kadrlara ehtiyac olduğunu qeyd etdi. Kino sahəsinin
inkişafı üçün
hər bir kino xadiminin yeni layihələrlə müraciət etməsinin
vacibliyini vurğuladı.
Azərbaycanda kino sahəsinin
inkişafından söz
açan mədəniyyət
və turizm nazirinin müavini Ədalət Vəliyev yeni çəkilmiş ekran əsərlərinin müxtəlif beynəlxalq
tədbirlərdə, müsabiqələrdə
iştirak etdiyini, mükafatlar qazandığını
vurğuladı. Qeyd
olundu ki, Azərbaycan kino tarixində ilk dəfə
olaraq ölkəmiz ötən il
beynəlxalq Kann festivalında təmsil olunmuş, orada pavilyonumuz qurulmuş, kino xadimlərimiz müxtəlif tədbirlərə
qatılmışlar. Nazir
müavini bu il Kann kinofestivalında ölkəmizin
daha geniş proqramla təmsil olunacağını bildirdi.
Ə. Vəliyev müasir
standartlara cavab verən Dövlət Film Fondunun texniki-təchizatı
haqqında danışdı.
Ötən ilin sonunda “Nizami” Kino Mərkəzinin
açılmasının bu
sahədə növbəti
uğurlu addım olduğunu vurğuladı.
Nazir müavini qarşıdakı illərdə
həm Bakıda, həm də regionlarda müasir kinoteatrların istifadəyə
veriləcəyini dedi:
“Kino sahəsində ən
ciddi məsələlərdən
biri də kinonun təbliği, regionlarda yayım məsələsidir. Həm dünya
filmlərinin, həmçinin
son illər istehsal olunan yerli filmlərin
nümayişi olduqca vacib məsələdir”.
Reyhan İsayeva
Mədəniyyət.-
2012.- 7 mart.- S. 4.